İyunun 21-də Heydər Əliyev Mərkəzində məşhur amerikalı rəssam Endi Vorholun (Andy Warhol) sərgisinin açılış mərasimi keçiriləcək. APA-nın Heydər Əliyev Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərgi Heydər Əliyev Mərkəzinin ABŞ-ın Endi Vorhol Muzeyi ilə əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunur.
Sentyabrın 9-dək davam edəcək “Life, death and beautiful” (“Həyat, ölüm və gözəllik”) adlı beynəlxalq sərgisində müəllifin fotoları, kino, musiqi, moda sahələrinin dünya şöhrətli ulduzlarının portretləri və digər əsərləri nümayiş etdiriləcək.
Sərgidə rəssamın ümumilikdə 100-dək əsəri təqdim olunacaq.
XX əsrin məşhur rəssamı Andy Warhol (Endi Vorhol) 1928-ci ildə doğulub. Fotoqraf və rəssam Andy Warhol (Endi Vorhol) həm də rejissor kimi fəaliyyət göstərib.
Pitsburqda (ABŞ) yerləşən pop-art uslublu Endi Vorhol Muzeyi (Andy Warhol Museum) 1994-cü ildə yaradılıb. Muzey fəaliyyətə başladığı ilk həftədən ziyarətçilər arasında məşhurlaşıb. Belə ki, təkcə açıldığı həftə ərzində muzeyə 25 min ziyarətçi gəlib. Endi Vorhol Muzeyində rəssamın 900 rəsmi, 100 heykəltəraşlıq nümunəsi ,400 fotosu, 60 bədii filmi və s. əsərləri sərgilənir.