Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası (İDEA) çərçivəsində Bakıda “Yer kürəsi uşaqların gözü ilə” devizi altında Gənclərin I beynəlxalq fotofestivalı və sərgisi açılıb. Qeyd edək ki, İDEA Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərir.
APA-nın xəbərinə görə, mayın 14-dək davam edəcək tədbir Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.
Tədbirdə çıxış edən L. Əliyeva bildirib ki, sərginin “Mən təbiəti sevirəm” və “Mən çirklənmədən qorxuram” mövzusunda olması fotoqraflara təbiət haqqında fikirləri ifadə etmək imkanı yaradıb.
Bu sərgi vasitəsilə dünyaya ətraf mühitdə mövcud olan problemlərin təqdim edildiyini vurğulayan L. Əliyeva sərginin hər il keçirildiyini qeyd edib.
“Fotoqrafların ətraf mühiti göstərmək üsulu dəyişməlidir. Çox zaman biz “Facebook”, “İnstaqram” kimi sosial şəbəkələrdə gözəl fotolar görürük. İncəsənəti dəyərləndirən bir insan kimi mən inanıram ki, təbiəti ancaq gözəl tərəfdən göstərmək düzgün ideya deyil” deyə bildirən L. Əliyeva qeyd edilib ki, sərgidəki fotolar 90 ölkənin gəncləri tərəfindən təqdim edilən minlərlə foto arasından seçilib.
L. Əliyeva bu günlərdə Azərbaycanda ulu öndər Heydər Əliyevin 90 illik yubileyinin və Gül bayramının qeyd edildiyini xatırladıb: “Bu, gənc fotoqraflar üçün ölkəmizi bayram günlərində fotoobyektivin gözü ilə bütün dünyaya təqdim etmək üçün daha bir şansdır. Əminəm ki, bu festival böyük uğur hekayəsi olacaq”.
Daha sonra isə İDEA tərəfindən mükafatlar təqdim olunub.
Mükafata layiq görülən İngiltərənin “National Geographic Kids” jurnalının keçmiş baş redaktoru, hazırda festivalın kataloqunun baş redaktoru Loren Cervez fotoların planetimizi qorumaq istiqamətində gənclər üçün platforma olduğunu söyləyib.
Digər mükafatçı Fransanın “Polka” jurnalının redaktoru, gənclərin birinci Beynəlxalq fotomüsabiqəsinin münsiflər heyətinin üzvü Alen Cenestar olub.
Xüsusi mükafat isə tanınmış fotoqraf, müsabiqənin münsiflər heyətinin sədri Reza Deqaitiyə təqdim olunub. O, həmçinin Qarabağda, Şuşada çəkdiyi fotolarını da nümayiş etdirib. Fotoqraf bildirib ki, o, indiyə qədər 12 mindən çox qaçqın uşağın fotosunu lentə alıb və bu fotolar sayəsində 3 min 500 uşağın valideyni tapılıb.
Tədbirdə “Planetimiz uşaqların gözü” ilə filmi nümayiş olunub.
Daha sonra isə fotomüsabiqənin qaliblərinin adları elan edilib. Bunlar Fransa, Hindistan, Kanada, Sloveniya, Cənubi Afrika, Ukrayna, Nepal, Türkiyə, Böyük Britaniya, İndoneziya və İspaniyadan olan uşaqlardır.
Müsabiqənin qaliblərinə mükafatlar, o cümlədən kamera avadanlığı təqdim edilib.
Reza Deqaiti ikinci müsabiqənin də başlandığını elan edib. O bildirib ki, bu müsabiqə “Su həyatdır. Susuz həyat mümkün deyil” adlanacaq.
Qeyd edək ki, fotoqraf Reza Deqatinin sədrlik etdiyi münsiflər heyətinə “Reuters”, “Polka” jurnalı, “National Geographic”, “Associated Press” və foto sahəsində tanınmış qurumların nümayəndələri daxildir. Fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim edilib, onlardan 100-ü sərgi üçün seçilib.
Fotomüsabiqə sosial və ətraf mühit mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq layihədir.
Festival və sərginin təşkilatçıları İDEA Kampaniyası və fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır.