“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər il olduğu kimi Yeni il bayramına xüsusi hazırlıq işləri həyata keçirir. İdarənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bayram günlərində İçərişəhərdə böyük insan axının, o cümlədən şəhərin qonaqlarının olacağını nəzərə alaraq, zəngin mədəniyyətimizin təbliği məqsədi ilə tərtibat və dekorasiya işlərində maddi irsimizin nümunələrindən geniş istifadə olunur. Bildirilir ki, Qız qalasının qarşısındakı yaşıllıq sahəsi milli ornamentimiz elementi olan butalar şəklində işıqlandırılıb, yaxınlıqda quraşdırılan dekorativ şam ağacı isə Azərbaycan xalçalarının ənənəvi naxışları ilə bəzədilib.
Hündürlüyü 10 metrə çatan şam ağacı günün işıqlı vaxtı Azərbaycanın bütün xalçaçılıq məktəblərinin nümunələrini əyani şəkildə özündə əks etdirəcək, gecə vaxtı isə xalça naxışlarının sayrışması bayram əhval-ruhiyyəsi yaradacaq.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Yeni il bayramı münasibətilə əhalini təbrik edib və bayram günlərində İçərişəhərə dəvət edib.