Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb. Əbdüləziz bin Osman əl-Tuveycri prezident İlham Əliyevlə son görüşündə çox mühüm məsələlər barədə danışıldığını qeyd edib və ölkə başçısının ISESCO ilə Azərbaycan arasında əməkdaşlığa verdiyi önəmdən məmnunluğunu ifadə edib.
Nazir cari ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam ölkələri nazirlərinin 8-ci konfransında islam ölkələri arasında çoxşaxəli əməkdaşlığın İSESCO-nun fəaliyyətinə böyük töhfə verəcəyini qeyd edərək, mədəniyyət sahəsində strateji proqram və layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşün sonunda cari ilin may ayında Bakıda İSESCO ilə birlikdə mədəniyyətlərarası dialoqa xidmət edəcək layihələrin reallaşdırılması barədə razılığa gəlinib.