Azərbaycanın ilk milli kommunikasiya peykinin orbitə buraxılmasına həsr olunmuş yeni mahnı yazılıb. Bu barədə məlumatı Lent.az-a Azərbaycan Televiziyası və Radiosu Musiqi Kollektivlərinin bədii rəhbəri Ramil Qasımov verib. O, bildirib ki, Azərbaycan xalqının və dövlətinin hər bir sahədəki uğuru Azərbaycan Televiziyası və Radiosu Qapalı Səhmdar Cəmiyyətinin də kollektivini sevindirir: “Bu günlərdə Azərbaycanın ilk milli kommunikasiya peykinin orbitə buraxılması xəbəri də bizim böyük sevincimizə səbəb olub. Bu gün respublika televiziyası vasitəsilə yayımlanacaq “Milli Peykimiz” kompozisiyası da bu fərəhin, ölkəmizin salnaməsinə yazılmış yeni tarixi hadisənin yaratdığı böyük əhval-ruhiyyənin təcəssümüdür”.
Bildirək ki, kompozisiyanın sözləri, silsilə vətənpərvərlik mahnı və marşlarının müəllifi, əməkdar incəsənət xadimi Abdulla Qurbaniyə, musiqisini isə SSRİ xalq artisti, professor Arif Məlikovun yetirməsi, bəstəkar Nərminə Nağıyevaya məxsusdur.
Əməkdar incəsənət xadimi Etibar Kamaloğlunun rejissorluğu ilə reallaşan layihədə televiziyanın C. Cahangirov adına xoru, Əfsər Cavanşirov adına uşaq xoru və digər musiqi kollektivlərinin üzvləri iştirak edirlər. Bu layihədə səs rejissoru Faiq Babayev də iştirak edib: “Şəxsən fəxr edirəm ki, ilk milli peykimizin orbitə buraxılmasına həsr olunmuş bu musiqi kompozisiyasının solistiyəm. Doğrusu, “İlk milli peykimiz çıxdı orbitə, sevin Odlar yurdu Azərbaycanım!...” misralarını ifa edəndə sevincim yerə-göyə sığmır”.