Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli estetik alim Vidadi Xəlilovun 70 illik yubileyi qeyd edilib. Lent.az-ın məlumatına görə, Rəşid Behbudov adına Mahnı teatrında millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan yubileydə ziyalılar, ictimai xadimlər sənət adamları iştirak ediblər.
Qənirə Paşayeva yubilyarı təbrik edərək, onunla bağlı fikirlərini bölüşüb. O, Vidadi Xəlilovun Azərbaycan elminə verdiyi töhfələrdən, müəllifi olduğu əsərlərin məzmun yükünün dərinliyindən söhbət açıb və bildirib ki, istedadlı, dünyagörüşü yüksək və mənəvi baxımdan zəngin gənc kadrların yetişməsində akademikin böyük əməyi var.
Millət vəkili Novruz Aslan, professor Qəzənfər Paşayev, şair-publisist Anar Məmmədov və digərləri yubilyarı təbrik edib, xoş sözlər söyləyiblər.
Vidadi Xəlilovun qızı, tanınmış modelyer Gülnarə Xəlilova atasının daim yazıb-yaradan, öz peşəsinə bağlı bir insan, gözəl ailə başçısı və ata olduğunu söyləyib. Yubilyarın digər qızı Mələk Nigar Cəlil isə atasını musiqi ilə təbrik edib.
Tanınmış sənət adamları xalq artisti Səkinə İsmayılova, Simarə İmanova, əməkdar artistlər Tünzalə Ağayeva, Gülüstan Əliyeva, Aybəniz Haşımova və sənətçilər Aşıq Samirə, Samirə Allahverdi, Aşıq Nemət və şagirdlərinin ifası tamaşaçılarda xoş ovqat yaradıb.
Sonda yubilyar, akademik Vidadi Xəlilov təşkilatçılar başda olmaqla məzmunlu gecəyə görə hər kəsə təşəkkür edib.