Salyan şəhərinin Mədəniyyət Evində rayonda tanınmış tarzən-pedaqoq Məzahir Məmmədovun anadan olmasının 65, yaradıcılığının 45 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
“CultureAzerbaijan” –dan Lent.az-a verilən məlumatda bildirilib ki, tədbirdə rayon icra hakimiyyətinin təmsilçiləri, rayon İncəsənət Məktəbinin, Mədəniyyət Evinin əməkdaşları, incəsənət xadimləri, rayonun nüfuzlu ziyalıları çıxış edərək Məzahir Məmmədovun həyat və yaradıcılığı barədə danışaraq ona uğurlar arzulayıblar.
Tədbirin əsas təşkilatçısı, rayon Mədəniyyət Evinin müdiri Əli Əlizadə Məzahir Məmmədovun ömür yolu barədə tədbir iştirakçılarına məlumat verib. Məzahir Məmmədov 1948-ci il may ayının 10-da Salyan şəhərində musiqiçi ailəsində anadan olub. Atası mahir zurna ifaçısı Mənəf Məmmədov məşhur “Cəngi” ansamblının yaradıcısı olub və uzun illər ona rəhbərlik edib. Bundan başqa ailənin demək olar ki, bütün üzvləri – 8 qardaşın hər biri musiqi ilə məşğul olub. SSRİ dövründə bu qardaşlar keçmiş ittifaqın bir çox şəhərlərində, xarici ölkələrdə müntəzəm qastrollarda olublar. Sonradan tale onların bəzilərini bu sənətdən ayırsa da qardaşların bəziləri, eləcə də Məzahir Məmmədov bu gün rayon incəsənətinin inkişafında öz sözlərini deməkdə davam edirlər.
Məzahir Məmmədov 10 yaşından etibarən tarla maraqlanıb. Sonradan muğama olan həvəsi onu bu istiqamətdə daha da irəliyə getməyə sövq edib. Artıq 12 yaşı olanda yaxınları onun ifasına qulaq asmaqdan yorulmurdular.
Məzahir Məmmədov 1984-cü ildən etibarən rayondakı Qulu Əsəgərov adına “Gənclik” xalq çalğı alətləri ansamblına rəhbərlik edir. Xatırladaq ki, bu ansambl muğam ustadı Qulu Əsgərov tərəfindən 1946-cı ildə yaradılıb. Gənc Məzahir Məmmədov bu ansamblda fəaliyyətə konsertmeyster kimi fəaliyyətə başlayıb.
Məzahir Məmmədov SSRİ dövründə Xalq Nailiyyətləri Sərgisində iştirak edib və bu mötəbər sərginin diplomuna layiq görülüb. Rəhbərlik etdiyi dövrdə “Gənclik” ansamblının ifa etdiyi 10 musiqi yazısı Rusiyanın qızıl fonduna daxil edilib. SSRİ Mədəniyyət Nazirliyinin fəxri fərmanına layiq görülüb.
Azərbaycanın müstəqilliyi dövründə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəfələrlə diplomlarla təltif olunub, təşəkkürlər alıb. Yaradıcılığı dövründə Rusiya, İspaniya, Yuqoslaviya, Ukrayna, Baltikyanı ölkələr, İran, Orta Asiya ölkələrində və s. dövlətlərdə qastrollarda olub, ümumdünya folklor xalq yaradıcılığı festivallarının laureatı olub.
Məzahir Məmmədov Əhsən Dadaşov, Həbib Bayramov, Bəhram Mansurov və digər ustad tarzənlərin ifasını diqqətlə dinləyib və tarı seçməsində bu sənətkarların xüsusi rolu olub. Ötən əsrin 60-cı illərində Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alan zaman Bəhram Mansurov, Əhməd Bakıxanovdan tar sənətinin bir çox sirlərini öyrənib. 1988-1993-cü illərdə Soltan Hacıbəyov adına Sumqayıt musiqi texnikumunda təhsilini yeniləyib. Bir müddət rayonun Yenikənd kənd musiqi məktəbində direktor vəzifəsində çalışan Məzahir Məmmədov hazırda Salyan şəhərindəki Qulu Əsgərov adına İncəsənət Məktəbinin tar müəllimidir.