Bu gün Marneuli şəhərindəki ATAHoldinq İdman sarayında “Qafqaz-Media” İctimai Birliyinin sədri, Əziz əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun həkim-kardioloqu, şairə-jurnalist, 20-dən çox kitabın müəllifi olan AYB-nin üzvü Azadə Taleh Abbasqızının 50 illik yubileyi qeyd olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Marneulidəki Tsopi ictimai məktəbin direktoru Həsən Əzizov açıb. Sonra tədbirdə Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin (GAJB) sədri Nizami Zilli oğlu şairə-jurnalist Azadə Taleh Abbasqızının həyat və yaradıcılığından, onun 35 illik jurnalistika sahəsindəki uğurlardan söhbət açıb, onun Borçalı əsilli bir şairə kimi bu elə bağlı olduğunu bildirib.
Tədbirdə Ağa Musa Nağıyevin nəvəsi A. M. Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyin sədri Dilarə Nağıyeva, Beynəlxalq Qadın Hüquqları İctimai Birliyinin sədri Təranə Namazova, Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (AMM) sədri Fazil Həsənov, AzərTAC-ın müxbiri Zərəngiz Dəmirçi, gürcü jurnalisti Ketevan Nakaşidze, modelyer Lamara Nadiradze, Bolnisi rayonunun Faxralı kəndindəki bir nömrəli məktəbin müəllimi Səyyad Allahverdiyev, şairlərdən Səyavuş Uyğun, Mayqa Mətin, Elmira Mahaqlqızı, Aslan Gorarxılı və başqaları çıxış edərək Aazadə Taleh Abbasqızına yaradıcılıq uğurları arzulayıblar.
Sonda həkim-jurnalist Azadə Taleh Abbasqızı Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin getdikcə inkişaf etməsindən, gürcü dilində Azərbaycan yazıçılarının əsərlərinin nəşri sahəsindəki uğurlardan və Borçalı haqqında xatirələrindən söhbət açıb, yubiley iştirakçılarına təşəkkür edib.
Tədbirdə yubilyara 50 illik yubileyi ilə bağlı GAJB-ın, AMM-in, A.M.Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin diplomları və hədiyyələri təqdim olunub.
A.Taleh Abbasqızının 50 illik yubileyində müğənnilərdən Azərbaycanın əməkdar artisti Zöhrə Əliyeva, Leyla Şərifova, Səid Nurtəbrizi, Borçalı müğənnilərindən Nəsib Cəfərov və Ədalət Qasımlı Azadə Taleh Abbasqızının şeirlərinə yazılan mahnıları ifa ediblər.
Tədbirdə Dağıstandan, Moskvadan, Çelyabinskdən və Tiflis, Marneuli və Bolnisinin ətraf kəndlərindən gələn qonaqlar iştirak edib.