Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlunun 60 illik yubileyi doğulub boya-başa çatdığı İsmayıllı rayonunda qeyd edilib. Lent.az-ın məlumatına görə, iki gün davam edən yubiley tədbiri öncə Mollaisaqlı kəndində təşkil edilib və 800-dən çox kənd sakini və səbəbkarın yaxın dostları bu məclisə qatılıb.
Növbəti gün rayon icra başçısının təşəbbüsü ilə Gənclər Sarayında təntənəli gecə keçirilib. İctimai Televiziyanın aparıcısı Mirsaleh Bağırovun təqdimatında səhnəyə buyuran ədibə ilk öncə icra başçısı Mirdaməd Sadıqov xoş sözlərini çatdırıb.
Daha sonra ziyalıların çıxışı dinlənilib, eyni zamanda Baba Vəziroğlunun sözlərinə yazılan mahnılar səsləndirilib.
Xalq artisti Mübariz Tağıyev yaxın dostu haqqında danışıb, həm də sözlərinə oxuduğu nəğmələrdən bir neçəsini səsləndirib.
Gecədə xalq artisti Faiq Ağayev, müğənnilər Lətifə Soyuöz, Elnur Məmmədov, Yaşar Cəlilov, Samir Dərgah, meyxanaçı Namiq Məna və başqalarının ifalarını təqdim ediblər.
Qeyd edək ki, B.Vəziroğlunun gecəsində millət vəkilləri Novruz Aslan, Ərəstun Cavadov, Elman Məmmədov, Çingiz Qənizadə, şair Musa Yaqub, rejissor Şeyx Əbdül Mahmudbəyov və bir çox tanınmış ziyalılar və dövlət nümayəndələri qatılıblar.