Antibiotiklər  bağırsaq iltihabı   riskini artırır - XƏBƏRDARLIQ
29 yanvar 2023 11:45 (UTC +04:00)

Antibiotiklər bağırsaq iltihabı riskini artırır - XƏBƏRDARLIQ


Antibiotiklərin tez-tez istifadəsi iltihablı bağırsaq xəstəliyinin (İBD) və xoralı kolitin inkişafını stimullaşdıra bilər. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu xüsusilə 40 yaşdan yuxarı insanlara aiddir. Son illər dünyada bu xəstəliklərin sayında artım müşahidə olunur.

Alimlər Danimarka vətəndaşlarının 2000-2018-ci illərdə toplanmış tibbi məlumatlarını təhlil ediblər. Ümumilikdə, 10 və yuxarı yaşda olan 6,1 milyondan çox insanın məlumatları nəzərdən keçirilib. Mütəxəssislər antibiotiklərin iltihabi bağırsaq xəstəliyinin inkişafına necə təsir göstərə biləcəyi ilə maraqlanıblar.

Təhlil göstərib ki, 91 faiz tədqiqat dövründə ən azı bir antibiotik kursunu tamamlayıb. Onların arasında təxminən 36 017 yeni xoralı kolit hadisəsi və 16 881 yeni crohn xəstəliyi (xroniki iltihablı bir xəstəlikdir-red.) diaqnozu qoyulub.

Tədqiqat müəllifləri antibiotiklərin istifadəsinin mədə-bağırsaq traktının zədələnməsi və iltihablı bağırsaq xəstəliyinin meydana gəlməsi riskini artırdığı və yaşla bu nümunənin yalnız daha əhəmiyyətli olduğu qənaətinə gəliblər.

“Antibiotiklərdən istifadə edən 10-40 yaşlı insanlarda iltihablı bağırsaq xəstəliyinin diaqnozu qoyulma ehtimalı 28 faiz daha çox olub. 40-60 yaşlı insanlarda oxşar ehtimal 48, 60 yaşdan yuxarı insanlarda 47 faiz yüksək olub.

Alimlər onu da qeyd ediblər ki, bu dərmanlardan uzun müddət istifadə etdikdən 1-2 il sonra bağırsaq xəstəlikləri ilə rastlaşmaq mümkündür. Bu patologiyaların ən yüksək riski bağırsaq infeksiyalarının müalicəsində tez-tez istifadə edilən və geniş spektrli antibiotiklər kimi tanınan nitroimidazollar və ftorxinolonlarla bağlıdır.

Mütəxəssislərin fikrincə, iltihablı bağırsaq xəstəliklərinin yaranmasında antibiotiklərin təsiri ilə bağırsaq mikrobiomunda baş verən mənfi dəyişikliklər əsas rol oynayır.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2361
avatar

Oxşar yazılar