COVID-19 xəstələri necə qidalanmalıdır?- BUNLARI YEMƏYİN
05 may 2021 12:02 (UTC +04:00)

COVID-19 xəstələri necə qidalanmalıdır?- BUNLARI YEMƏYİN

Bütün dünya üzrə COVID-19 pandemiyasına qarşı mübarizə ilə məşğul olan tədqiqatçı alimlər, həkim – infeksionistlər, virusoloqlar, ümumiyyətlə, mütəxəssislər bildirirlər ki, düzgün qidalanma, normal yuxu rejimi, gigenik qaydalar koronavirusun müalicəsini tezləşdirən mühüm amillərdən biridir.

Bəs, koronavirus xəstələri (Covid-19) necə bəslənməlidir? Covid-19 testinin cavabı müsbət çıxanlar koronavirusla mübarizədə nə yeməlidirlər? Koronavirusla mübarizədə hansı qidalardan çəkinmək lazımdır?

Lent.az hər kəsi maraqlandıran bu suallara cavab tapmağa çalışıb.

Həkim Aytən Quluyeva Lent.az-a açıqlamasında bildirib ki, düzgün qidalanmanın orqanizm üçün virusa qarşı mübarizə zamanı böyük əhəmiyyəti var.

“İlk növbədə qida rejiminin dəyişməsinə su ilə başlamaq lazımdır. Nəmli selikli qişalar virusa qarşı ilk maneədir. İçməli su minimum hər kiloqram üçün 30-40 ml nisbətində olmalıdır. Su otaq temperaturunda olmalıdır. Maye qəbuluna eyni zamanda bitki çayları, giləmeyvə və meyvə kompotlarıda aiddir”.

O bildirib ki, COVID-19 xəstələri adətən gündə 4-5 dəfə qidalanır.

“Onların qida rasionu bitki lifləri ilə (tərəvəz, göyərti, meyvə, giləmeyvə) zəngin olmalıdır. Koronavirus xəstələrinə efir yağları ilə zəngin olan meyvələr, həmçinin, kəskin ədviyyatlar, hisə verilmiş qidalar və duzlu qidaların verilməsi məhdudlaşdırılır. Bütün yeməklər bişirilmiş və ya buxara verilmiş halda olmalıdır. Xəstəyə yemək verilərkən nə qaynar, nə də çox soyuq olmamalıdır. COVID-19 xəstələrinə verilən mayelərin həcmi gün ərzində 1,5-2 litr artırılmalıdır. Həkim nəzarəti altında müxtəlif meyvə və tərəvəz şirələri, itburnu dəmləməsi, qurudulmuş giləmeyvə kompotu verilə bilər".

Həkim bildirib ki, kovid xəstələri duzlu yeməkləri rasiondan çıxartmalıdır:

“Yeməkdə duz azaldılmalıdır. Bu xəstəlikdə ən pis qidalar duzlu qidalardır. Şiriniyyat olmaz. Gündəlik enerjinin cəmi 5%-i şiriniyyatdan gəlməlidi. Əgər ürəyiniz şirin nəsə istəyirsə, təzə meyvə yeyin. Çalışın qızartma yeməklər yeməyəsiz, sulu yeməklərə üstünlük verin. Toyuq supunun qrip əleyhinə, iltihab əleyhinə təsiri var, antineytrofil təsiri soyuq xəstəliklərinin simptomlarını azaldır. Tərəvəzi artırın. Amma sizə köp verən qidaları yeməyin, tənəffüsünüz daha da çətinləşməsin. Evdə fiziki aktiv olun. Otaqda olsanız belə içəridə çoxlu gəzişməyə çalışın. Doşab, zoğal, moruq mürəbbəsi, kəklikotu çayını unutmayın. Yuxarıda yazdıqlarım yüngül və orta ağırlıqlı xəstələr üçündür”.

Qeyd edək ki, bir müddət öncə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası zamanı düzgün bəslənmə ilə bağlı tövsiyələrini açıqlamışdı. İlk növbədə sağlam qidalanmaya keçilməsi tövsiyə olunub. 

ÜST-ün tövsiyələrində də ilk növbədə immunitetin gücləndirilməsinə yönəlmiş qidalanmaya üstünluk verilir. Vitaminlərlə və mikroelementlərlə zəngin qidalar seçilməlidir. Qida rasionuna D vitamini ilə zəngin qidalar əlavə olunmalıdır. Orqanizmdə D vitamini çatmamazlığı immunitetin zəifləməsinə səbəb olur. Yaz  və yay aylarında açıq havada kifayət qədər vaxt keçirən insanlar bu vitamini lazımi qədər alırlar. Bu dövrdə orqanizm üçün vacib olan qida maddələrindən biri də zülallardır. Zulallar əsasən ət və ət məhsullarının tərkibində zəngindir. Amma orqanizm üçün yalnız heyvani zülallar deyil, bitki mənşəli zülallar da vacibdir. Ona görə də qida rasionuna bitki mənşəli zülallar da (dənli və paxlalı bitkilər) əlavə olunmalıdır. Bu dövrdə yağların qəbulu da mühümdür, xüsusilə kərə yağı. Eyni zamanda təbii antiseptik adlandırılan soğan, sarımsaq, zəncəfil kimi qida məhsullarından istifadə olunması məsləhət görülür.

ÜST enerjinin azalmasına, əhval - ruhiyyənin azalmasına, immunitetin zəifləməsinə və depresiv vəziyyətə səbəb olan sadə karbohidratların istifadəsindən imtina etməyi tövsiyə edir. Bunlara birinci növ buğda unu, ağ şəkər, qlükoza və meyvə siropları, tərkibində fruktoza olan bütün məhsullar aiddir. Eyni zamanda immunitetə mənfi təsir göstərən zərərli adətlərdən (siqaretçəkmə, alkoqoldan sui istifadə, qalyan və s) imtina etmək lazımdır.

Gigiyena qaydalarına və qidalanma rejiminə düzgün əməl olunarsa, xəstəliklə mübarizə aparmaq daha asan olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9045
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar