“Lent.az-ın kitabxanası” silsiləsindən nəşr olunmuş “Əfqanıstan uçurumu” kitabının təqdimat mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, APA Holdingin konfrans zalında keçirilən təqdimat mərasimində yazarın ailə üzvləri, dostları, döyüş yoldaşları, yaxınları iştirak edib.
Tədbirin aparıcısı, Qarabağ döyüşçüsü, jurnalist Rey Kərimoğlu kitab haqqında geniş məlumat verib. Bildirib ki, yazıçı Zakir Sadatlı Əfqanıstana daxil olan ilk sovet hərbi birləşmələrinin tərkibində olub: “Zakir 2 il ərzində gördüklərini – müharibə dəhşətlərini, dost itkilərini, ölüm-itimi 30 ildən sonra qələmə alıb. Jurnalistin yazdıqları “Əfqanıstan uçurumu” adı altında kitab şəkilində nəşr olunub. Kitabın təqdimat mərasimi yanvarın 28-nə təyin olunsa da, yazarın övladının toy mərasimi və səhhətindəki ağırlaşmalar səbəbindən təqdimatın vaxtı dəyişdirilib. Sonradan Zakir Sadatlı təqdimatın fevralın 15-də keçirilməyini təklif edib. Çünki fevralın 15-i sovet qoşunlarının Əfqanıstandan çıxmasının ildönümüdür. Lakin uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən yazar fevralın 5-də dünyasını dəyişdi. Bu gün Zakir Sadatlıya verilən sözü yerinə yetiririk”.
Tədbirdə çıxış edən APA Holdingin prezidenti Vüsalə Mahirqızı bildirib ki, kitabın “Lent.az-ın kitabxanası” silsiləsindən nəşr olunması təklifi Lent.az-ın rəhbəri Qabil Abbasoğlu tərəfindən irəli sürülüb: “Lent.az-ın bu layihəsi əsasında maraqlı əsərlər nəşr olunacaq. Elə kitablar çap etmək lazımdır ki, onlar Azərbaycanın ədəbiyyatı, tarixi baxımından önəmli əsərlər olsun. Hesab edirik ki, Zakirin çap etdiyimiz əsəri də bu qəbildəndir. Çox təəssüf ki, bu gün təqdimatda Zakir özü iştirak edə bilmədi. Biz xəbər tutduq ki, bu roman illər imiş ki, yazılıbmış. Kitabını nəşr etdirmək Zakirin uzun illər arzusu olub. Amma alınmayıb. Biz romanı çap etdirdik. Təqdimatı üçün iki dəfə vaxt təyin etsək də, yazıçının səhhəti ilə bağlı problemlər olduğu üçün vaxtı dəyişdirməli olduq. Axırıncı dəfə danışanda dedi ki, bu təqdimatı çoxdan gözlədiyim üçün, bilirəm ki, həyəcanlanacağam. Ona görə də gərək özümü toparlayım. Bu gün Zakir cismən aramızda olmasa da ruhən yanımızdadır”.
Vüsalə Mahirqızı qeyd edib ki, Zakir Sadatlının ildönümündə daha bir kitabını çap etdirməyə çalışacaqlar: “Qeyd etdiyim kimi, bizim bu layihə çərçivəsində n maraqlı və ictimai baxımdan faydalı əsərləri çap edəcəyik. Yolu Zakirlə başladıq. Hesab edirik ki, uğurlu başlanğıcdır”.
Təqdimatda çıxış edən millət vəkili Sabir Rüstəmxanlı qeyd edib ki, Əfqanıstan müharibəsini Zakir Sadatlı qədər yaxından duyan ikinci bir yazar yoxdur: “Mən Zakirə deyirdim ki, qardaşımın birinin adı Zakir, biri Sadatdır. Ona görə də sən mənim iki dəfə qardaşımsan. Mən bu kitabı hələ oxumamışam. Oxuyandan sonra daha aydın təsəvvürüm olacaq. Əfqanıstan haqqında yüzlərlə kitab yazılsa da, Zakir Sadatlının özünün iştirakı olduğu hadisələri təsvir edən kitabın əvəzini verməz”.
Zakir Sadatlının döyüş yoldaşı, keçmiş hərbçi Tərlan Eyvazov bildirib ki, “Əfqanıstan uçurumu” kitabı tək Azərbaycanda yox, MDB məkanında seçilən kitab olmalıdır: “Zakirə ən yaxın insan mən olmuşam. Bir yerdə xidmət etmişik. Hamı onun haqqında xatirəsini danışır. Amma mən bu kitabın məziyyətləri barədə danışmaq istəyirəm. Üçüncü dəfədir ki, oxuyuram. Əminəm ki, kitab Azərbaycanda yox, bütün MDB ölkələrinə aiddir. Bu gün keçmiş əfqan döyüşçülərinin bayramıdır. Siz qardaşımızın kitabını təqdim etməklə möhtəşəm bir addım atdınız”.
Kitabın redaktoru Anar Mahmudoğlu bildirib ki, bu günə qədər Əfqanıstan müharibəsi ilə bağlı 500-dən çox kitab yazılsa da, onlar arasında yeganə roman Zakir Sadatlıya məxsusdur. A. Mahmudoğlu kitabın ədəbi-bədii məziyyətləri barədə danışıb, müəllifin onu hansı hisslərlə ərsəyə gətirdiyindən söz açıb.
Yazarın ailəsi adından çıxış edən qızı Fidan kitabın ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkür edib: “Tədbir təşkilatçılarına təşəkkür edirəm. Yaramızın, dərdimizin təzə olduğu bir vaxtda atalı xatirələrimi bir-bir sıralamaq mənə çətindir. Atam haqqında yazıçı Zakir Sadatlı kimi danışmaq övladı olsam belə nə həddimdir, nə də haqqım. Əfqanıstan atamın ömrünün özəl və önəmli məqamlarıdır. Atam həmin hissləri bir də “Əfqanıstan uçurumu”nu yazanda yaşadı. “Əfqanıstan uçurumu”nu yazmaqla ölümünə bir dəvət göndərdi, ölümünü tezləşdirdi. Atamın o biri kitablarını həsrətlə gözləmişəm. Bu əsər isə bizim üçün nə qədər qiymətli olsa da, kitabı hələ də əlimə ala bilmirəm. Bu, bir növ atamın, dərdini-sərini təzələdi. Amma kitab bizim ailəmizin xəzinəsi olacaq. Atamın son anlarının qeyd olunduğu kitabdır. Düşünürəm ki, layiqli yerini tapacaq”.
Təqdimatda “Qafqazinfo”nun rəhbəri Elbrus Ərud, şair Qulu Ağsəs, yazıçı Pərviz Cəbrayıl çıxış edərək Zakir Sadatlı ilə bağlı xatirələrini bölüşüb, onun insani keyfiyyətlərindən söhbət açıblar.
Sonda Lent.az İnformasiya Agentliyinin rəhbəri Qabil Abbasoğlu təqdimatda iştirak edənlərə təşəkkür edərək bildirib ki, Zakir Sadatlı hər zaman qəlblərdə yaşayacaq: “Bu, Zakir Sadatlıya kiçik bir dəstəyimiz idi. Zakir bundan sonra qoyub getdiyi ənənələr, öyüdlərlə yanımızdadır. Onun yolunda siz qalımısınız, adını daşıyırsınız. İndi hərəmiz Zakirin bir parçasıyıq. Onun övladlarının da hər birinin mükəmməl bir Zakir olacağına əminəm”.
Təqdimatda Zakir Sadatlının sözlərinə Rövşən Nicatın yazdığı və səsləndirdiyi mahnı, onunla bağlı hazırladığı videoçarx və Əfqanıstan döyüşləri ilə bağlı Tərlan Eyvazovun hazırladığı illüstrasiyalar nümayiş olunub. Klip onu izləyənləri göz yaşlarına qərq edib.
Qeyd edək ki, kitabın satışından əldə olunan gəlir Zakir Sadatlının ailəsinə veriləcək.