Çin təbabətində dərman kimi istifadə olunan darçın şəkərli diabet, həzm problemləri və maddələr mübadiləsini tənzimləyən möcüzəli ədviyyat hesab olunur. Darçın pis xolesterinin səviyyəsini azaldır, yaxşı xolesterolu artırır. Göbələk, bakteriya və virusların səbəb olduğu xəstəliklərlə mübarizədə orqanizmin müqavimətini gücləndirir. Darçın çubuğunu suda qaynadaraq istifadə etmək olar. Darçın tozu isə bir çox meyvə və desertlərə dadlandırıcı olaraq əlavə edilir.
Lent.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov deyib: “Darçının ən üstün keyfiyyəti antidiabetik xüsusiyyətə malik olmasıdır. Hətta gələcəkdə tərkibində darçın olan dərman maddələrinin istehsalı üzərində düşünürlər. Şəkərə meyilliyi olanlara yeməklərin içində az miqdarda darçından istifadə etmək məsləhət görülür”.
Darçın bədəndəki sızanaqların çox sürətlə sağalmasına da kömək edir. 1 qaşıq darçın, 1 qaşıq limon suyu və 1 çay qaşığı qədər də zəncəfil tozu qarışdırılaraq istifadə ediləndə dəridə olan qara nöqtələrdən daha tez azad olmaq mümkündür.