Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün Bakının 28 May küçəsində bəstəkar Qara Qarayevin abidəsinin açılışında iştirak ediblər. Lent.az-ın məlumatına görə, hündürlüyü 3 metr olan, qranitdən hazırlanmış abidənin müəllifi xalq rəssamı Fazil Nəcəfovdur. Abidənin ətrafında geniş abadlıq işləri aparılıb.
Dövlət başçısı mərasimdə çıxış edib. Bakı Musiqi Akademiyasının rektoru, Fərhad Bədəlbəyli, Yazıçılar Birliyinin sədri Anar, bəstəkar Arif Məlikov Qara Qarayevin Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışıb, xatirələrini bölüşüblər, musiqi sənətimizin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına təşəkkür ediblər.
Bəstəkarın oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, bəstəkar Fərəc Qarayev çıxış edərək atasının xatirəsinə ucaldılmış abidəyə görə ailələri adından minnətdarlığını bildirib.
Sonra prezident abidənin üzərindəki örtüyü götürüb. Dövlət başçısı və xanımı abidənin önünə gül dəstəsi qoyublar.