Ömrünün 90-cı 8 martı - APA TV
08 mart 2013 16:37 (UTC +04:00)

Ömrünün 90-cı 8 martı - APA TV

 

Bakı- Jalə Məmmədli - APA TV. Özəl gündür. Qadınların günü. Bütün xanımların xüsusi diqqət gözlədiyi gün. Biz də bu günü Azərbaycan qadının simasında gözəl bir xanıma həsr etdik. Ömrünün 90-cı 8 martını yaşayan, lakin qadın şuxluğunu, xanım-xatınlığını itirməyən, Şərqdə qadınlar arasında ilk operanın müəllifi sevimli Şəfiqə Axundovaya... Şəfiqə xanım, onun adını tutub qapısını açan hər bir insanın gəlişinə sevindiyini deyir: "Sizi gördüm dağa döndüm. Sağ olun ki, belə diqqətlisiniz. Çox təşəkkür edirəm. Bilirsiniz, həmişə 8 mart mənim üçün əziz olub, çox yadda qalan olub. Həmişə məni gəlib sayıb, təbrik ediblər. Buna görə də təşəkkür edirəm. Məni yaşadan bacıma da təşəkkürümü bildirirəm. Mən özümü həyatda ən xoşbəxt qadın hiss edirəm".

Qadın zərifdir, ecazkardır. Bu, incə duyğuların daşıyıcıları hər çətinliyə dözənlərdir. Elə Şəfiqə xanım da adını ilklər sırasına yazdırana qədər çox əziyyətlər görüb:"O qədər çətinliklər görmüşəm. Belə demək istəməzdim, ancaq bütün bu çətinliklərə mən sinə gərmişəm, dözümüşəm, sənətimə sadiq olmuşam. Mənim yaradıcılığımı xalqımız məndən yaxşı bilir. Odur ki, mən çox şey demək istəmirəm".

Qadının yaraşığı ismətdir, vəfadır. Əsl Azərbaycan qadınına da yaraşan budur deyir Şəfiqə Axundova... Elə bayram  təbriklərində də xanımlara bunu arzulayır: "Əsl qadın odur ki, ailədə həmişə şadlıq yaratsın. Yoldaşına qarşı vəfalı olsun. Ailəni dolandırsın. Balalarına yaxşı baxsın. Öpürəm bütün Azərbaycan qadınlarını. Onlar mənim əzizlərimdir. Onlar məni çox istəyir, bilirəm, mən də onları çox sevirəm. Mən bütün Azərbaycan qadınlarını təbrik edirəm. Onlara dünyada qadın, ailə səadəti, övladlarına, nəvələrinə həyatda doyunca yaşamağı arzu edirəm. Mən bacımı da təbrik edirəm. O, məni yaşadır. O, olmasa mən yaşaya bilmərəm. Ona doyunca həyat arzulayıram. Mən Azərbaycan qadınlarını bağrıma basıram.  Həyatda doyunca yaşasınlar. Yansın çıraqları gəlsin səsləri".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1316

Oxşar yazılar