Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı ilə “Azaflı gecəsi” keçirilib. Lent.az-ın məlumatına görə, Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən gecənin aparıcısı filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev respublikamızda aşıq sənətinə, mədəniyyətə göstərilən yüksək dövlət qayğısından bəhs edərək, bu qayğıdan ruhlanan nüfuzlu ziyalıların, ictimai birliklərin də yaddaqalan proqramlar tərtib etdiyinə diqqət çəkib və “Azaflı gecəsi”nin də belə bir proqram olduğunu bildirib.
Daha sonra Qənirə Paşayevaya çıxış edərək bu proqramın Türk Dünyasının böyük ozanı Mikayıl Azaflının yaradıcılığı əsasında tərtib olunmasının və məhz “Azaflı gecəsi” adı ilə Cənubi Azərbaycan aşıqlarının ifası və iştirakı ilə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını deyib.
Gecədə Cənubi Azərbaycandan olan tanınmış aşıq Çingiz Biriyanın başçılıq etdiyi aşıqlar ansamblı – aşıqlar Cavad Məhərrəmi, Bəhmən Qurbanzadə, Cəfər Xakipur, Əsgər Məhərrəmi, Səyyad Kazımi, Məhəmməd Xrədmənd, balabançılar – Yusif Məhərrəmi, Əkbər Sərvazi, Əlirza İmampur maraqlı konsert proqramı ilə çıxış ediblər. Gecədə həmçinin Azaflı ocağının övladları – Gülarə Azaflı, Aşıq Hakim, Minayə Azaflı, ustadın nəvələri – Roman Hakimoğlu və Məhsəti Azaflı çıxış ediblər.
Gecənin sonunda Qənirə Paşayeva “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin adından Azərbaycan Aşıqlar Birliyinin Cənubi Azərbaycan üzrə koordinatoru Böyükbəy Ələkbəroğluna və Cənubi Azərbaycan və tədbirin ideya müəllifi və aparıcısı Qəzənfər Paşayevə “Aşıq sənətinin inkişafındakı xidmətlərinə görə” xatirə plaketləri təqdim edib.
Tamaşaçıların böyük maraqla izlədiyi tədbir 4 saata yaxın davam edib.
.