"Bizi qurban verdilər"  -  “Pitti Caffe”-də “QIZQIZA”
11 dekabr 2014 12:30 (UTC +04:00)

"Bizi qurban verdilər" - “Pitti Caffe”-də “QIZQIZA”

Mən “Pitti Caffe”yə çatanda ofisiant barda əlindəki xüsusi bıçaqla balqabağı oyub, nə isə hazırlayırdı.

 

Sakit bir guşəyə çəkilib kofe ilə balqabağın arasındakı bağlılığı axtarmağa başlamışdım ki, günəş saçlı qonağım gəldi – telejurnalist, filologiya elmləri üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva.

 

Bu arada, bu görüşdə öyrənirəm ki, Zöhrə xanım rəssamlar və jurnalistlər ittifaqlarının da üzvüdür:

 

-  Zöhrə xanım, mən də gecə Teatr Xadimləri İttifaqına üzv olmuşam.

 

- (Gülür) Necə?

 

- 2005-ci ildə, teatrda çalışdığım vaxtlar hamıdan şəkil və ərizə almışdılar ki, “ittifaqa üzv olmaq lazımdır”. Ötən gecə üzvlük vəsiqəmi bacımla evə göndəriblər. Yəni 9 ildən, mən iki dəfə ixtisas dəyişəndən sonra. Amma sizin rəssamlığınız mənim üçün elə gecəki üzvlüyüm kimi sürpriz oldu.

 

- Mən televiziyada çalışdığım illərdə rəssamlarla bağlı çox verilişlər hazırlamışam, təhlil yazılarım çox olub. Rəssamlar da zəhmətimi qiymətləndirmək üçün məni İttifaqa dəvət etdilər. Sənətşünaslıq bölməsinə...

 

- Hə, bu başqa.

 

Sifarişlərimizi verib, söhbətə başlayırıq. Sovetlərin vaxtında təyinatla şəhərdən kəndə işləməyə gedən yaraşıqlı şəhər qızlarının taleyindən bəhs edən çox romanlar yazılıb. Onu dinlədikcə, sanki həmin romanlardan birinin qəhrəmanı qarşımda oturubmuş kimi hiss edirəm:

 

- Şamaxıda çox gözəl, ziyalı bir ailənin evində yaşayırdım, bu günə qədər də münasibətimiz qalır. Hərdən də  Qaravəlli kəndinə, işə, gedib-gəlirdim.

 

- İşə nə ilə gedirdiniz?

 

- O vaxtlar Qaravəlliyə ancaq öküz arabası ilə gedib çıxmaq mümkün idi. (Gülür)

 

- Əsil ekzotikadır ki!

 

- Hə, təsəvvür edirsiniz? (Gülür) İlk gündən də, Azərbaycan və rus dillərində nəşr olunan “Yeni Şirvan” qəzetində tərcüməçi-müxbir kimi çalışırdım.

 

- Tələbəlik illərində adam elə bilir ki, dünyanın problemlərinin çözülməsinə lap az qalıb. Elə diplomunu əlinə alan kimi, hər işi düzələcək. Belə böyük arzularla, ideyalarla oxuyan bir şəhər qızı diplomunu alar-almaz gedib düşür kənd mühitinə. Necə uyğunlaşdınız? Sizə çətin deyildi?

 

- Çətinliklər vardı. Əvvəla, Şamaxı mühiti kənd mühitindən çox fərqlənirdi. Yenə də mən bəzilərinin şəhərli qız haqqında stereotip düşüncələrini alt-üst etmişdim. Nədənsə onlara elə gəlirdi ki, şəhərli qızların işdən qayıdandan sonra qollarını çırmalayıb döşəmə yumaq, pəncərə şüşəsi silmək, yemək bişirmək adəti yoxdur. (Gülür)

 

- Və yəqin ki, tanıdıqca Şamaxıda bu şəhərli qızı evlərində gəlin kimi görmək istəyən adamlar da çox oldu...

 

- (Gülür) Hə, olub , olub... Hamının başına gələn işdir.

 

- Kənd həyatının əyləncəsi şəhərdəki qədər deyil. Yanınızda qohumlar, dostlar da yox idi. Darıxmırdınız?

 

- O həyat mənə də maraqlı gəlirdi. İlk dəfə idi evdən ayrı qalırdım və guya sərbəst yaşayırdım. Halbuki evdəkilərin hər addımımdan xəbərləri vardı. Bu necə olurdu, bilmirəm. Amma atam hər dəfə gələndə elə suallar verirdi ki, o saat bütün hadisələrdən xəbərdar olduğu məlum olurdu.

 

- Məsələn?

 

- Filan gün işdən kiminlə və saat neçədə qayıtmışam. (Gülür) Həm də kollektiv yaxşı idi, dostlaşmışdıq. İndi də xətir hörmətimiz var. Üstəlik boş vaxtım az olurdu, dost-tanışların uşaqlarına dərs deyirdim və kitablar, kitablar...

 

- O dövrün bir vaz keçilməzi də məktublar olub...

 

- Ooo, rəfiqələrimlə məktublaşırdıq. Bir də o vaxt Bakıda “Novıy mir” jurnalı çox oxunurdu. Mən, bir də Şamaxı rəsədxanasında işləyən bir alim o jurnala abunə idik. Hərdən jurnal it-bata düşəndə poçtdan gəlib xahiş edirdilər ki, sizin jurnalı ona göndərək, yoxsa bizi öldürər. (Gülür) Mən də vaxt istəyib səliqə ilə oxuyub göndərirdim.

 

- Qonaq siz, jurnalı alimə aparırdılar. Deyin ki, daha Şamaxılı olmuşdunuz.

 

- Hərdən müxbirlərimiz deyirdi ki, sən Şamaxının kəndlərinin adını bizdən yaxşı bilirsən. Doğrudan o şəhər, onun insanları ömürlük mənim həyatımın bir parçasına çevrildi.

 

- Mağazaları gəzə bilirdiniz?

 

- Əlbəttə! (Gülür) Bütün Şamaxı bilirdi ki, Bakılı qız mağazaya gəlibsə paltar, kosmetika və mütləq kitab alacaq. O vaxt seçilmiş əsərlərə abunə yazılışları vardı. Demək olar ki, kitabxanamın rus dilində xarıcı ədəbiyyat hissəsini elə Şamaxıdan gətirmişəm. Atamın kitabxanası əsasən azərbaycan dilində idi Həm də daha çox tədqiqatçı kitabxanasıdır. Amma institutumuzun çox zəngin kitabxanası vardı o zaman, indi bilmirəm. Günümüz oralarda, Axundov kitabxanasında keçirdi. Hə, ətrafımda məndən başqa bu qədər kitab alan yox idi. Kaş ki, bizdə görüşəydik, sizə kitabxanamı, rəsm kolleksiyamı göstərərdim. Eybi yox, necə deyərlər, ay var, il var, nə tələsik iş var?

 

- Maraqlı olar kitabxananıza baxmaq. Yəqin ki, o kitabxananı atanızdan qalma miras da xüsusi zənginləşdirir...

 

- Əslində biz atamın kitabxanasına əlavələr eləmişik. Yəni bacılarım hərə öz maraqlarına uyğun kitablar alardı. Atam isə ümumiyyətlə evə kitabsız gəlməzdi. İndi o kitabxanada elə nadir nüsxələr var ki... Mən hələ bir iki il əvvəl özbək dilində ədəbiyyatı Axundov kitabxanasına bağışladım. Kərim müəllim də, sağ olsun, səliqə sahmanla mənə möhür sifariş elətdirdi – ”Qulamhüseyn Əliyevin kitabxanasından”. İndi alimlərimiz onlardan istifadə edə bilər.

 

Ofisiant bayaqdan xüsusi bıçaqla yonub hazırladığı balqabağı masaya gətirir. Balqabaq əməlli başlı suvenirə çevrilib.

 

- Bu balqabağın üzərində əməlli başlı sənətkar əli gəzib ki. Zöhrə xanım, xanımlar bəzən mətbəxdə nə isə hazırlamağa saatlarla vaxt ayırırlar. Siz də belə eləyirsiniz?

 

- Yox, canım. (Gülür) Mən bacımın ailəsi ilə yaşayıram, yəni məcbur olmayınca yemək bişirmirəm. Heç vaxtım da yoxdur, amma deyilənə görə əlimin duzu var.

 

- Nə vaxt bişirirsiniz?

 

- Anamın sağlığında... Əgər o donəmdə mənimlə qalırdısa, saatlarla mətbəxdə ola bilərdim. Bizim evimiz həmişə qonaq-qaralı olub. Giriş qapısını heç vaxt açarla bağlamırdıq. Çünki ev adamla dolu olurdu. Atamın bütün dostları ailələri ilə birlikdə. Anam gözəl süfrələr açardı. Atam bizim harasa getməyimizi heç xoşlamazdı, qoy rəfiqələriniz bizə gəlsin deyərdi. Bunun üçün də hər şərait yaradardı. İndinin indisində mən evdəyəmsə, demək mütləq evdə qonaq var. Anam rəhmətlik, həmişə təəccüblənirdi, necə olur, bayaqdan telefon susub, sən qapıdan girən kimi zəng gəlir, qapı döyülür.

 

- Təklik adamı deyilsiniz.

 

- İnsanların olduğu yerlər mənə güvən verir. Orada özümü daha rahat hiss edirəm. Mən ekstravert adamam. Amma çox qapalı olduğum vaxtlar da olur, hamı kimi yəqin.

 

- Hansı dönəmlər?

 

- Problemlər olanda, ailəmin işlərində nəsə çatışmayanda, dost xəyanətinə uğrayanda. Yəni burda bir qeyri-adilik yoxdur, hami kimi. Ekstravert olmaq bəlkə də həyatımın zahiri tərəfidir. Bəlkə içində hər kəs elə elədir. İç dünyasında hər kəs tənhadır... Bəlkə ona görə ekstravertəm ki, bir az intravertəm. (Gülür) Amma onsuz da qaşqabaqlı olmaq bir işə yaramır, çarə deyil yəni.

 

- Bu mənim sevdiyim obrazıdır – problemini təbəssümünü pozmadan çözən qadın, səssizliyini qoruyan...

 

- Səssiz də deməzdim. Daha çox tək, özü həll edən. Dərdləşdiyim dostlarım, rəfiqələrim var. Amma bu problem üzümə yansısın yox. Bir rəfiqəm vardı, indi Hollandiyada yaşayır. Həmişə deyirdi ki, sən kədərli şeylər danışanda da adama dərd vermirsən...

 

- Mümkün qədər belə olmaq, bacardıqca daha çox xoşbəxt olmaq lazımdır.

 

- Həyat səni müxtəlif sınaqlara çəkir – valideyn itirirsən, dost itirirsən... Müstəqim və məcazi anlamda... övlad itirirsən... Amma yenə yaşamaq zorundasan, tək də olsan, çüt də... Heç kəs gəlib sənin problemlərini həll etməyəcək... Hələ bir ətrafında olanların problemlərinə də bir çarə axtarırsan, axırda da görürsən kimsə səndən sənin xəbərin olmadan inciyib. (Gülür) Dəxli yoxdur, kimsə bu gün yanımda deyilsə belə, mən yenə də dünənki gün üçün onlara minnətdaram. Çünki  yaxşı günlərimiz də olub...

 

- Razıyam! Mən də həmişə mənə xəyanət edən dostlara belə minnətdar oluram.

 

- Dost itirmək asan məsələ deyil və mən də öz dostlarımdan asanlıqla imtina edən adam deyiləm. Bunun üçün gərək çox böyük günah sahibi olasan! Amma əyər qərar verdimsə ki, artıq bu adam həyatımda olmamalıdır, demək bu son qərardır. Situasiyanı oracan yetişdirirəm və bitir. Nə vaxtsa bəlkə yenə görüşəcəyik, amma artıq o yaddır, özgədir. Amma bağışlayıram, çünki həyata davam etmək lazımdır. Kimisə bağışlamadan yaşamaqdan böyük əzab yoxdur. Şükür ki, allah məni bu əzabdan qoruyub...

 

- “Bu adam həyatımda olmamalıdır” qərarını tez-tez verirsiniz?

 

- Hər 8-10 ildən bir yeni dönəm başlayır. İnsanlar elə bil aşılanıb, ən yaxın saydıqların səndən istifadə etməyə başlayır və yaxud onlara elə gəlməyə başlayır ki, sən çox tələbkarsan. Əslində heç kəs dəyişməyib, amma fiqurların yeri, həyatın şərtləri dəyişib. Səbir kasan dolana qədər dözürsən. Amma bunu hiss eləmirsən. Yavaş yavaş yetişir. İnsanın dostu olar, bu o demək deyil ki, sən onun sehrli çübüğusan. (Gülür)

 

- Bu çubuq söhbətindən xoşum gəldi. Bilmək istəyirəm ki, hansı məqamda “bu adam həyatımda olmamalıdır” kimi kəskin qərarlar verirsiniz?

 

- İnsan münasibətlərinin müxtəlif təzahürləri var. Ən əsas keyfiyyət sadiqlikdir. Bütün hallarda kimsə mənim ona verdiklərimi itirməkdən qorxur, amma məni itirməkdən qorxmursa, onunla necə davam etmək olar? Dünyanı gözəllik xilas edəcəksə, sadiqlik bu gözəlliyin tərkib hissəsidir, düşüncə tərzidir,  həyat prinsipidir...

 

- Dost sadiq olmalıdır. Bu müzakirə olunmur.

 

- Dost mənim üçün “sən haqsız olsan belə mən sənin yanındayam” deməkdir. Ehh, nələr gördük... Bəziləri özləri də anlaya bilmir ki, əslində etdikləri xəyanətdir, anlamağa fəhmi çatmır, ürəyi qoymur. Əmin olun, karyeraya, ailəyə, dosta xəyanətlə başlayanlar mütləq nə zamansa qarşılığını artıqlaması ilə görür.

 

- Mütləq! Bu qaçılmazdır...

 

- İndi getsinlər günahları ilə yaşasınlar. Əsas odur ki, biz əbədi olaraq o yaxşılıq itirən, xəyanət edənlərin həyatında varıq. Onlar bizə verdikləri zərərlə, bizsə onlara verdiyimiz xeyirlə bir yerdə bir-birimizin həyatındayıq. Fərqi də ki, vicdan ayarlayır...

 

- Ona görə də vəfasızları anlamağa çətinlik çəkirsiniz.

 

-  Anlamağa çalışmıram belə... Həyat ağ və qara rənglərdən ibarət deyil, yarımtonlar da var. O üzdən heç bir xəyanət mənə bu gün yanımda olanlardan üz çevirməyə, həyata inamımı itirməyə vadar edə bilməz. Kiminsə günahı ucbatından yaxşı adamlar hesab verəsi deyil. Həyat ağ və qara rənglərdən ibarət olmasa da, yenə də sən tərəfini seçməyi bacarmalısan! Ya nəcib olacaqsan, ya nanəcib!  Allahın ədalətinə inanıram. Zamanın ələyi, fələyin küləyi... Həyat özü hər şeyi həll edir... Mənsə, nə  qədər ki, ömrüm var, sevdiklərimin və məni sevənlərin yanındayam.

 

Bu yerdə Zöhrə xanımla radio, sonra isə televiziyada çalışdığı illərə qayıdırıq. Uzun illər AzTV-nin “Səhər” proqramının aparıcısı olduğu illərdən danışırıq. Ortaya maraqlı məqamlar çıxır:

 

- Canlı efir televiziyaçılığın meyarıdır, mənə görə. Nəsənsə osan! Gizlətməyə çalışsan belə, bu mümkün olmayacaq. Mən informativ sahəni nəzərdə tutmuram, diktor mətnini oxumaq hələ canlı efir aparmaq deyil, baxmayaraq ki, o da çətin işdir. AZTV-də “Səhər” proqramını aparan vaxtlar səhər erkən kiminləsə danışmaq belə istəməzdim. Əgər danışsam da, gərək ana dilimdə, azərbaycanca danışaydım. Efir həyəcanı mənə yalnız ana dilində sözlər dedirirdi. (Gülür) Əslində rus dilim fəna deyil. Mən kimdənsə gizlənmək, hisslərimi sonadək büruzə vermək istəməyəndə, rusca danışıram. Çünki Azərbaycan dilində danışanda sən aşırı səmimisən, kövrəksən, müdafiəsizsən, hamı səni tez görür. Təəssüf ki, səmimi olmaq zəmanəmizdə müdafiəsiz olmaq deməkdir...

 

Onun efir öncəsi vərdişlərindən birini də çox bəyəndim:

 

- Evdən efirə hazır gəlirdiniz?

 

-  Demək olar ki, həmişə! O vaxtlar qrim otağı da yox idi... elə qonaq otağında.

 

- Amma efirdən qəfil çəkildiniz...

 

- Çəkilmədik, çəkdirtdilər. Heç birimizi telekaryeramızın zirvəsinə çatmağa qoymadılar, potensialımızdan istifadə etmədilər, ucuz prinsiplər naminə bizi qurban verdilər. Əvvəllər bu məni çox həyəcanlandırırdı, sonra gördüm ki, Rusiya televiziyasının çox peşəkarları da bir-bir sıradan çıxır. Dərk elədim ki, sən demə televiziya gerçəkliyi bu imiş.....

 

- Sizcə niyə belədir?

 

- Televiziyada sən özünü gizlədə bilmirsən. Potensial varsa demək təhlükəlisən, rəqibsən. Tez “tədbir” görmək lazımdır. (Gülür) Hələ ki, hazır adam olasan, şəxsiyyət olasan, o zaman artıq məhvə məhkumsan. Qərar verilib!

 

- Demək bütün problemlər nə isə ola bilmək ehtimalındadır?

 

- İstisnalar qaydaları təsdiq edir.

 

- Bu gün içinizdə efirə qayıtmaq istəyi var? Televiziya sizə yenə cazib gəlir?

 

- Artıq mənim çəkilişə, montaja ayıracaq zamanım və həvəsim yoxdur. Aradan çox sular axıb, geri dönməyi heç sevmirəm. Dünənə qayıtmaq mənlik deyil. Amma radionu çox sevirəm, çünki radio mənim üçün keçmişə çevrilmədi. Çünki radio sözdür, savaddır, dildir, məzmundur, söhbətdir, həyat təcrübəsidir, yaşantılarını sözə çevirməkdir, kiməsə ötürməkdir, müəllimlik kimi. Səkkiz il radioda işləmişəm və radio mənim əbədi məhəbbətimdir. Radionun incəsənət və radio teatrı redaksiyasını heç vaxt unutmaram, peşəkarlar, profi redaktorlar. Bilirsiniz mən o zamankı AzTV-dən niyə ayrıldım?

 

- Niyə?

 

- Çünki baş redaktor infeksionist bir həkimi çağırmışdı proqrama, özü də az qala saat 9-a. Səhər efirində üzdəniraq xəstəliklərdən danışmağı nəinki tamaşaçıya, heç özümə də rəva görmədim. Səhər arxamca maşın gəldi və mən getmədim. Zatən məqsədli olan şeylər idi. Bu şərtlərdə israr etməyə dəyməz belə. Efirdən imtina elədiyim günü məni başqa kanala dəvət elədilər, getdim, ondan sonra Lider TV... Gözəl insanlar, gözəl münasibət. Dəfələrlə sıfırdan başlamalı olsam da, bu gün hesab edirəm ki, öz yerimdəyəm. Hələ ki...

 

- Hələ ki?

 

- Heç kəs sabah nə olacağını bilmir və heç kəs də dünyanı tutub durmur. Bir gün nədənsə imtina etməyə hazır olmalısan. Bəzən ya sənə təklif olunan şərtləri qəbil eləməlisən, məşhur filmdə deyildiyi kimi, çünki “vəziyyət belə tələb edir”, bəzən də mərdi-mərdanə getmək yeganə çıxış yoludur. Bəzən açıq danışanda, sözünü mərdi-mərdanə deyəndə anlaşılmazlıqla qarşılaşırsan ki, belə vəziyyətlərə çox düşmüşəm. Sənə güzəşt eləmirlərsə, demək söz səndədir. Güzəştə getmək bacarığı bir az da, məncə, tərbiyə məsələsidir. Bu da həyat dərsləri silsiləsindəndir. (Gülür)

 

- Bu günkü yerinizdən danışmaq istəyirəm. Mədəniyyət və Turizm nazirliyində mətbuatla işləyən insan mədəniyyəti və incəsənəti çox yaxşı bilməlidir. Mən bir mətbuat işçisi kimi bu nazirliklə heç vaxt problem yaşamamışam. Sizinlə işləmək çox rahat olub.

 

- İcazənizlə, bunu bir jurnalistin mətbuat katibinə verdiyi qiymət kimi qəbul etmək istərdim. (Gülür) Əlbəttə bütün həyatım  mədəniyyət, sənət, təhsil adamlarının içərisində keçib. Həyatım belə başlayıb, belə davam edib. Yəqin nazirliyə dəvət olunmağım da təsadüfü deyil, məhz buna görə. Artıq on ildir ki, burdayam. Elə bil dünən idi. Həyatımda müxtəlif iş yerləri olub. Televiziya, radio, universitet... Bu gün bərabər çalışdığım adamlardan ayrılmaq arzum yoxdur. Məncə bu özü bir meyar sayıla bilər.

 

- “Radio əbədi məhəbbətimdir” dediniz deyə soruşuram. Sükan arxasında olan hər kəs radiolardan şikayət edir. Siz necə?

 

- Musiqiyə qulaq asıram da... (Gülür)

 

- Bəs dilimizi 15 ildən sonra necə təsəvvür edirsiniz? Çox bərbad olmayacaq?

 

- Qətiyyən! Bəzi bisavadlar efirlərdə nə qədər özlərini öldürsələr də, məgər savadlı adamlarımız azdır? Baxın, necə qüvvələr yetişir, necə gözəl gənclərimiz var. Mən öz tələbələrimin timsalında bunu görürəm. Bütün günü yeni nəslin ardından söylənmək fayda verməz. Həyatimiz məgər elə ancaq efir adamlarından ibarətdir? Elə yazıçılarımız, köşə yazarları, ədəbiyyatı bilən, yazını bilən başqa sahənin adamları var ki, onların ən pisi də dili yaşadır. Mütləq sabah olacaq, günəş doğacaq! Yaradıcılıq sabah deməkdir, üstəlik dünənimiz varkən! Bu günkü jurnalsitika nə qədər zəif olsa belə, yenə də onun dilə və cəmiyyətə gətirdiyi yaxşı məqamlar var. Savadsızlıq heç vaxt qələbə çala bilməz. Mən ümidliyəm!

 

- On beş il Xarici Dillər Universitetində Azərbaycan və dünya ədəbiyyatından dərs demisiniz. İndi də Turizm Universitetində dərs deyirsiniz. Bir ədəbiyyatçının fikri mənə maraqlıdır, bilirəm ki, ən çətin seçimlərdən biri sevdiyin yazarları saymaqdır...

 

- Ooo, çox haqlısız... Bu sadəcə mümkün deyil, amma yenə cəhd edək. Əgər ilk üçlükdən söhbət gedirsə, bu ilk növbədə bütövlükdə Azərbaycan Ədəbiyyatıdır. Çünki O, mən özüməm, mənim valideynlərimdir, mənim soyum kökümdür.

 

Söhbətimizə Cəlil Məmmədquluzadə ilə davam edirik. “Onun kinayəsinə, yumoruna, sarkazmına heyranam” deyir. Ustadı “qız-qıza” müzakirə edib, Həmidə xanımın xatirələrindən tutmuş, müasir ədəbiyyata qədər gəlirik.

 

Davam edirik:

 

- İkinci yerdə rus ədəbiyyatı gəlir.

 

Söhbətə Puşkinlə davam edirik. “Rus tədqiqatçılarının bu günə qədər Puşkin yaradıcılığında ortaya çıxarmaq istəmədikləri xeyli məqamlar var. Şərq daim onu cəlb eləyib, Bayron kimi” deyir.

 

- Üçüncü yerdə isə dünya ədəbiyyatından rus dilinə tərcümələrdir. O qədər mükəmməl tərcümələrdir ki, onları orijinal hesab edirəm.

 

- O sevdiklərinizi sayaq.

 

- Hansını deyim. Con Stenbeyk, Con Qalsuorsi, Ernest Hemenquey, Gi de Mopassan, Alfred de Müsse, Höte, Bayron, Şarl Bodler... Antik əsatirlərdən başlamış Şekspirə, Heminqueydən Heyliyə, Den Brauna, Bayrondan, Müssedən Koelyoya, Folknerə, Kafkaya, Haykulardan Kobe Abeyə, Akutaqavadan Murakamiyə, Nidzöyə, Sartrdan Dürrenmata, Brextə, Sveyqdən Hesseyə, Tolstoydan Çexova, Dostoyevskiyə, Pamukdan Elif Şafaka, Mövlanədən Nazım Hikmətə... İndi bizimkilər məni qınayacaq sıralamanı pozduğuma görə. (Gülür) Bu arada Nizamidən Fizuliyə, Fizulidən Sabirə, Seyid Əzimə, Anardan Elçinə və sair və ilaxır qədər.

 

- Sizin üçün ən özəlinin üzərində dayanmağınızı istəyirəm.

 

- Romen Rollanın “Vurğun qəlb” əsərini çox sevirəm. Övladını itirən, amma özündə yaşamağa güc tapan Annet bəlkə də bu gün mənim yaşamaq səbəbimdir. Bir zamanlar belə bir örnəyə çox ehtiyacım olub. O zaman böyük ədəbiyyatda təskinlik tapdım, ona sığındım, güc aldım və davam etdim.

 

Səsi titrəyir və bir anın içində gözlərinin içi qan çanağına dönür... Davam etməyə çalışır:

 

- Başındakı, qəlbindəki qarışıqlığı sahmana salan, pərakəndə hisslərini düzənə gətirən, güzgün meyarlar aşılayan, bəzən doğru qərarlar almağına nədən olan, səni sənə çevirən, özünlə təkbətək qalanda səmimi olmağı öyrədən bir sığınacaqdır ədəbiyyat.

 

- Ədəbiyyat xilas edir.

 

- Mənimçün  yeganə xilasdır, dayaqdır, təsəllidir, ovundurandır... dostumdur!

 

- İndi özünüz də kitab üzərində işləyirsiniz. Atanız, nizamişünas, tənqidçi-alim Qulamhüseyn Əliyev haqqında kitab hazırlayırsınız.

 

- İstəyirəm ailəmizdə böyüyən uşaqlar babalarının kim olduğunu, necə gözəl insan, alim, dost, ata olduğunu bilsinlər. Azərbaycan elmindəki, təhsilindəki əməyi barədə öyrənsinlər. Onun məşhur tələbələrini tanısınlar. Bacılarımla, hamımız bərabər bu işlə məşğuluq. Hərə öz işini görür bir müqəddəs borc, istək , sevgi ilə. Məndən də bəlkə ailəmizə yadigar qalan bu olar...

 

- Kitabda konkret nələr olacaq?

 

- Üç kitab hazırlamaq istəyirik. Birinci onun monoqrafiyası, ikinci ailəsinin, yaxınlarının, dostlarının, tələbələrinin onun haqqında xatirələri, bir də məşhur məqalələri. Onların hamısı çap olunub, amma kitab eləməyə ömrü çatmadı atamın. Azərbaycanda Azərbaycan Özbək ədəbi əlaqələri haqında ilk  elmi tədqiqat işini atam yazıb. İndi də oralardan sorağını eşidirik. Sağlıq olsun...

 

Onunla söhbət o qədər maraqlıdır ki, vaxtın necə gəlib keçdiyini bilmədik. Bir də ondan xəbər tutduq ki, axşam düşüb və bu axşam biz caz konsertinə getməliyik. Yaxşı ki, “Pitti Caffe” Caz Klubun düz yanındadır. Sadəcə svetofora qədər 15 metr gedib, yolu keçməyimiz lazımdır.

 

Yolda da söhbətimizdən qalmırıq:

 

- Ədəbiyyat insan deməkdir. Sən insanları, doğmalarını əzizlərini dostlarını sevirsənsə, demək ki, o zaman sən də seviləcəksən. Çünki bu həyatda hər şeyin qarşılığı var. Sevginin də, nifrətin də, yaxşılığın da, pisliyin də. İnsan içində yığılıb qalan məhəbbətini kiməsə verməlidir. Bəlkə mən də bacılarımı, onların uşaqlarını, yaxınlarımı, dostlarımı bir az aşırı məhəbbətlə sevirəm. Bəlkə də övladımın sevgi payıdır, içimdə qalıb deyə onu ətrafımdakı bütün insanlarla bölüşmək istəyirəm.

# 2680
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar