Londonda azərbaycanlı rəssam Niyaz Nəcəfovun fərdi sərgisi açılıb. Lent.az-ın məlumatına görə, Böyük Britaniyanın paytaxtında fəaliyyət göstərən “Gazelli Art House” müasir incəsənət qalereyasında keçirilən, “Sümüklərin rəqsi” adlı sərgidə Nəcəfovun kətan üzərində çəkilmiş qaranlıq üslubu və fərqliliyi əks etdirən rəsm əsərləri nümayiş olunub. Rəssamın yağlı boya və qrafika ilə çəkdiyi əsərləri onun təsirli rəng təsvirlərini və tünd rəssamlıq üslubunu əks etdirir. Öz məkanı kompozisiyası vasitəsilə rəssam, əsərlərində hissiyyat süzgəcindən keçirdiyi ədəb mövqeyini nümayiş etdirir. Rəssamın gündəlik həyatda baş verən hadisələri duyğu ilə təsvirlərə ötürmək qabiliyyəti var.
2005-ci ildə “Kişi və qadın”, 2007-ci ildə BMT-nin Cenevrə Bölməsinin Millətlər Sarayında “Qobustandan yol gələn naxışlar”, 2008-ci ildə isə Almaniyanın Berlin şəhərində keçirilən onlarla sərgilərdə iştirak edən rəssamın əsərləri xarici sənətsevərlər və mütəxəssislər tərəfindən maraqla qarşılanıb.
Rəssam 2009-cu ildə ölkəmizi 53-cü Beynəlxalq Venesiya Biennalesində təmsil edib. N.Nəcəfov Londonun məşhur “Phillips de Pury & Company” sərgi qalereyasında Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə keçirilən “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisində də iştirak edib.
Müasir incəsənətin simalarından biri olan Niyaz Nəcəfov 2003-cü ildə rəssamlığa həvəskar kimi, özünün peşəkar idmançı karyerasını davam etdirməklə başlayıb.
Fərdi sərgi martın 7-dək davam edəcək. Fotolar AzərTac-ındır.