Aysel Əlizadə yazır: “Gözündəki, könlündəki atəş...” – 29-cu MƏKTUB
19 mart 2013 19:00 (UTC +04:00)

Aysel Əlizadə yazır: “Gözündəki, könlündəki atəş...” – 29-cu MƏKTUB

Novruz bayramı haqda ilk dəfə anamın məktəbimizdə keçiriləcək şənlik üçün yazdığı senaridə oxumuşam. Təxminən belə bir cümləylə başlayırdı: “Novruz Zərdüştlükdən qalma bayramdı. Bu bayramda Oğuz eli yığışıb baharın gəlişini qeyd edərdi. Təbiətin oyanmasını...” Ola bilər, heç Oğuz eli deyildi, ancaq mənim nəsə yadımda Oğuz eli qalıb.

 

Biz bu “təbiətin oyanması” məsələsinə barmaqarası baxırıq e. Əslində çox ciddi məsələdi. Bir xalq ki, təbiəti bayram edir, onun oyanışını qutlayır, o xalqın özünü də qutlamaq lazımdı. Bu səninçün İsanın Yolka altında doğulması deyil. Ya da nə bilim, kütləvi şəkildə qoyunları tutub səbəbsiz yerə kəsmək deyil. Bu səninçün heç müəllim, həkim, jurnalist, kosmonavt, raketuçuran, bomba partladan, dombalaq aşan adamların bayramı da deyil.

 

Çox ciddi və olduqca doğal bir bayramdı. Geydirmə də deyil. Təbiət dirçəlir, özünə gəlir, tumurcuqlayır, göyərir, açılır, arınır, qalxır, boylanır nə bilim bu kimi işlər görür.

 

Üstəlik insan da coşur, enerji axınıyla dolur. Təbiət canlandıqca insana müsbət enerji ötürür. İnsan da oyanır, türkün məsəli.

 

Şəxsən mənim türkün bayramı kimi tanıdığım Novruz - çox ciddi bayramdı.

 

Bir dəfə ərəb ölkələrindən birindəydik, Novruz ərəfəsiydi. Bir özbəklə tanış olduq orda, təsadüfən. Ordan-burdan danışdıq, dedik, bəs biz tezliklə vətənə dönürük, Novruz bayramı var, onu qeyd edəcəyik. Elə sevindi ki, dedi: “a, sizdə də Novruz var? Bizdə də var. Plov-zad bişiririk, küsənlər barışır, tonqaldan oppanırıq”.

 

Bütün türk dünyası qeyd edir. Türkiyənin bəzi bölgələri də qeyd edir.

 

Bayaq dostum facebook-da bir status yazıb: Öz bayramımızdı deyə gör necə səmimidi, pafos yox, saxta təbriklər, şüarlar yox...

 

Əla müşahidədi. Heç kim mövzuya girməyə çalışmır. Çünki mövzunun içindədi hamı. Heç kim xüsusi canfəşanlıqla sənə hazır şablon təbrikləri göndərmir.

 

Əvvəllər olardı ee, dəhşətə gəlirdim. Ən yaxın adamımdan belə, bu cür mesaj gələndə əvəzində sarkazmla ya da əsəbi bir cavab yollayırdım. Bayaq bir jurnalist dostum yazıb ki, Novruzla bağlı hansı xatirəniz var? İkisini yazdım ona. Birini özünə götürdü, biri sizə qaldı.

 

İkincini danışıram. Məktəb vaxtı məni bir oğlan sevirdi. Bütün bayramlarda səliqəylə zəng vurub təbrik edirdi. Bir dəfə Novruz ərəfəsi idi, mən artıq universitetdə oxuyurdum və fakültə üçün Novruz şənliyi hazırlayırdım. Əlimdə kosa saqqalı düzəldirdim ki, məni məktəbdən sevən həmin oğlan yenə zəng vurdu. Təbrik-filan elədi, amma nəsə fikrimi toplayıb ona qulaq asa bilmirdim. Birdən əsəbi səsinə ayıldım:

 

  • Neynirsən orda?
  • Saqqal düzəldirəm.
  • Nə danışırsan, saqqal nədi?
  • Kosa saqqalı düzəldirəm. Novruz bayramı keçirəcəyik...
  • Mən səninlə ciddi söhbət eləyirəm, sən saqqal düzəldirsən? Deyirəm, anamgil sizə gəlmək istəyir.

 

Onda, sözün düzü, bu əhvalatı nə gülməli nə də ağlamalı kimi ciddiyə almamışdım. İndi yadıma düşəndə əvvəlcə xeyli gülürəm, sonra da fikirləşirəm ki, nə tərbiyəsizlik eləmişəm, ayıb, ayıb...adam mənim haqqımda ciddi fikirdəymiş... :)

 

Noolsun?) Onsuz da mən ona ərə getmədim. Bizimki alınmazdı. Ancaq universitetdə bir bayram təşkil eləmişdim ki, gəl görəsən. Bütün fakültəni bir yerə yığmışdım.

 

Məktəb vaxtından beləydim. Kosaya yazdığımı yeni şeiri də “Ağ Xəz” adlı hekayəmdə vermişəm.

 

Dilənçi kosadan xoşum gəlmirdi, onun üçün yeni şeir yazmışdım. İstəmirdim bizim bayramın qəhrəmanı dilənsin.

 

O özü pay verən idi.

 

Deyirdi:

 

Bu Novruz axşamında

bir ağıllı olaydı

Yaxşı şeir deyəydi.

Bunun əvəzində mən

Verərdim paxlavadan

Ya da şəkərburadan

qarnını doyduraydım.

Nə olaydı, olaydı

Yaxşı mahnı biləydi

Nağıllar söyləyəydi

Hədiyyəsin verəydim

Onu sevindirəydim.

 

Məktəb vaxtı Kosanı beləcə dəyişdirmişdim.

 

Bu yaxşı bayramdı. Bir günlük deyil sevinci. Özü gəlmədən xəbəri gəlir, harayı gəlir. Ay boyu sürür və yaxşı adətləriylə seçilir.

 

Məsələn “papaq atma” nəyə desəz dəyər. Uşaqları sevindirir, paylaşmağı öyrədir,  özgəlik anlayışını aradan götürüb hamını bir-birinin doğması edir. Həm də heç kimin süfrəsi boş qalmır.

 

Oxucum, bilirəm, sən də mənim qədər sevirsən bu bayramı. Ən böyük üstünlük gözlərdəki və ürəklərdəki atəşdi - heç sönməyən...

 

Novruzun qutlu olsun!

 

[email protected]

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2072
avatar

Aysel Əlizadə

Oxşar yazılar