Rusiya paytaxtında yazıçı Nikolas İlyinin “Bakı haqqında xatirələr” kitabının təqdimat mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, İTAR-TASS agentliyində keçirilən təqdimat mərasimində Rusiya Federasiyası prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə şəxsi nümayəndəsi Mixail Şıvıdkoy, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, kitabın müəllifi Nikolas İlyin və media nümayəndələri iştirak ediblər.
Kitab haqqında məlumat verən yazıçı N. İlyin bildirib ki, bu kitab Bakı tarixinin XIX əsrin sonu XX əsrin əvvələrinədək olan dövrü əhatə edir: “Kitabda köhnə Bakının nadir şəkilləri, şəhərin quruluşu, paytaxtın inkişafına töhfə verən insanlar yer alıb”. “Bakı haqqında xatirələr” kitabının yazılmasının məqsədinə toxunan müəllif, özünəməxsus tarixi olan Azərbaycan paytaxtının dünya ictimaiyyətinə nümayişi olduğunu bildirib.
N.İlyin həmçinin əsər üzərində uzun illər çalışdığını və bu məqsədlə 15-16 dəfə Bakıya səyahət etdiyini bildirib: “Bakı artıq mənim üçün doğma bir şəhərdir”.
Tədbirdə çıxış edən Mixail Şvidkoy belə bir kitabın işıq üzü görməsini böyük mədəni hadisə adlandırıb: “Biz hamımız Bakını cox sevirik. İndi Bakıya səyahət edənlərin gözləri qarşısında yeni bir müasir şəhərin görüntüsü canlanır. Şəhər dəyişir, memarlıq dəyişir, ancaq insanlar ənənələrini qoruyub saxlayır və olduqları kimi qalırlar”.
Mixail Şvıdkoy “Bakı haqqında xatirələr” kitabında toplanan faktların və fotoşəkillərin tarix baxımından xüsusi önəm daşıdığını söyləyib.
Səfiri Polad Bülbüloğlu isə çıxışında kitaba görə müəllifə təşəkkürünü bildirib. Köhnə Bakı haqqında təəssüratlarını bölüşən səfir ingilis dilində işıq üzü görən bu kitabın rus dilinə də tərcümə olunmasının əhəmiyyətini vurğulayıb.