“Bu sənətdə istər kişi, istər qadın fərq etməz. İlk növbədə gərək şəxsiyyət olasan. Mən şəxsən hər zaman ilk növbədə yaxşı şəxsiyyət olmaq barədə düşünmüşəm. İkinci növbədə isə sənət durub ”. Bu sözləri Lent.az-a açıqlamasında xalq artisti Yalçın Rzazadə deyib. O, Azərbaycan mədəniyyətindəki yerindən söz açıb: “Bu həyatda dahi də olmaq olar. Amma ilk növbədə şəxsiyyət olmalısan. Bunu isə qazanmaq çətin, qoruyub saxlamaq isə ondan da çətindir. Bu həyatın özü çox qəlizdir. Xoşbəxt və ya bədbəxt günlər olur. Sənət çətinlikləri olur. Amma mən bu sənətdə həmin çətinlikləri görmüş insanam. Deyərdim ki, artıq həmin maneələrdən keçmişəm. Amma bütün bu çətinlikləri görsəm də, heç vaxt öz mənliyimi satmamışam. Nəyəsə dəyişməmişəm. Bunları qorumaq üçün insanda gərək böyük qürur, mənlik olmalıdır. Amma bu sənətdə sənətlə hər kəs məşğul ola bilər. Amma hamısı sənətkar ola bilməz”.
Y.Rzazadə sonra oğlu Mətin Rzazadənin müğənnilik fəaliyyətinə də toxunub. O, bildirib ki, onun yolunu davam etdirən oğluna hər zaman dəstək olacaq: “Oğlum da ifaçılıqla məşğuldur. Bu seçimində mən ona kömək oldum. Xeyri duamı vermişəm. Amma o, elə belə mahnılar oxumur. Klassik mahnılara müraciət edib. Mənim ən qəliz mahnılarımı da öz repertuarına daxil edib. Məncə pis alınmayıb”.