Martın 4-də paytaxtın Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi və Anadolu Dil Kültür Mərkəzinin təşkilati dəstəyi ilə ümumtəhsil məktəblilərinin 7-11-ci sinif şagirdləri arasında keçirilən XI “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin və XII Beynəlxalq Türk Dili Olimpiadasının Azərbaycan mərhələsinin mükafatlandırılma və yekun proqramı - “Dil və Mədəniyyət Festivalı” keçirilib. Tədbir ümummilli lider Heydər Əliyevin, şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə və Azərbaycan Respublikasının Dövlət Himninin və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının oxunması ilə başlanıb. Sonra mərasimdə məlumat verilib ki, “Dil və Mədəniyyət Festivalı”na ölkəmizdə fəaliyyət göstərən 930 ümumtəhsil orta məktəbindən 3000-dən çox şagird qatılıb. XII Beynəlxalq Türk Dili Olimpiadası Azərbaycan mərhələsinin qalibləri bu ilin iyun ayında 150 ölkənin iştirakı ilə Türkiyədə keçiriləcək XII Beynəlxalq Türk Dili Olimpiadasında ölkəmizi təmsil edəcəklər. Həmçinin qeyd olunub ki, ötən il keçirilən XI Beynəlxalq Türk Dili Olimpiadasında Azərbaycan komandası 14 medal qazanıb. Ümumilikdə isə olimpiadanın tarixində azərbaycanlı şagirdlər 118 medal əldə ediblər.
Bir-birini əvəz edən şən mahnılardan sonra qaliblərə mükafatlar təqdim olunub. Üçüncü yerin qaliblərinə bürünc medalları təqdim edən millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov deyib ki, bir millət, xalq üçün dünyada dildən önəmli, etibarlı heç nə yoxdur: “Bu mənada dilimiz bizim mənəvi varlığımızdır. Bu gün dünyanın 150-dən çox ölkəsində türkcənin səslənməsi olduqca böyük nailiyyətdir”. Belə bir tədbiri təşkil edənlərə təşəkkürünü bildirən millət vəkili vurğulayıb ki, bu cür yarışlar gələcəyimiz üçündür. Bu gün gənclər ifa etdikləri mahnılarla və söylədikləri şeirlərlə öz duyğularını dünyaya bəyan edirlər: dilimizin gözəllik və zənginliyini, onun sevgi, barış dili olduğunu yer kürəsinə çatdırırlar. Türkiyənin, Azərbaycanın mədəniyyətinin dünyada necə böyük bir sürətlə inkişaf etdiyini göz önünə sərgiləyirlər. Daha sonra dilçi-alim prof. Tofiq Hacıyevin “Dildən böyük milləti təqdim edə biləcək mənəvi dəyər yoxdur” sözlərini xatırladan millət vəkili bunun bir həqiqət olduğunu bildirib.
Müxtəlif nominasiyalar üzrə ikinci yerə layiq görülmüşlərə gümüş medalları təqdim edən Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov bu tədbirdən çox təsirləndiyini qeyd edib: “Bu gün dil və mədəniyyət tariximizin yeni səhifəsidir”. Abel Məhərrəmov qeyd edib ki, hazırda dünyada 5 min millət və xalq yaşayır ki, onlardan yalnız 200-nün dövləti var: “Dövlət qurmaq, dilini yaşatmaq hər xalqa nəsib olmur. Belə xoşbəxtlik bizə də nəsib olub. Bu gün dünyanın bir çox ölkəsində Azərbaycan dili də tədris olunur”.
Birincilərə (onların sayı 13 nəfər idi) isə qızıl medalları Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin İdarə Heyətinin sədri Xaliq Məmmədov təqdim edib. O, belə istedadlı gənclərlə fəxr etdiyini dilə gətirib. Onun sözlərinə görə, məhz belə məktəblilərin sayəsində dilimiz dünyanın hələ çox guşələrinə də yol tapacaq.
Qeyd edək ki, tədbirdə “Dil və Mədəniyyət Festivalı”nın təsis etdiyi Mahmud Kaşğarlı mükafatı Nəsimi adına Dilçilik İnstitutunun rəhbəri, dilçi-alim Tofiq Hacıyevə və Hacettəpə Universitetinin Türk dili və ədəbiyyat bölümünün müəllimi, Türk Dili Qurumunun başqanı prof. Şükrü Haluk Akalına təqdim olunub. (Alimlərə mükafatı millət vəkili Şəmsəddin Hacıyev təqdim edib).
Səhnəyə çıxan Tofiq Hacıyev əvvəlcə festivalın aparıcılarından biri olan və “Nə qaldı” mahnısı ilə salonu heyrətləndirən Qafqaz Universitetinin mozambikli tələbəsi Şakiraya minnətdarlığını bildirməklə yanaşı, onu bağrına basaraq rəhbərlik etdiyi instituta elmi işçi kimi dəvət edib. Daha sonra festivalla bağlı təəssüratlarını bölüşən alim deyib: “Çağ”ın məktəbləri Heydər Əliyevin “bir millət, iki dövlət” fikrinin əyani göstəricisidir. Mən bu tədbirdə olmağımdan çox şadam”. Dilçi-alim Şükrü Haluk Akalın tədbirlə bağlı xoş sözlər deyib. O həmçinin Tofiq Hacıyevi müasir dövrümüzün Mahmud Kaşğarlısı da adlandırıb. Millət vəkili Şəmsəddin Hacıyev də çıxışında bu tədbiri dilimizin, mədəniyyətimizin bayramı kimi xarakterizə edib. O bir maraqlı məqama da toxunub: “Dil xalqımızın digər dəyərlərindən bir xüsusiyyətinə görə fərqlənir. Belə ki, onu nə qədər paylaşsan, başqalarına öyrətsən o qədər də zənginləşir”.
Tədbirin sonunda çıxış edən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin Təhsil Kompleksi və “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Ənvər Özərən isə deyib: “2003-cü ildə keçirilmiş ilk Beynəlxalq Türk Dili Olimpiadasında 17 ölkə iştirak edib. XII Beynəlxalq Türk Dili Olimpiadasında isə onların sayı 150-yə çatıb. Bu ümumilikdə türkdilli ölkələrin nailiyyətidir. Bu gün keçirilən tədbir ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət fikrinin bir daha əyani təzahürü oldu”. O həmçinin bu tədbirin ərsəyə gəlməsində məktəb direktorlarına, müəllimlərə, bir sözlə əməyi keçən hər kəsə minnətdarlığını da bildirib.
Qeyd edək ki, tədbirdə Myanmardan gəlmiş Cuisinin əməkdar artist Tünzalə Ağayevlə birgə ifa etdiyi mahnı da maraqla qarşılanıb.
Tədbirdə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, bir sıra dövlət və hökumət nümayəndələri, millət vəkilləri, respublikanın mədəniyyət və incəsənət xadimləri, xarici ölkə səfirlik və nümayəndələri, ali və orta tədris müəssisələrinin rəhbərləri iştirak ediblər.