İlqar Rəsuldan möhtəşəm əsər: ƏN BÖYÜK PARTLAYIŞ
07 noyabr 2013 15:21 (UTC +04:00)

İlqar Rəsuldan möhtəşəm əsər: ƏN BÖYÜK PARTLAYIŞ

Axşam işdən evə qayıdırdı. Şirkətdə gözlənilməz toplantı olduğu üçün həmişəkindən bir qədər gec dönürdü evə bu gün. Qaranlıqda rəngi tutqunlaşmış binalar fasadlarındakı işıqların düzülüşünə və çoxluğuna görə gözəllik yarışına girmişdilər sanki. Gecənin hər yerindən boylanan işıqforlar elə bil maşınların hərəkətini tənzimləməkdən daha çox qaranlıqda xeyli parlaq görünən qırmızı, yaşıl, sarı rənglərini nümayiş etdirirdilər. Payız qışın lap girəcəyində idi. Gün gödək olduğundan hava tez qaralırdı. Ona görə də bu vaxt artıq dalda küçələr tamam kimsəsiz olurdu. Evinə lap az qalmış, sakit küçələrin birində qəfil yanında dayanan maşından üç nəfər cüssəli adam düşüb onu əhatəyə aldı. Üzbəüz dayanan sifətinə möhkəm bir yumruq vurdu. Başına qara torba keçirdib, maşına basdılar. Hər şey o qədər ani baş verdi ki, heç səsini də çıxarda bilmədi. Özünə gələndə hiss etdi ki, maşının arxa oturacağındadı. Sağında və solunda kimlərsə oturub qollarından tutublar. Əlləri arxadan bağlı idi. Başı sinəsinə əyilmişdi. Yanağından aşağı isti nəsə axırdı. Qan idi yəqin ki. Gözünün altına dəyən zərbəni xatırladı...

 

Heç kim danışmırdı. Harasa uzağa aparırdılar onu. Üzlərini əməllicə görməyə macal tapmadığı bu adamlar kim idi, niyə belə edirdilər, fərqində deyildi. Sadəcə, sonunu gözləyirdi...

 

Torbanın içində şeytanı gördü. Əvvəllər o şeytanı heç görməmişdi. Amma indi nədənsə əmin idi ki, qaranlıq torbanın qara divarına söykənib gülümsünərək ona baxan təxminən sərçə boyda, qırmızımtıl sifəti, əlləri və ayaqları, ağımsov qaşları, kirpikləri, saçı olan bu yarımşəffaf qeyri-adi məxluq məhz şeytandı...

 

Söhbətə gözlənilməz qonaq başladı, özü də gülümsünərək:

 

- Bilirsən də mən kiməm?

 

- Hə. Şeytansan.

 

- Hardan bildin, şeytanam?

 

- Bilmirəm.

 

- Mən dedim sənə şeytan olduğumu.

 

- Bu adamları sən gətirmisən?

 

- Yox, özləri gəlib.

 

- Bəs sən niyə gəlmisən ?

 

- Sənə kömək eləməyə.

 

- Niyə? Mən ki, sənə inanmıram.

 

- Çünki sən Allahın sevimlisisən.

 

- Adəmlə Həvva da Allahın sevimliləri idi. Amma onlara pislik elədin.

 

- Deyək ki, onlar Allahın ilk sevimliləri idilər. Yəni müqayisə üçün onlardan başqa Allahın sevə biləcəyi insan yox idi o vaxt. Əlbəttə sevilməli idilər Allah tərəfindən. Amma sən milyardların arasından olan sevimlilərdənsən. O vaxtın sevimlisi ilə indinin sevimlisi ola bilmək xeyli fərqli məqamlardı...

 

- Nə olsun? Sənin ki, məqsədin elə məhz Allahın sevimlilərini yolundan sapdırmaqdı.

 

- Kimi yolundan sapdırmışam ki?

 

- Adəmlə Həvvadan tutmuş üzü bəri nə qədər insan günaha batıb sənin fitnənlə.

 

- Nə yapışmısan ey Adəmlə Həvvadan? Əgər o alma var idisə və Adəmlə Həvva onu hər gün görürdülərsə, demək ki, gec-tez nəfslərini saxlaya bilməyib mənsiz də almanı yeyəcəkdilər. Özün fikirləş də yeməli bir şeyi, yeyənin gözünün qabağından asmaq başqa nə məqsəd daşıya bilər? Belə çıxır ki, mən sadəcə bu əmələ don geyindirmək üçün vasitə olmuşam. Yəni Allah Adəmlə Həvvanı almanı yeyəcək insanlar olaraq yaratmışdı. Məni də onları buna təhrik edəcək mələk olaraq.

 

- Sən Allaha asi olmasaydın, insanlar bu cəhənnəmdə yaşamazdılar.

 

- Bunların hamısı siz insanların başını qatmaq üçün uydurulmuş nağıllardı. Mən kiməm ki, yaradana asi olam. Mən olsam, olsam, insanlara günahı yedirtmək üçün düzəldilmiş qaşığam. Amma o günahı bişirən var axı.

 

- Sənə inanmıram. Qaşığa nə ehtiyac vardı axı?

 

- Hər halda günahı yaradan onu sevimlilərinə öz əli ilə yedirtməyəcəkdi.

 

- Yəni əgər özü birbaşa yedirtsəydi...

 

- Əlbəttə, onda məntiqlə yaradana münasibət dəyişməli idi.

 

- Demək istəyirsən ki, sən sadəcə əsl gerçəyi arxasında gizlədən pərdəsən?

 

- Özü də ən etibarlı pərdə. Amma bir az da dəqiq desək, mən gerçək oyunun mahiyyətindən yayındırmaq üçün düşünülmüş əsas obrazam.

 

- Yəni sənsiz iş getməz?

 

- Bu oyun qaydaları ilə əlbəttə getməz. Təsəvvüründə bir anlıq bütün dini kitablardan məni çıxart.
 

Şeytan bir qədər gözləyib sonra istehza ilə soruşdu: 

 

- Çıxartdın?

 

- Hə - o çaşqın halda cavab verdi və qorxuqarışıq tərəddüdlə şeytana baxdı. Şeytan gözlərini qıyaraq onun nə deyəcəyini bilirmiş kimi təkəbbürlə soruşdu:

 

- Nə baş verdi?

 

- Yazılan hər şey alt-üst oldu. Ən başlıcası da Adəmlə Həvva heç bir səbəbsiz, bəhanəsiz günahkar oldular.

 

- Ay sağ ol - şeytan ucadan güldü - bunu kim etmiş oldu?

 

- .... deyə bilmərəm.

 

- Ay sağ ol. Əlbəttə deyə bilməzsən. Çünki qorxursan ki, küfr etmiş olarsan. Amma sən düşündüyün də deyil. Əslində ən böyük küfr bilirsən nədi?
 

- Nədi?
 

- Hər hansı sualı verməyi yasaqlamaq. Allah insana şüuru əslində sual verə bilmək üçün bəxş edib. İnsan məhz sual verməklə inkişaf edəcək. Özü də heç bir məhdudiyyət olmadan sual verməklə...   

 

Şeytan şaqqanaq çəkib əlini əlinə vurdu. Bir az da kiçilərək sanki rəqs edirmiş kimi gülə-gülə torbanın içində o baş bu başa uçdu. Sonra uzaq küncdə oturub ayağını ayağının üstünə aşırtdı:

 

- Hə, nə fikrə getdin?

 

- Belə çıxır ki, sən Allahın ən vacib mələyisən?    

 

- Yoox, bütün mələklər önəmlidi. Sadəcə, mənim vəzifəm Allaha digər mələklərdən daha çox xidmət etməkdi. 

 

- İnsanların qəlbinə girib haqq yolundan sapdırmaqdı Allaha ən çox xidmət?

 

- Yenə başladın?

 

- Sənə niyə inanmalıyam ki? Əgər dediklərin doğrudan da həqiqətdirsə və o həqiqət bəşəriyyətdən gizlədilirsə, sənin nə həddinədi ki, bunları mənə söyləyirsən?

 

- Orası elədi, əsl həqiqət gizlədilir. Amma Allah tərəfindən yox. Niyə bunları sənə danışdığıma gəlincə, cavabını tezliklə özün tapacaqsan və razılaşacaqsan.

 

Şeytan bir az fikrə gedib, birdən guya nəyisə xatırlayıbmış kimi qəfil dilləndi:

 

- Hə, onu deyirdim axı. Deyirəm insanlar mənsiz də yollarından sapıb günaha batandılar. Mən sadəcə Allaha göstərirəm ki, bax, bunlar günahkarlardır. Yəni sadiq deyillər...

  

Şeytanın bu inadkarlığı onu lap hövsələdən çıxartdı. Kinayə ilə soruşdu:

 

- Əgər Allah hər şeyi görən, biləndirsə, sənin sadiq olmayanları göstərmənə nə ehtiyac var ki?

 

- Əlbəttə Allah hər şeyi görür və bilir - şeytan halını pozmadan gülümsünürdü - amma ona da hər şeyin bir təsdiqi lazımdı. Bax mən həmin o təsdiqləyiciyəm.

 

- Yəni günahkarları təsdiq edirsən?

 

- Yalnız günahkarların yox əlbəttə. Həm də sadiqləri. Məsələn, peyğəmbərləri götürək....

 

Maşın dayandı. Artıq xeyli vaxt idi asfaltdan çıxıb torpaq yolla gedirdilər. Buralara bir az əvvəl yağış yağdığından təkərlər palçıqda batmışdı deyəsən. Sürücü nə qədər əlləşsə də xeyiri olmadı. Arxa oturacaqdakılar söyə-söyə düşüb maşını itələməyə başladılar. Maşını nə qədər yırğalasalar da nəticəsi olmadı. Təkərlər əməlli-başlı çala qazmışdılar palçıqda. Dayanıb nəfəslərini dərməli oldular. Deyəsən siqaret çəkirdilər. Birdən onlardan biri qabaq qapını açıb - şef, bəlkə bunun işini elə burada bitirək-dedi. Yox, ancaq planlaşdırdığımız yerdə-cavabı eşidiləndən sonra qapı örtüldü. Bayırdakı səslər danışa-danışa harasa uzaqlaşdılar. Bir qədər sonra qayıtdılar. Təkərlərin qazdığı çalaya nəsə atırdılar yəqin ki. Maşının altından taxta, daş səsi gəlirdi. Çalanı doldururdular.

Yenə maşın mühərrikin səsinin ahəngi ilə yırğalanmağa başladı. Xeyli əlləşəndən sonra axır ki, yerindən tərpədə bildilər. Təkərlərin çaladan qəflətən çıxması deyəsən üst-başlarını palçığa bulamışdı. Söyə-söyə sağdan və soldan arxa qapıları açıb onun yanında oturdular. Maşın hərəkət etdi...

 

Hə, peyğəmbərlərdən danışırdım axı-şeytan torbanın içində yerini rahatlayıb yenə gülümsündü:

 

- Mən Allaha yalnız günahkarları göstərmirəm. Mən həm də sadiqlərin təsdiqləyicisiyəm. Məsələn, peyğəmbərləri götürək. Qəlblərinə heç girə bilmədim. Allaha təsdiq etdim ki, onlar həqiqətən də sadiqdirlər.

 

- Peyğəmbərlərin sadiqliyini özlərindən başqa arxalarınca apardıqları insanlar onsuz da təsdiqləyirlər də.

 

- Yooox, əksinə. Peyğəmbərlərin arxasınca gedənlərin böyük əksəriyyəti onları bütləşdirərək ümumiyyətlə peyğəmbərliyi yer üzündə həqiqi məqamından endirdilər. Peyğəmbərlər Allahla insan arasında bir vasitə idilər. İnsanlarsa Allahdan daha çox onun elçilərinin - yəni peyğəmbərlərin təəssübünü çəkdilər. Bununla da onlar öz peyğəmbərlərinə pislik elədilər. 

 

- Belə çıxır ki, kitab əhli də bütpərəstlər qədər günahkardı?

 

- Bütpərəstlər qədər yox, onlardan daha çox günahkardırlar.

 

- O necə olur?

 

- Bütpərəstlər hansısa ağacı, daşı bütə çevirdilər. Və ona peyğəmbər yox, Allah deyib sitayiş etdilər. Öz inanclarında da daha səmimidilər. Amma kitab əhli insanı, özü də Allahın vasitəçisini bütə çevirdi və qruplara bölünüb onun davasını etdi, indi də edir. Özü də kiminlə? Bir-biri ilə. Bax indi, bir var daşa hörmətsizlik edəsən, bir də var, Allahın elçisinə. Bir var dilsiz daşı Allah sanasan, bir də var, sənə öz dili ilə Allahın olduğunu deyəni. Hansı daha böyük günahdı?

 

- Allahın elçisinə hörmətsizlik etmək.

 

- Ay sağ ol...

 

“Saxla maşını, çatmışıq” - şefin səsi gəldi. Maşın yavaşıyıb dayandı. Qapılar açıldı. Düşdülər. Onu kobud hərəkətlə dartıb yerə saldılar. Dizləri daşlara çırpılıb iliyinə qədər ağrıtdı onu. İnildəyib birtəhər ayağa qalxdı. Şefin səsi gəldi: “ayaqqabılarını çıxardın! Qoy ayaqları daşın-kəsəyin dadını duysun”. Qarnına möhkəm bir yumruq dəydi. Üzü üstə yerə yıxıldı. Düşündü ki, insan üçün ən pis vəziyyətlərdən biri də gözü bağlı olduğu halda indicə duya bilmədiyi hansı tərəfdənsə vurulacağını gözləməkdi. Amma növbəti zərbə olmadı. Ayaqqabılarını çıxartdılar. Qollarından tutub dikəltdilər, “yeri!” - deyib irəli itələdilər...

 

Səntirləyə-büdrəyə irəliyə - ölümü üçün seçilən yerə tərəf getməyə başladı. Nədənsə əmin idi ki, onu öldürməyə aparırlar. Amma niyə, bilmirdi. Başındakı torbanın ətəklərindən daş-kəsəkli, zibilli bir yerlə getdiyini görürdü. Barmaqlarının aralarına palçıq dolduğu üçün daha da ağırlaşmış ayaqları keyiməyə başlamışdı. Qaranlıq olsa da yanındakıların əllərindəki fənərlərin torpaqda oynaşan dairəvi işıqları ayağını şüşə qırıqlarının, dəmir parçalarının üstünə qoymamaqda ona kömək edirdi...

 

- Qorxmursan? - şeytan gülürdü. 

 

- Qorxuram.

 

- Düz eləyirsən - şeytan qəhqəhə çəkdi... 

 

- Məni öldürməyə aparırlar, eləmi?

 

- Hə, elədi, öldürməyə.

 

- Niyə?

 

- Nə fərqi var niyə? Vacib olanı odur ki, heç bir əməl insanı öldürməyə səbəb sayılmamalıdı, əslində.

 

- Amma sayılır.

 

- Əlbəttə, sayılır.

 

- Demək məni öldürəcəklər.

 

- Yooox, öldürə bilməyəcəklər.

 

- Niyə? Bunların biri tək əli ilə məni rahatca boğub öldürə bilər. Amma yəqin ki, silahları da olmamış deyil.

 

- Silahları var əlbəttə. Həm də yaxşı ki, var. Amma alınmayacaq.

 

- Necə yəni, alınmayacaq?

 

- Dedim axı. Mən sənə kömək edəcəm...

 

Şeytan başını qatdı, kəsəklərin arasında dik dayanmış araq şüşəsinin iti uclu qırıntısı sümüyünə qədər ayağına işlədi. İnildəyib – “lənət şeytana” - deyərək dizləri üstə yerə çökdü. Arxasında biləkdən bağlı olan əllərini ayağına çatdırıb şüşəni çıxartmaq üçün geri əyilməyə cəhd etdi. Kürəyindən dəyən təpik onu üzü üstə daşlığa çırpdı. İlk dəfə başına torba keçirildiyinə sevindi. Yoxsa kim bilir, bəlkə də torbaya ilişib alnına sürüşən dəmir parçası gözünə girəcəkdi. Qollarından tutub dikəltdilər. Təəccübləndi. Yalın ayaqları nəinki soyuğu, heç daşları, torpağı da hiss etmirdi. Bir az da isti idi ayaqlarına. Sanki bənövşəliklə yeriyirdi. Yarası da ağrımırdı. Amma yeridikcə torbanın ətəyində tez-tez peyda olub itən sağ ayağının necə qanadığı aydın görünürdü. Arada çala-çuxura düşməsə, belə yerimək hətta ona xoş idi...

 

Şeytan torbanın içində şaqqanaq çəkib gülürdü. Səsi az qala onun qulaqlarını deşəcəkdi.  

 

“Nədi səni belə ürəkdən güldürən?” - pərt olmuş halda soruşdu. Şeytan “amma onu yaman ürəkdən dedin” - deyib yenə şaqqanaq çəkdi.

 

- Nəyi dedim ürəkdən?

 

- Şüşə ayağına batanda dediyini...

 

Yalnız indi fərqinə vardı ki, bir az əvvəl şüşə ayağını kəsəndə şeytana lənət oxuyub. Pərt oldu:

 

- Doğrudan a, heç fərqində olmamışam.

 

Bir az fikrə gedib sonra şeytana baxaraq kinayə ilə davam etdi:

 

- Dediklərindən belə çıxır ki, sən Allahın daha vacib işlə məşğul olan mələyisən eləmi? 

 

- Əlbəttə.

 

- Onda insanlar şeytana lənət oxuyanda əslində günaha batmış olurlar?

 

- Yooox. İnsanlar mənə o sözü deməklə əslində savab qazanırlar. Yəni insanlar lənət oxumaqla mənim Allah qarşısında borcumu necə gözəl yerinə yetirdiyimi təsdiq etmiş olurlar.

 

- Demək, Allah hər şeyi görən, bilən olsa da, onun qarşısında sənin də təsdiqlənmən lazımdı.

 

- Əlbəttə.

 

- Və bunu insanlar edir.

 

- Elədi, bunu insanlar edir. Şeytana lənət oxuyan insan əslində Allaha deyir ki, bax, o, öz vəzifəsinin öhdəsindən lazımınca gəlir...     

  

“Dayan!” - arxadan səs gəldi. Dayandı. Boynunun ardından vurub dizləri üstə yerə saldılar onu. Peysərinə küt soyuq dəmir parçası dirəndi. Yəqin ki, tapança idi. Bu da son-deyə düşünüb torbanın içində gözlərini yumdu...

 

Amma şeytanı görürdü. Şeytan – “yoox, bu hələ başlanğıcdı” – deyib, güldü...

 

Torbanın çölündən şefin səsi gəldi:

 

- İşini bitirin!

 

- Dayanın! - bu dəfə özü dilləndi - bəs son arzum?!

 

- Nə, nə dedin?! - kimsə soruşdu.

 

- Bəs son arzumu dinləmək istəmirsiniz?

 

Ətrafda gülüş səsləri eşidildi. Kimsə başqa bir səs onu lağa qoyurmuş kimi soruşdu:

 

- Nə son arzu?

 

- Qatilliyi də kişi kimi eləmək lazımdı. Ölümqabağı adamdan son arzusunu soruşmaq da olardı.

 

- Bəlkə sənin ən böyük arzunu yerinə yetirək - həmin səs eşidildi və yenə gülüşdülər.

 

Sonra ani bir sakitlik yarandı. Bayaqdan hamıya göstəriş verən səs, yəni şef – “yaxşı, qoyun söyləsin görək nəymiş bu əbləhin son arzusu” - deyib ətrafdakıları sakitləşdirdi.

 

Yenə sükut...

 

Torbanın içində şeytan peyda oldu. Gülümsünüb soruşdu:

 

- Səncə, icazə verəcəklər son arzuna çatmağa?

 

- Məncə, yox...

 

- Yaxşı fikirləş.

 

- Mən heç son arzumun nə olduğunu və bunu niyə dediyimi də bilmirəm. Onların nə edəcəklərini hardan bilim?

 

- Nəinki icazə verəcəklər, hətta dediyinə əməl də edəcəklər - şeytan bu dəfə möhkəm güldü...

 

- Səncə niyə razı olacaqlar son arzumun yerinə yetirilməsinə?

 

Şeytan bic-bic qımışaraq – “çünki mən indi onların yanındayam” – deyib, qeyb oldu...

 

Çiyninə bir təpik dəydi:

 

- Arzunu de!

 

- Əllərimi açın, ölümqabağı son dəfə dua edim.

 

Sükut yarandı. Bir qədər sonra yenə şefin hökmlü səsi eşidildi:

 

- Açın əllərini!

 

- Şef, bəlkə lazım deyil, sürücü  maşının yanında onsuzda bunun üçün dua edir - deyə adamlardan biri istehza ilə dilləndi.

 

- Açın əllərini! - şef bu dəfə əsəbi halda əmr etdi.  

 

Peysərinə silahı dayayan adam onun arxasında əyilib əllərini açdı. Torbanı başından çıxartmadı. Amma o nədənsə qəfildən hər şeyi görməyə başladı.

 

Noyabrın ayazlı gecəsində bir tərəfi hansısa dağlara qədər uzanıb gedən daş-kəsəkli çöllükdə idilər. Ay artıq ətrafı işıqlandırmağa başlamışdı. Hər tərəf aydınlıq idi. Yerdəki daşı, çınqılı, şüşə qırıqlarını belə görmək olurdu. Bir az aralıdakı zibil təpələri buranın şəhərin kənarı olduğunu düşünməyə əsas verirdi. Ətrafda heç bir səs yox idi. Demək, maşın yolundan xeyli aralı idilər. Yəni təsadüfi köməyə ümid bağlamağa dəyməzdi...

 

Üç nəfər idi onu bura gətirən. Məlum məsələdi ki, sürücü maşının yanında qalmışdı. Nəfəslərdən çıxan buxar sifətlərin qarşısında ani olaraq boz pərdə yaradır, tez də çəkilib gedirdi. Hamıya göstəriş verən - şef qara kostyumda saçları yanlardan bir az ağarmış, kök hündür, yekəqarın kişi idi. Siqaret çəkib, ümumi mənzərəni seyr edirdi. Şefdən bir necə metr aralı, sol tərəfdə dayanansa cins şalvarda və qara dəri gödəkçədə idi. Arxasındakını görə bilmirdi. Amma nədənsə əmin idi ki, o da cins şalvarda və qara dəri gödəkçədədi. Maşında nəfəslərindən hiss etmişdi ki, üçü də içkilidilər. Kimlikləri dillərindən bəlli idi. Yerli-yersiz söyüş söyürdülər....

 

Arxadakı – “tez elə, duanı oxu!” - deyib tapançanın dəstəyi ilə boynundan vurmaq istəyəndə əli boşa keçdi və müvazinətini saxlaya bilməyib onun çiyninin üzərindən aşaraq kürəyi üstə düz qarşısında yerə sərildi. Tapança onun dua oxumaq üçün qabağa uzatdığı ovuclarının içinə düşdü. Bircə qalırdı nişangahın səmtini dəyişib atəş açmaq. Amma o heç vaxt silahdan atəş açmamışdı. O da ola ki, qarşısındakı üç canlı hədəfi tez və dəqiq nişan ala bilə...

 

Torbanın içində şeytan peyda oldu:

 

- Hə, nə durmusan, başlasana!

 

- Mən bacarmaram.

 

Şeytan gülürdü:

 

- Sənə yalnız tətiyi çəkmək qalır. Tələs!

 

Gözünü möhkəm yumub, dişlərini bir-birinə sıxdı, sol əli ilə sağ qulağını torbanın üstündən qapayıb sağ əli ilə əvvəl aşağı - qarşısında yerə, sonra da qabağa - azca sağa və azca sola pərakəndə şəkildə atəş açdı. Özü də nə az, nə çox, düz üç dəfə...

 

Ətrafa məzar sakitliyi çökdü. Əvvəl bir az dayanıb gözlədi. Kimsənin qımıldanmadığını duyanda şeytan qarışıq torbanı başından çıxardıb atdı. Biri qarşısında, ikisi bir az aralıda olmaqla yerdə üç meyit gördü. Hamısının da bir əli ürəyinin üstündə. Barmaqlarının da arasından qan süzülürdü. Bu qədər sərrast olduğuna çaşıb qalmışdı. Şeytan bir az aralıda, zibil təpəciyinin zirvəsində oturub gülürdü...

 

Özünə gəlib yerindən qalxdı. Şeytana baxıb, - “indi nə edim?” - soruşdu.

 

Şeytan şaqqanaq çəkdi:

 

- İndi qaç.

 

- Hara?

 

- Maşına tərəf.

 

Dayanmadan şeytanın göstərdiyi istiqamətə qaçmağa başladı. Nəfəsi kəsilirdi. Ağzından çıxan buxar az qala gözlərinin qarşısını tamam bağlayırdı. Bir tərəfdən də addımbaşı ayağına dolaşan saralmış dəvətikanı kolları ona mane olurdu. Bilmədən dərin bir gölməçəyə yıxıldı. Gözlərinin, ağzının içinə qədər palçıqlı suya bulaşdı. Amma qalxıb yenə qaçdı. Tapançanın palçığını pencəyinin ətəklərinə silə-silə dayanmadan şeytandan soruşdu:
 

- Qaçmaq üçün onları sadəcə yaralamaq olmazdımı?  

 

- Yoox, belə daha etibarlıdı. Bir də sən niyə onların dərdini çəkirsən ki?

 

- Nə qədər olmasa yazıq idilər.

 

- Kim, onlar? - şeytan ucadan güldü - o "şef" deyilən var ey, ikinci arvadının on üç yaşlı qızını zorlayıb. Digər iki nəfərin biri pula görə bacısının ərini öldürüb, o biri də anasının nişan üzüyünü oğurlayıb qumarda uduzub. Bunları düşünmək belə dəhşətdi...

 

- Yəni pis əməllər səni də dəhşətə gətirir? - o kinayə ilə güldü.

 

- Sən inanma. Amma hətta şeytan üçün də bunlar dəhşətli günahlardı. Yaxşı, deyək ki, şef pis adam idi, mən də onu bu əmələ təhrik etdim. Axı o, on üç yaşlı qız məsum idi. Onun başına elə bir müsibətin gəlməsi mənim nəyimə lazım idi ki? Eləcə də halala pulunun üstündə öldürülən zəhmətkeş yeznə, nişan üzüyü qumarda uduzulan ağbirçək ana bu cür rəftara layiq deyildilər. Hansı məntiqə görə mən onlarla belə rəftar etməli idim?

 

- O məntiqlə ki, sən şeytansan.

 

- Onda bəs seytanın köməyi ilə üç nəfəri öldürüb canını qurtaran sən kim olursan?

 

Şeytanın sanki hövsələdən çıxaraq verdiyi sual şapalaq kimi səsləndi onun qulağında. Nə deyəcəyini bilmirdi. Maşına yaxınlaşmaları onu əbəs yerə cavab axtarmaqdan xilas etdi. Növbəti zibil təpəciyini keçən kimi maşın artıq göründü. Sürücü qabaq təkərin yanında yerə çöküb arxası onun gəldiyi tərəfə ibadət edirdi. Yəqin elə bilmişdi ki, bir az əvvəl atəş açan dostlarıdır, onu güllələyiblər. Ruhu da incimədən, arxayınca öz işində idi. Şeytan maşının üstündə oturmuşdu. Çatan kimi ona dedi ki, sürücünü vur. Özü də bütün güllələri boşalt canına. O da tərəddüd etmədən tapançada qalan dörd gülləni sürücünün kürəyinə boşaltdı. Sürücü ağzı üstə yaydan qalan saralmış otların üzərinə düşərək sanki yerini rahatlayırmış kimi yüngülcə tərpənib canını tapşırdı. Ağzından axan qan sifətinin bir hissəsinin tapdaladığı otları tədricən qızartmağa başladı...  

 

- Otur maşına - şeytan kübar bir nəvazişlə sürücünün yerinə işarə etdi. 

 

- Mən maşın sürə bilmirəm axı.

 

Şeytan güldü:

 

- Guya silahdan istifadə edə bilirdin ki?

 

Bərəlmiş gözləri onun ayaqlarına tərəf zillənərək donub qalmış sürücünün meyitinin üstündən keçib maşına oturdu. Bir neçə səriştəsiz cəhddən sonra mühərriki işə sala bildi. Şeytan maşının içindəki qabaq güzgünün üstündə oturub qımışaraq ona – “hə, cəsarətli ol, indi sən maşın sürməyi ən azı bu sürücüdən yaxşı bacarırsan” - deyirdi. Yol nə qədər kələ-kötür olsa da geri qayıdanda təkərlər heç bir yerdə batmadı. Təxminən yarım saat sonra maşın geniş asfalt yola çıxdı. Gecə yarısı, yol da boş. Burada artıq naşı adam da maşını rahatca idarə edə bilərdi. Daha şeytanın köməyinə ehtiyac yox idi sanki. Amma o deyəsən güzgünün üstündən düşmək fikrində deyildi. Gözünü yoldan ayırmadan şeytandan soruşdu:

 

- Sürücü ibadət əhli idi. Barı onu öldürməsək olmazdımı, özü də o cür qəddarlıqla?

 

- Nə "öldürdük" deyib durmusan! Əvvəla biz yox, sən öldürdün onların hamısını - şeytan kinayə ilə dilləndi - ikincisi də o ibadət əhlinin günahı digərlərininkindən daha böyük idi.

 

- O necə olur?

 

- O üç nəfər həyat tərzləri ilə də qatil idilər. Amma sürücü ibadət əhli olduğu halda qatillik edirdi. Bu məqam artıq vəziyyəti sürücünün ziyanına dəyişir.

 

- Kim bilir neçə uşaq yetim qaldı.

 

- Yeddi.

 

- Nə yeddi?

 

- Demirsən neçə uşaq yetim qaldı? Deyirəm ümumilikdə yeddi uşaq də. Hamısı da oğlan. Üçü şefin əvvəlki arvadından olan uşaqlar, ikisi sürücünün, digər qatillərin də hərəsinin bir oğlu var idi.

 

- Bəs o yazıqları fikirləşmədin heç?

 

- Əlbəttə fikirləşdim - şeytan ciddi sifət aldı - fikirləşdim. Məsələ ondadır ki, elə adamların uşaqları da adətən böyüyüb cinayətkar olurlar. Amma yetimlər - şeytan həvəslə əllərini dirijorsayağı başı üzərində oynatdı - yetimlər qəlbisınıq olurlar. Xüsusilə də atasızlığı həmişə ürəklərinə saldıqları üçün adətən təpərsiz böyüyürlər. Kiçik yaşlarında məhəllədə, məktəbdə, lap elə qohum-əqrəba arasında da utanırlar ataları olmadığı üçün. Buna görə də sonda yetimlərdən daha çox insan alınır nəinki belə ataları olanlardan. Kasıbların da əksəriyyəti belə olur çox vaxt. Əslində kasıb mərd olmur, insan olur adətən. Mərdlik də insanlığın bir əlamətidir axı.

 

- Elə arxayın deyirsən ki, guya atalılardan, varlılardan heç insan olmur.

 

- Olur, əlbəttə, niyə olmur - şeytan tərzini pozmadan cavab verdi - amma burada söhbət cinayət törətmək üçün təpəri olmayanlardan gedir. Dedim axı, qəlbisınıqlardan. Hə, yeri gəlmişkən, sənin uşaqların da qəlbisınıqlardan olacaqlar.

 

- Niyə? Mən ki, hələ sağam – deyib, təəccüblə şeytandan soruşmuşdu ki, qarşıdan gözlərinə gur işıq düşdü. Deyəsən, yük maşını idi. Gözlərini qıyıb yolu görmək istəyirdi. Amma heç cür alınmırdı. Sürət böyük, işıqlar çox gur idi. Həm də düz yolun ortası ilə irəliləyirdi nəhəng görüntü. Şeytan suala cavab vermədən güzgünün üstündən qeyb oldu. İşıqlar daha da böyüdü. Sonra maşın əyləclərinin qulaq batıran ulaşması və qaranlıq bir boşluq yarandı....

 

Hər şey o qədər sürətlə baş verdi ki, heç maşının yolun kənarındakı dərəyə necə yuvarlandığını da duya bilmədi. Özünə gələndə maşın aşağıda - qarşısını kol-kos kəsmiş ağaclıqda tərs üzünə çevrilib qalmışdı. Möhkəm əzildiyi üçün qapıları açmaq mümkün deyildi. Hətta mümkün olsaydı belə bacarmazdı. Hiss edirdi ki, onurğası sınıb. Amma nədənsə heç bir yeri ağrımırdı. Yalnız başını azca tərpədərək ağzını sükanın ortasından pırtlayıb çıxmış hava yastığından kənara çəkdi ki, boğulmasın...

 

Şeytan havada fırlanan palçıqlı qabaq təkərin üstündə oturub gülümsünürdü.   

 

- Bəs deyirdin mən Allahın sevimlilərindənəm - çətinliklə şeytandan soruşdu.

 

- Əlbəttə, sevimlisən.

 

- Onda niyə belə?

 

- Sevimli olmaq kiminsə ömrünü uzatmaz. Hərə öz vaxtında getməlidi. Əslində qatillər günü düz seçmişdilər, amma yeri və vaxtı yox - şeytan bic-bic gülərək davam etdi - yəni sənin sonun o qatillər istədiyi vaxt, orada yox, indi, burada və bu şəkildə olmalı idi. Amma bu gün ora yaxın yerdə başqa iki nəfər ölməlidi. Özü də maşın qəzasında.

 

- Demək mən indi ölürəm. Buna görə hər şeyi mənə danışırdın eləmi? Yəni insanın bilməli olmadığı şeyləri.

 

Şeytan təsdiqləyici baş hərəkəti ilə gülümsədi. O da əlavə cavab gözləmədən bayaqdan ağlından çıxara bilmədiyi əsas sualı verdi şeytana: 

 

- Məni niyə öldürmək istəyirdilər?

 

- Səhv salmışdılar. Əslində onlar səni yox, boy-buxunca, elə geyminə görə də sənə çox oxşayan qonşunu - ekstrasens var a, onu oğurlayıb öldürməli idilər. Sadəcə, o həmişəki vaxtda həmişəki yerdən keçmədi. Sənsə işdə gecikərək onun vaxtında onun yerində peyda oldun...

 

- Bəs onu niyə öldürmək istəyirdilər ki?

 

- Heç, sadəcə öncəgörmə qabiliyyətinə görə bədxahları onu guya şeytana xidmət etməkdə suçlayıb muzdlu qatillərə öldürülməsini sifariş vermişdilər...

 

Yadına bir neçə il əvvəl həmin qonşusu ilə olan söhbəti düşdü. Gecə yuxuda görmüşdü ki, evləri yanır. Həyat yoldaşını və uşaqlarını xilas edirlər, amma özü evdən çıxa bilmir və od tutub yanır. Öz qışqırtısına yuxudan oyanmışdı. Sonralar buna oxşar yuxular bir neçə dəfə də olunmuşdu. Axırda həyat yoldaşının təkidi ilə hamının "baxıcı" adlandırdığı, amma özünün heç vaxt inanmadığı həmin ekstrasens qonşuya müraciət etmişdi. Qonşu əslində, ali təhsilli, mədəni və alicənab adam idi. Falçılar, baxıcılar kimi də özünün bu qeyri-adi bacarığını varlanmaq  məqsədilə istifadə etməzdi.

 

Axşam ekstrasens onu evində şam işığında qəbul etmişdi. Yuxusunu dinləyib müxtəlif suallarla daxili tərəddüdlərini, həyəcanının, qorxusunun miqyasını özü üçün müəyyənləşdirmişdi. Sonra gözlərinin içinə, ovuclarına baxıb yarızarafat-yarıgerçək - narahat olmayın, siz avtomobil qəzasında öləcəksiniz - demişdi:

 

- Şəhərdən xeyli aralıda, maşını idarə etdiyiniz zaman qəza baş verəcək.

 

O, qonşunun gözlərinə baxıb, “axı mənim maşınım yoxdur. Heç sürə də bilmirəm” - deyərək təəccübünü gizlətməmişdi.

 

“Lap yaxşı də” - qonşu gülərək – “demək ölməyəcəksiniz” - deymişdi. Sonralar qonşu ilə arasında olan bu söhbətə, ümumiyyətlə cahillik edib onun yanına getdiyinə görə dəfələrlə özünü qınamışdı. İndi bütün bunlar ildırım sürətilə ağlından keçəndə heç vaxt inanmadığı qonşusuna bir anlıq heyran da oldu sanki...

 

- Hə, nə fikrə getdin? - şeytan soruşdu.       

 

- Belə çıxır ki, o vaxt qonşum düz deyirmiş-qeyri ixtiyari dilləndi.

 

- Əlbəttə, düz deyirdi. Amma axıra qədər yox-şeytan şaqqanaq çəkdi yenə.

 

- Nəyi deməyib ki?

 

- Yuxuların dediyini.

 

- Yuxular nə deyirdi ki?

 

Şeytan əlini əlinə vuraraq ucadan gülüb qəfildən sanki etiraz edirmiş kimi dilləndi:

 

- Əşşi, burax bu cavabının astanasında olduğun sualları! Bir azdan özün anlayacaqsan nəyi görə bilməyib sənin o "şeytana xidmət edən" qonşun.  

 

- Doğrudan ekstrasenslər, baxıcılar, falçılar sənə xidmət edirlər?

 

- Yoox, onlar kimdilər ki, mənə xidmət etsinlər. Amma ekstrasensləri falçılarla, baxıcılarla eyniləşdirmək olmaz. Düzdü ekstrasenslərin də çoxu fırıldaqçıdır. Amma insanın hələ uzun müddət açılmayacaq imkanlarına indidən sahib olanları da az deyil. Məsələn, sənin qonşun bu işdə pis deyil. Elə buna görə də fırıldaqçı rəqibləri onu aradan götürmək istəyirlər. Amma onda da çox vaxt yox, hərdən alınır.    

 

- Aradan götürə biləcəklər? - maraqla soruşdu.

 

- Əlbəttə, götürəcəklər - şeytan məmnunluqla cavab verdi - özü də bu yaxınlarda.

 

- Yəni Allahın adıyla öldürəcəklər eləmi?

 

- Hə.

 

- Belə çıxır ki, məni öldürmək istəyənlər özlərini haqlı bilib öldürürdülər?

 

- Hə.

 

- Demək, o ibadət edən sürücü də savab iş gördüyünü düşünürmüş?

 

- Hə, əlbəttə. Amma nə olsun? Öldürmək, ümumiyyətlə, olmaz. Allahın adıyla öldürməksə heç olmaz. Əgər insan özünə verilən həyatın mahiyyətini və dəyərini tam gerçəkliyi ilə dərk eləsə, heç vaxt başqasının həyatına qəsd etməz. Nə yazıqlar ki, insanlar yalnız qocalıb əldən düşəndə və ya ciddi xəstəlik tapanda - yəni ölümqabağı həyatın dəyərini anlayırlar. Əslində insanlar üçün həyat da yurd yeri kimidi. Yaşayanda maraqlı, itirəndə sevimli olan yurd yeri kimi...      

 

O, şeytanın həvəslə göyə baxıb dirijorluq edərək söylədiyi nitqini yarıda kəsib bayaqdan boğazında ilişib qalmış sualı verdi:

 

- Bəlkə dinlərin vəd etdiyi xilaskar gəlməlidir artıq? Axı demək olar ki, hamı Allahın adıyla öldürür. 

 

- Xilaskar olmayacaq.

 

- Niyə?   

 

- Haqqında eşitdiyin xilaskar əslində bəşəriyyətin başının altına qoyulmuş ən böyük yastıqdı. Yəni "insanlar, siz sakitcə oturun, hər şeyi bəxtin, taleyin, qismətin ayağına yazın, sual vermədən, üsyan etmədən səbrlə zülmün ərşə qalxmasını gözləyin. O zaman xilaskar gələcək və hər şey yaxşı olacaq". Əslində yer üzündə hər gün zülm ərşə qalxır. Məsələn, o "şef" deyilən var idi e, bax, onun zorladığı on üç yaşında qızcığaz üçün hər gecə zülm ərşə qalxırdı. Çünki hər gecə o dəhşət içində gözləyirdi ki, anası yatandan sonra atalığı gəlib onu zorlayacaq.

 

- Demək, mən o qızcığazın xilaskarıyam - ümidlənmiş halda öz-özünə pıçıldadı - daha bir də atalığı gecələr onu zorlamayacaq. Pis təsəlli deyil mənim üçün bu gün olanlara görə.

 

- Hə, orası elədi - şeytan nəsə fikrə getmiş halda deyiləni təsdiqləyir kimi cavab verdi - atalığı onu daha zorlamayacaq. Amma buna səbəb sən deyilsən.

 

- Bəs kimdi? Deyirdin axı qatillərin hamısını sən yox mən öldürdüm. Demək, qızı da mən xilas etmişəm də. Elə deyil?

 

- Yox. Məsələ burasındadır ki, bir az əvvəl qızcığaz növbəti zorlanmanın dəhşətinə dözməyəcəyini düşünərək özünü asıb. Axı o hardan biləydi ki, atalığı bir də evə qayıtmayacaq...

 

Bir müddət heç biri danışmadı. Fikrə gedib susdular. Şeytan bilirdi o nə barədə düşünür. O, öz halını unudub qızcığazı ağlayırdı ürəyində. Sükutu yenə də şeytan pozdu. Özü də kinayə ilə: 

 

- Görürsən də nələr olur. Deyirəm, bəlkə heç yer üzündə zülmün ərşə qalxmasını  gözləmək lazım deyil. Bəlkə insanlar xilaskar gözləməkdənsə, özləri özlərini sadəcə öz xislətlərindən xilas etməlidilər? Hə, nə deyirsən?  

 

- Demək, insanın özündən başqa xilaskarı yoxdu?

 

Şeytan onu əla salırmış kimi qaş-gözünü oynadaraq cavab verdi:

 

- Niyə, var. Məsələn, Günəş. Sönəcək və hamı xilas olacaq.

 

Bu dəfə şeytan necə ucadan güldüsə, bir anlığa ətrafında alov dilimləri əmələ gəlib yox oldu. Sonra təkərin üstündən itib, maşının tərsinə dayanmış pəncərəsinin qarşısındakı kötüyün üzərində peyda oldu. Şəhadət barmağını havada yellədərək davam etdi:

 

- Amma əgər sənin xəyal etdiyin xilaskar olsaydı belə göylərdən enib insanların köməyinə gəlməzdi.

 

- Elə niyə? - etinasız halda soruşdu.

 

- Çünki insanlıq o qədər dinlərə, təriqətlərə, bir sözlə qruplara bölünüb ki, kimi kimdən xilas etmək məsələsi artıq göylərdə də sual altına düşüb-şeytan nədənsə iyrənirmiş kimi üz-gözünü turşutdu. 

 

- Onda bəlkə yerlərdə Allahı xilas etmək üçün gəlməlidir xilaskar? Axı Allahın adıyla öldürürlər.      

 

- Pis fikir deyil - şeytan həvəslə cavab verdi - amma yerlərdə Allahın xilaskarı var axı -şeytan sinəsini qabardıb qürrələnirmiş kimi gülümsündü.

 

- Kimdi ki?
 

- Mən.

 

- Yəni, şeytan Allahın xilaskarıdı.

 

- Yerdə hə. Yerdəkilər məni məhz elə bunun üçün öz bildikləri kimi uydurublar. Yəni öz maraqlarına görə. Guya nə pis iş olursa, hamısını mən edirəm. Əslində bu nağılların yaradana heç bir dəxli yoxdu...

  

Yük maşınından düşən iki nəfər dərənin başında siqaret yandırıb bir xeyli nə barədəsə mübahisə etdilər. Deyəsən, dərəyə düşüb onun öldü-qaldısını yoxlamaq məsələsində razılığa gələ bilmirdilər. Sonda razılaşdılar, əlbəttə. Amma dərəyə düşüb baxmağa yox, maşına minib getməyə. Siqaretlərini tullayıb, ətrafa baxdılar. Kimsənin onları görmədiyindən tam arxayın olduqdan sonra qayıdıb maşına mindilər Allahı unutmuşlar...

 

- Bax, görürsən, səni xilas etmək əvəzinə çıxıb gedirlər - şeytan yük maşınına tərəf işarə elədi. Sonra istehza ilə əlavə etdi:

 

- Yaxşı, gedim onları da əzrailə təhvil verim...

 

Yük maşını yerindən tərpənəndə şeytan kabinənin üstündə oturub "dirijorluq" edirdi. Ona baxıb mahnı oxuyurmuş kimi hərəkətlərlə deyirdi ki, bütün günü işimiz budur. Amma əvvəllər - Adəmlə Həvvanın dövrü deyilən zamanlarda belə deyildi, əməlli-başlı istirahət edirdik. Hətta onlar insanlığın tarixində ən böyük günahkarlar olsalar belə...

 

Bu, şeytanın son dedikləri oldu. Yük maşını gurultusunu da götürüb, gözdən itdi...

 

Burnuna benzin qoxusu gəlirdi. Maşının mühərrik hissəsindən görünən alov işartıları getdikcə böyüyürdü. Bir azdan partlayış olacaqdı demək. Sonra da güclü yanğın.

 

Şeytanın dediklərini xatırladı: "Əşşi, burax bu cavabının astanasında olduğun sualları. Bir azdan özün anlayacaqsan nəyi görə bilməyib sənin o şeytana xidmət edən qonşun". 

 

Qeyri-ixtiyari olaraq ağlından bir fikir keçdi:

 

Əslində insan üçün ən böyük partlayış, kainatı yaradan yox, sadəcə onun öz həyatını dəyişən partlayışdır... 

 

İlqar Rəsul

Bakı-21.10.2013

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1962
avatar

İlqar Rəsul

Oxşar yazılar