Bu gün SSRİ xalq artisti, professor və Şukin adına Ali Teatr Məktəbinin bədii rəhbəri Vladimir Etuş 90 yaşını qeyd edir.
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Etuşun 90 illiyi həm rəsmi səviyyədə, həm də dostlar arasında təntənəli qeyd olunacaq.
Vladimir Abramoviç Etuş 6 may 1922-ci ildə Moskvada yəhudi ailəsində anadan olub.
Böyük Vətən müharibəsi iştirakçısıdır. 1943-cü ildə Ukrayna cəbhəsində ağır yaralanıb. 2-ci qrup əlildir.
1945-ci ildə V. Etuş Şukin adına teatr məktəbini bitirir və Yevgeni Vaxtanqov adına Moskva teatrında çalışmağa başlayır.
Kinoda ilk rolunu Mixail Rommun “Admiral Uşakov” tarixi filmində oynayır. Vladimir Etuş kəskin xarakterli və komik rolların mahir ifaçısı olub. Geniş tamaşaçı kütləsi onu daha çox məşhur rejissor Leonid Qaydayın “Qafqaz əsiri və ya Şurikin yeni macəraları”, “12 stul”, “İvan Vasilyeviç peşəsini dəyişir” kimi komediyalarından tanıyıb.