Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetindəki Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Daşkənd Dövlət Pedaqoji Universiteti arasında (DDPU) Anlaşma Memorandumu imzalanıb.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, mərasimdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, universitetin professor-müəllim heyəti, jurnalistlər iştirak ediblər.
Memorandumu Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Yusif Məmmədov və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripov imzalayıblar.
Sənəd sözügedən universitetlər arasında əlaqələrin yaradılmasını və genişləndirilməsini, elmi əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Sənəddə ADPU və DDPU-nun elmi jurnallarında qarşılıqlı olaraq məqalələrin verilməsi, bu ali məktəblər haqqında materialların yerləşdirilməsi haqqında da maddə yer alıb.