Yuri Nikulin və Natalya Varley
24 fevral 2021 14:11 (UTC +04:00)

Yuri Nikulin və Natalya Varley

Başıbəlalı qızqaçırma, dağlarda sevgi dastanı, sərv boylu rus gözəli... – ONLARIN FİLMLƏRİ

 

Əvvəlcə yolda baş verən uzunqulaq əhvalatından başlayaq – Nina gedir, uzunqulaq da gedir. Nina dayanan kimi o da dayanır. Gəl, indi qızı inandır ki, həqiqətən onun arxasınca düşən Şurik deyil, onun uzunqulağıdır.

İkinci əhvalat sağlıq (tost) məsələsidir: Şurik deyəndə ki, folklor toplamağa gəlmişəm, xalq mahnıları, atalar sözləri, sağlıqlar... qeydiyyatda işləyən kişi dərhal ortaya qırmızı çaxır qoyub, bir sağlıq deyir.

“Ev almaq istəyirəm, imkanım çatmır. İmkanım keçi almağa çatır, ona da marağım yoxdur. İçək imkanlarımızla arzularımızın üst-üstə düşməsinin şərəfinə”.

Şəksiz, gözləriniz önündə dərhal “Qafqaz əsiri” komediyasından bəhs etdiyim kadrlar gəlib keçdi. Bəli, Lent.az-ın “Onların filmləri” layihəsində “Qafqaz əsiri” filmidir.

Natalya Varley və Aleksandr Demyanenko

"Qafqaz əsiri, yaxud Şurikin yeni macəraları” filmini Yakov Kostyukovski və Moris Slobodskinin ssenarisi əsasında Leonid Qayday çəkib.

Çəkilişlər 1966-cı ildə “Mosfilm” kinostudiyasında, Krımda, Yaltada, Abxaziyada aparılıb.

Filmdə məşhur imzalar var – Aleksandr Demyanenko, Natalya Varley, Vladimir Etuş, Yuri Nikulin, Georgi Vitsin, Yevqeni Morqunov.

Hadisələr Qafqazda cərəyan edir. Macəra süjetin əsasında folklor toplayan tələbənin təsadüfən qız qaçırtma əməliyyatında iştirak etməsi durur.

Filmin janrı tryuklarla zəngin ekssentrik komediyadır. Film yaradıcıları müəyyən mənada Çarli Çaplin və Harold Loyd filmlərindən ilhamlanıb.

Filmin bəstəkarı Aleksandr Zasepindir.

Film ekranlara 1967-ci ilin aprelində çıxıb. 1-ci kateqoriyalı film kimi dəyərləndirilib.

İdeya Şurikin əsas personaj olduğu “I əməliyyatı” filmi istehsalata buraxılandan sonra yaranıb.

Qayday və ssenaristlər birgə qərara gəliblər ki, bu məzəli tələbənin başına gələn əhvalatların sayını artırmaq gərək olacaq. “I əməliyyatı” başa çatandan sonra Qayday hiss edib ki, bu film onu tükəndirib, ağlına başqa heç nə gəlmir. Nə vardısa, hamısını qoyub “I əməliyyatı”na.

Təsadüfən qəzetdə oxuyur ki, Qafqazda qız qaçırtmaq kimi bir adət varmış və hələ də davam edir. Qalanlarını da ssenaristlə rejissor düşünüb, başlayırlar işə.

Qaydayın dediyinə görə, əvvəlcə Saaxovun dediyi “Mənim artıq ikicə çıxış yolum var - ya mən onu nikaha aparacam, ya o məni məhkəməyə” – fikri meydana çıxır və qalan bütün hadisələr onun ətrafında baş verir.

Ssenaridə Etuşun oynadığı obrazın soyadı Oxoxov olur. Çəkilişlər prosesində məlum olub ki, Mədəniyyət nazirliyində bu familiyada adam işləyir. Dəyişib, qoyurlar Saaxov, bu dəfə də məlum olur ki, “Mosfilm”in məmurları arasında bu soyadda biri var. Nəhayət, Mədəniyyət naziri Yekaterina Fursevanın kabinetində bu barədə açılan müzakirədə xanım nazir soyad axtarışını dayandırmağı məsləhət görüb – “Soyadı İvanov olsaydı, nazirlikdə 180 nəfər İvanov var, o zaman neyniyərdiniz” - deyir: “O soyadda axmaq adam ola bilməz?”

"Qafqaz əsiri" filmindən 

Şurik roluna sınaq çəkilişləri, aktyor seçimi olmadı, çünki Şurik artıq “I əməliyyatı” filmində seçilmişdi. Həm də 40 namizəd arasından Aleksandr Demyanenko. Namizədlər isə balaca imzalar deyildi – Andrey Mironov, Vitaliy Salomin, Aleksandr Lenkov, Oleq Vidov, Vsevolod Abdulov, Aleksandr Zbruev, İvan Bortnik və başqaları.

Saaxov roluna Boris Sıçkin, Faiq Mustafayev, Yevgeni Perov sınağa gəlmişdilər. Vladimir Etuş sınaqdan keçməli oldu.

Yeri gəlmişkən, Faiq Mustafayev diqqətimi çəkdi, SSRİ Xalq artisti olub, azərbaycanlıdır. Opera və Balet teatrının bariton səsli solisti kimi Azərbaycanda əksər operalarda əsas ariyaların ifaçısı olub. 1977-ci ildə dünyasını dəyişib, Bakıda dəfn olunub.

Nina obrazına isə Marianna Vertinskaya, Larisa Qolubkina, Natalya Seleznyova, Zemfira Sahilova da sınağa dəvət ediliblər.

Rejissor Nina adını öz arvadı Nina Qrebeşkovanın şərəfinə adlandırıb. Əvvəlcə Natalya Seleznyovanı çəkmək fikri olub, “I əməliyyatı”nda çəkilən aktrisanı. Sonradan düşünüb ki, tamaşaçı eyniləşdirib, obrazı qəbul etməyəcək.

Nina ssenarinin əvvəlində belə təsvir edilir: “Yolda onun qarşısına düz qamətli, sərv boylu bir qız çıxır”. Təsvir lap Lermontovun Belasına oxşayır.

Rejissor assistenti Tatyana Semyonova Odessa kinostudiyasının çəkilişlərində gördüyü bir sirk artistini təsvir etdikdən sonra axtarışları dayandırıb, həmin qızı - Natalya Varleyi dəvət edirlər. Sınaq çəkilişi Nina ilə Şurikin ilk rastlaşdıqları səhnə ilə olub. Rejissor səhnəni bəyəndikdən sonra aktrisadan çimərlik geyimində çəkilişə hazır olub-olmadığını soruşub. Aktrisadan “mən sirk artistiyəm, çimərlik geyimi mənim uniformamdır” - cavabını alır. Rejissor sevindiyindən “sən çimərlik geyimində ekranlarda Faina Ranevskayadan da yox, lap Bricit Bordonun özündən də istedadlı görünəcəksən” - deyir.

Natalya Varley və Aleksandr Demyanenko

Natalya bütün tryuklarda, səhnələrdə özü çəkilib, filmdə yalnız səsi başqasınındır – Nadejda Rumyantseva səsləndirib onu.

Onun ifa etdiyi ayılar haqqında mahnını Aida Vedişeva bu film üçün yazıb.

Vitsin, Morqunov, Nikulin üçlüyü də artıq əvvəlki filmdən tapılmışdı. Əslində Qayday bu filmi də onların üzərində qurmaq istəyirdi, kinostudiya rəhbərliyi vurğunu dəyişməyi, məhz Şurikin üzərində qoymağı təklif edib.

Əsas çəkilişlər Yaltada olub. Dağ çayına tullanma səhnəsi Soçidə Mzımta çayında lentə alınıb. Qızın qaçırılması səhnəsi Abxaziyada çəkilib.

Uzunqulaqla Ninanın və Şurikin səhnəsində üç eşşəkdən istifadə edilib. Eşşəyin yükünü getdikcə daha çox artırıblar ki, eşşək gedə bilməyib dayansın və effekt alınsın, nəticə alınmadıqca eşşəyi dəyişib, yükü ağırlaşdırmalı olublar.

Üçlüyün qız qaçırtdığı səhnədə istifadə olunan maşın Nikulinin maşınıdır. Almaniya istehsalı olan kabriolet 1930-cu ilin avtomobilidir.

Edikin sürdüyü yük avtomobili isə məxsusi film üçün yığılıb. Qaz-55 sanitar maşını formasında əldə hazırlanıb, xüsusən kuzovu.

Çəkiliş prosesində xeyli xoşagəlməz hallar da olub. Məsələn, Arkadi Qaydayla operator Konstantin Brovin bu filmdən sonra bir daha bir yerdə işləməyiblər. Operator çəkilişlərə içkili vəziyyətdə gəlib, orda da içməyini davam etdirirmiş. Bəzən operator özündə olmadığından kamera arxasına Qayday özü keçməli olub.

İş o yerə çatıb ki, Demyanenko da qoşulub operatora.

Rejissorla Morqunov arasında da narazılıqlar yaranırdı. Morqunov çəkilişlərə pərəstişkarı olan qızlarla gələndə Qayday onu çəkiliş meydançasından qovub. Hətta Bıvalovun çəkilməli olduğu hissələri ssenaridən silib. Üçlüyün birgə fəaliyyətinə də elə bu cür son qoyulub. Onlar bir daha üçlükdə çəkməyib.

Yuri Nikulin

Peyvəndlənmə səhnəsindəki böyük şprisi Nikulin sirkdən gətirib. Onun Morqunovun yanında yellənməsini isə Vitsin düşünüb. İynə əslində Morqunovun ayaqları arasında saxladığı yastığa sancılıb.

Qızın qaçırılması səhnəsində milis maşını saxlayanda Vitsinin başının 90 dərəcəli bucaq altında fırladılması da texnikanın işidir. Fırladılan manekendir, çəkiliş kadrların dəyişdirilməsi ilə o formanı alıb. Sadəcə kadrların çəkilişi vaxtı Vitsinin pijamasını tərsinə və düzünə geyinməsi ilə tamamlanır.

Natalya Varley həddən çox tryuklarda çəkilib. Maşını özü sürür, həm də dağ yollarında,  o cür yüksək sürətlə. Pəncərədən iplə tullanır.

Çəkilişlərdən birində texniki işçilərin yanlışından Şurik yataq kisəsində həqiqətən dağ çayının axınına düşür. Kameralar onu lentə alır, xilasedicilər isə tez bir zamanda onu çaydan çıxarırlar. Yəni kisənin içində Nina olmalıykən, Şurik olur və çayın nəzarətsiz axarında həqiqi kadrlar çəkilir.

Ninanın çəkilməli olduğu kisədə çaya düşmə səhnəsində isə dublyor səhvən kisədə çaya düşür və axara qoşulur, onu da xilas edirlər, nəticədə Nina həmin kadra özü çəkiləcəyinə qərar verir.

Bütün bu müsibətlərdən sonra “Mosfilm”in hansısa böyük rəhbəri filmin ekranlara buraxılmasına icazə vermir. Saaxovun qalife şalvarı, çəkmələri nəyəsə-kiməsə işarə edirmiş. Stalinlə assosiasiya edilirmi?

İllər sonra Qayday etiraf edir ki, Stalini yox, Beriyanın kiçildilmiş obrazını qələmə almışdım.

Film rəfdə taleyini gözləyərkən deyirlər ki, Brejnev nə isə yeni bir filmə baxmaq istəyir. Onun baxış zalına “Qafqaz əsiri” filmi çıxarılır. Film rəhbərin xoşuna gəlir və yaradıcı qrupu belə maraqlı işə görə təbrik də edir.

1967-ci ilin aprelində film prokata buraxılır. Həmin il filmə 76.5 milyon tamaşaçı baxır.

Leonid Qayday bu filmə görə 4140 rubl rejissorluğa, 2000 rubl ssenariyə görə qazanıb.

Şurik – Demyanenko 5220 rubl və üstəgəl, səsləndirmə günlərinə görə qonorar alıb.

Natalya Varleyə 1219 rubl veriblər. Etuşa 1800 rubl, Nikulin 4238 rubl alıb, Vitsin isə 3389 rubl. Morqunov 1979 rubla razılaşıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17379
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar