Martın 12-də "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin Moskva təmsilçiliyi Moskva şəhərində "Meçta" restoranında tədbir keçirib. Tədbirin keçirilməsində əsas məqsəd Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin "Qarabağa doğru - Haqqın və haqqımızın səsi" adlı layihəsinə dəstək vermək olub.
Tədbirdə ilk öncə "Qazi Qarabağ azanı" səslənib. Sonra isə Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli geniş çıxış edib.
Seyid Camal Əzimbəyli bildirib ki, millətinə və dövlətinə sahib durmayan müsəlmanın dini kimliyi şübhəlidir: “Bu, öz qazi azanına sahib duran dövlətin Qarabağa da sahib duracağının açıq işarəsidir".
Seyid Camal Əzimbəyli Qarabağ azanı ətrafında bölücü fikirlər formalaşdırmağa cəhd edənlərə sərt şəkildə tənqid edərək deyib: "Dini heysiyyatı, milli kimliyi, imanı olan ölkə vətəndaşı belə gərəksiz iftiraları yaymaz. Mən onları hədlərini bilməyə çağırıram”.
Moskvanın dini mühitində tanınan din adamları isə çıxış edərək, hər kəsi Azərbaycan dövlətinin bütövlüyü naminə bir olmağa səsləyiblər.
Məclisdə Moskvada yaşayan çoxlu sayda həmyerlilərimiz iştirak edib. Qarabağ azanı adına keçirilən tədbirdə şəhidlərimizin ruhuna Quran oxunaraq, ehsan süfrəsi verilib.