Martın 18-də Lənkəran şəhərinin dəmiryolu vağzalının qarşısındakı meydanda Novruz bayramına həsr olunmuş ümumrayon şənliyi keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şənlik iştirakçılarını və bütün rayon sakinlərini bayram münasibətilə təbrik edib, hamıya xoş arzularını çatdırıb. İcra başçısı çıxışında bu ilki Novruzun bütün sahələrdə qazanılan böyük uğurlarla qarşılandığını, ölkənin hər yerində olduğu kimi, bаhаrın аl-əlvаn nахışlаrı ilə bəzənən Lənkərаnın dа kənd və qəsəbələrdə gеniş аbаdlıq və quruculuq işlərinin aparıldığını və yeni infrastruktur layihələrin icrasına başlandığını xüsusi qeyd edib.
Sonra bayram tonqalı yandırılıb, qara zurnanın müşayiəti ilə Bahar qızı, Kosa və Keçəl faytonda meydana daxil olublar. Şənlik iştirakçıları Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin qədim eksponatları, tətbiqi sənət nümunələri, şəhər uşaq rəssamlıq məktəbinin müəllim və şagirdlərinin rəsm sərgisi ilə tanış olublar.
Qara zurnada səslənən “Cəngi”nin sədaları altında idmançılar ağırlıqqaldırma bölməsində, kəndir dartma oyunlarında güclərini sınayıblar. Məşhur “Nənələr” folklor ansamblının, yerli müğənnilərin ifa etdikləri el nəğmələri, bahara və Novruza həsr olunmuş mahnılar tamaşaçıların rəğbətinə səbəb olub.
Novruz şənliyi kütləvi rəqslə sona çatıb.