Əməkdar artist: “Teatrın bütün gizlinlərini açıqlayacağam” - MÜSAHİBƏ
29 mart 2013 10:42 (UTC +04:00)

Əməkdar artist: “Teatrın bütün gizlinlərini açıqlayacağam” - MÜSAHİBƏ

“Müğənnilər məgər banditdir ki, onları “bandotdel”ə çağırırlar?”


 

Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın aktyoru Elxan Quliyevin APA-ya müsahibəsi

 

- Necə dolanırsınız?

 

- Normal. Deyim ki, yüksək səviyyədə dəbdəbəli yaşayıram, yox, deyə bilmərəm.   

 

- Aktyorun gündəlik rejiminə nələr daxildir?

 

- Səhər 9-da oyanıram. Əvvəl gedib marketdən alış-veriş edirəm, qayıdıb çay-çörək yeyirəm. Saat on birin yarısı teatra məşqə gəlirəm. Məşqim oldu-olmadı, mən hər gün teatra gəlirəm, çünki həm də teatrda Həmkarlar İttifaqının sədriyəm.

 

- Martın 10-da teatrınızın fəaliyyətə başlamasının 140 ili tamam oldu...

 

- Bəli, bu il teatrımızın 140 illiyidir. Aprelin 10-da mədəniyyət həyatımızın bu əlamətdar hadisəsi yüksək səviyyədə qeyd olunacaq. Teatr gününü biz elə səhnədə qeyd etdik.

 

- Hazırda teatrda hansı tamaşalarda oynayırsınız?

 

- İndi “Qaraca qız” tamaşasının məşqləri gedir. Amma 15 repertuar varsa, onun 8-də mən varam.

 

- Seriallarda çəkilişlər necə gedir?

 

- “Həkimlər” serialına çəkilmişəm. O serial da yekunlaşmaq üzrədir.

 

- Qəribədir, çox tamaşalarda rol alsanız da, bir dəfə də olsun baş rolda oynamamısınız.

 

- Nə rol veriblər, onu da oynamışam. Mən necə deyərlər, inadkar deyiləm. Rol verəndə onu istəmirəm, bunu istəmirəm deyə, ayrı-seçkilik etməmişəm. Nökər rolunu da oynaya bilərəm, şah rolunu da. Heç bir problem yoxdur, istənilən obrazı canlandıra bilərəm. Mənə niyə baş rol təklif etmədiklərini bilmirəm. Özləri bilər, yalvarası deyiləm ki.

 

- Oynadığınız rolların heç biri yaddaqalan olmayıb. Bəlkə bu səbəbdən geniş tamaşaçı kütləsi tanımır.

 

- Gözə girməyi xoşlamıram. Lazım olanda gözə görünürəm.

 

- Sizin üçün gözə girənlər kimlərdir?

 

- Bilirsiniz, qısa pencək geyməklə, saqqal saxlamaqla, üz-gözünü boyamaqla müğənni olmaq olmaz.

 

- Niyə siz məhz müğənniləri nəzərdə tutdunuz?

 

- Çünki indi efirdə ancaq onlardır. Hamı onlar üçün imkan yaradır ki, çıxıb özlərini göstərsinlər. İncəsənət aləmi elədir ki, göz qabağında olduğun üçün burada haqsızlıqlar çox olur. Hamı İlhamə Quliyevanı görəndə qaçır yanına, amma hamı da ona nifrət edir. Mən bunu bilirəm. Belə olmaqdansa, heç olmamaq yaxşıdır. Müğənniləri niyə “bandotdel”ə çağırırlar? Bu nə deməkdir, məgər müğənnilər banditdir? Bunlar bütün günü efirdə, göz önündə olmağın əlamətləridir.

 

- Yəqin siz də göz önündə olmadığınız üçün, bu vaxta kimi heç bir jurnalist sizdən müsahibə almayıb. 

 

- Hə, razıyam. Heç kim bu vaxta kimi məni itirib axtarmayıb, yada salmayıb. Mənə bundan sonra heç lazım da deyil.

 

- Dövlət qayğısı hiss edirsiniz?

 

- Qarşıdan teatrımızın 140 illik yubiley tədbiri gəlir, dövlət qayğısını hiss etmədiyimi necə deyə bilərəm?

 

- Nə vaxta kimi susacaqsınız?

 

- Yubileyə kimi. Deyiləsi çox söz var, siz fikirləşdiyinizdən də çox. Mənə iki ay möhlət verin, sonra çox şeyi sizə açıqlayacağam. Mən heç kimin xətrinə dəyməyi sevmirəm, kim olursa-olsun, insanları sevirəm. Səhvi üzə deyə bilmirəm.

 

- 2002-ci ildə əməkdar artist adına layiq görülmüsünüz. Adınız neçə illərdir xalq artisti adına təqdimatlarda keçir. Bəs niyə Sizə hələ də xalq artisti adı verməyiblər?

 

- Bunu Səməd Səmədovdan soruşun. Soruşun ki, necə oldu sənə xalq artisti adı verdilər? Bu sualın cavabını onlar daha yaxşı bilir. Amma yenə də mən səbir edirəm. Səbir etməyib nə edəcəyəm? Səbir kasadır, yavaş-yavaş dolur. Amma hələ kasanın daşmağına var.

 

- Deyəsən, əvvəllər futbolçu olmusunuz?

 

- Mənim sənətə gəlməyimin səbəbi də futbol olub. Mən futbolçu idim. Bakı Ordu İdman Klubunda oynayırdım. Məşqçimiz mənə məktub verdi ki, gedib Moskvada filan məşqçiyə verərsən, səni komandasına götürsün. O zaman 17 yaşım var idi. Evdə dedim ki, Moskvaya gedirəm, orada yaşayacağam, qoymadılar. Dedilər ki, yox, universitetə girməlisən. O vaxtlar qəzetlərdə universitetlərə qəbul elanları çıxmışdı. Diqqətimi çəkən elə Mədəniyyət və İncəsənət Universiteti oldu. Evdə razılaşdıq ki, ali məktəbə qəbul olsam, Moskvaya getməyəcəyəm. Sənədlərimi verdim, amma incəsənətdən anlayışım yox idi. İş elə gətirdi ki, ali məktəbə qəbul olundum. Məcbur oldum, universitetdə qaldım. Sonradan isə sənətə bağlandım.

 

- Futbolu deyil, sənəti seçdiyinizə görə özünüzü qınadığınız vaxtlar olub?

 

- Yox. O dövrdə futbolçu olsaydım da, qiymət verən olmayacaqdı. Futbolçular cəmi 100 manat maaş alırdılar.

 

- İndi teatrdan aldığınız maaş necə, sizi qane edir?

 

- O biri teatrlara baxanda bizdə akademik maaşdır. O biri teatrlarda ən yüksək maaş 200 manat, bizdə isə 400 manatdır. Aldığımız məbləğ aylıq dolanışığa kifayət etmir. Mümkün deyil. Seriallar olmasa, çox pis olardı.

 

- Sənubər İsgəndərli teatr günü ilə müsahibəsində qeyd edib ki, teatrın divarları, kollektivi ona çox soyuq gəlir. Tamaşa olmasa, bu binaya girməz. Siz bu soyuqluğu hiss etmisiniz?

 

- Mənim məşqim oldu, olmadı mən hər gün teatra gəlirəm. Burada özümü çox rahat hiss edirəm. Teatra gəlmək istəmirsənsə, bəhanə nəyə lazımdır? Bütün günü seriala çəkilirsən, belə söhbətlərin nə yeri var? Əgər kimsə ilə danışmırsansa, bunun teatra nə dəxli var? Teatrın günahı nədir?

 

- İki ay sonra teatrın gizlinlərini açacağınıza söz verdiniz. Gözləyək o müsahibəni?

 

- İnşallah, gözləyin.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1767
avatar

Oxşar yazılar