Yanvarın 24-də Art qalereyanın sərgi salonunda millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin Azərbaycan Rəssamlar İttifaqı ilə birgə şair-rəssam Adil Mirseyidin rəsm əsərlərinin sərgisini keçirib. Lent.az-ın verdiyi məlumata görə, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov tədbiri açaraq Adil Mirseyidin bənzərsiz yaradıcılığını təqdir edib. Millət vəkili Qənirə Paşayeva mərasimdə çıxış edərək rəssamın sənətkarlıq xüsusiyyətlərindən söz açıb.
Millət vəkili Aydın Mirzəzadə, professor Elçin İsgəndərzadə, TUSİAB-in baş katibi Yasin Göral da öz çıxışlarında A.Mirseyidin bənzərsiz yaradıcılığından danışıblar. Yasin Göral Adil Mirseyidin Türkiyəyə səfər etməsi üçün imkanlarının əsirgəməyəcəyini, bu işdə rəssamın və Qənirə xanımın yanında olacaqlarını vurğulayıb. Tədbirin sonunda çıxış edən Adil Mirseyid də Rəssamlar İttifaqının sədri Fərhad Xəlilova və millət vəkili Qənirə Paşayevaya ona göstərdikləri diqqətə görə minnətdarlığını bildirib.
Sonra sərgiyə gələn çoxlu sayda sənətsevərlər rəssamın əl işləri ilə tanış olublar.
Qeyd edək ki, satış - sərgi 3 gün davam edəcək. Əldə olunan vəsait onun müalicəsinə sərf olunacaq. Xatırladaq ki, o uzun müddətdir xəstədir.