Əkrəm Əylislinin Rusiyada çap olunan “Daş yuxular” romanına Türkiyədən də təpkilər var. Uzun illər Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat attaşesi olaraq çalışan Turqut Ər “Yeni Müsavat”a aşıqlamasında romanda səslənən iddialara etirazını bilridib.
Yada salaq ki, “Daş yuxularda” 1918-20-ci illərdə ermənilərin türklərə qarşı Naxçıvanda törətdikləri qətliamdan da söz açılır. Azərbaycanın bir çox bölgəsində erməni təcavüzü ilə daxili imkanlar hesabına mübarizə apara bilməyən Azərbaycan Xalq Cümhuriyyətinin o dövrdə Osmanlı İmperiyasından yardım istədiyi tarixi faktdır. Osmanlı hökuməti Azərbaycanın bu çağırışından sonra Ədif Paşanın rəhbərliyi ilə Naxçıvana ordu göndərərək türk-müsəlman əhaliyə qarşı soyqırımının qarşısını almışdı. Anadolu və Azərbaycan türkləri arasında qardaşlığın simvoluna çevrilən bu olay əsərdə ermənilərə qarşı təcavüz aksiyası kimi göstərilir.
Azərbaycanda daha çox Əbülfəz Elçibəy hakimiyyətinin devrilməsi ilə bağlı tarixi-publisistik “Azadlıqdan tiranlığa” əsərinin müəllifi kimi tanınan Turqut Ər müxbirimizlə söhbətində Əkrəm Əylislinin bu romanını olduqca sərt formada tənqid edib. Onun sözlərinə görə, bu əsər türk düşmənlərinin sifarişi ilə yazılıb: “Azərbaycan torpaqlarına erməni təcavüzünün hələ də başa çatmadığı bugünlərdə belə bir roman yazmaq öz xalqına xəyanətdən başqa bir şey deyil. Orxan Pamuk xalqına qarşı cəmi bir cümlə yazmışdı – Türkiyədə insanların üzünə baxa bilmədi, baş götürüb getməyə məcbur oldu. Əkrəm Əylisli isə öz xalqına qarşı böyük bir roman yazıb. Anlaya bilmirəm, ağlı başında bir insan yaşadığı, çörəyini yediyi torpaqlara, o torpaqlarda yaşayan insanlara necə saxtakarlıq edə bilər? Orxan Pamuk o əsərdən sonra Türkiyə üçün bitdi. Çünki o, şöhrəti öz xalqına qarşı olan qüvvələrin felinə satdı. Nobel aldı, ancaq vətənini, dəyərlərini, həyatının qalan hissəsini itirdi. Heç şübhə etmirəm - Əkrəm Əylisliyə belə bir romanı türk düşmənləri sifariş veriblər. Ancaq mən dərk edə bilmirəm, Əkrəm Əylisli türk dünyasına qarşı erməni vəhşiliyinin simvoluna çevrilən Xocalı soyqırımını, yüz minlərlə Azərbaycan türkünün min illik yurdundan necə bir vəhşiliklə qovulması faktları görə-görə necə belə bir əsər yaza bilər? O, Azərbaycanın, Bakının küçələrində o faciə qurbanlarının övladları, ataları, anaları, qohumları ilə necə bərabər addımlaya biləcək? O, Bakının hər qəbristanında uyuyan şəhid məzarlarına necə baxa biləcək? Əkrəmin açıqlamaları ilə tanışam, deyir, mən ermənilərə mesaj vermişəm ki, biz suçumuzu etiraf edirik, siz də edin. Axı, Əkrəm Əylisliyə türk xalqının adından danışmaq haqqını kim verib? Azərbaycan xəritəsinə baxan hər türkün içi yaralanır – Qarabağ işğalda, Naxçıvan rus hiyləsinin qurbanı olaraq ermənilərin əhatəsindədi. Milli düşüncəsi olan vətənsevər insanlar ancaq birlik olub torpaqlarımızı təcavüzdən qurtarmağın yollarını düşünməlidir”.
Turqut Ər Azərbaycan müxalifətinin bu məsələ ilə bağlı səssizliyinin də anlaşılmaz olduğunu deyir: “Günlərdir Türkiyədən bütün prosesi izləyirəm. Açığı, müxalifət liderlərinin, eləcə də özünü milli düşüncənin daşıyıcısı sayan bir sıra media orqanlarının bu məsələdə tutduğu mövqe anlaşılan deyil. Belə məsələlərə mütləq fikir bildirilməlidir. Bir sıra nüfuzlu media orqanlarının tarixi roman yazmamasını əsas gətirərək Əkrəm Əylisliyə yandaşlıq etməsinə isə təəssüflənirəm. Düşünün, mən günlərdir erməni saytlarını da təqib etməkdəyəm. Əkrəm Əylisli və onun romanı Ermənistanda da təriflənir, Azərbaycanda özünü demokratik düşüncə tərzinin aparıcısı sayan media orqanlarında da. Bu, necə baş verə bilər? Axı bu dünyada insanlar öz dəyərləri ilə qiymətlidir. Özünü demokratiya ilə pərdələyənlər ermənilərin onların mənsub olduğu xalqa qarşı indiyə qədər etdiklərini necə unuda bilər? İndi dünyadakı erməni diasporunun üzvləri çırtıq çalıb oynayır. Türk dünyası Xocalı soyqırımı məsələsini ABŞ Dövlət Departamentinə daşımaq planları qurarkən belə bir romanın işıq üzü görməsi sübut edir ki, bu əsərin ortaya çıxmasında müəyyən dairələrin marağı olub. Məni bunun əksinə heç kim inandıra bilməz”.