Fevralın 18-də Oqtay Mirqasımovun “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan “Qisas almadan ölmə” filminin premyerası keçiriləcək.
Rejissorun APA-ya verdiyi məlumata görə, premyerada Almaniya səfirliyindən, Rusiya, Gürcüstan və İsraildən qonaqlar iştirak edəcəklər.
O.Mirqasımov qeyd edib ki, filmin təqdimatının 2013-cü ildə təxirə salınmasının səbəbi Almaniya səfirliyi ilə aparılan danışıqlar olub. Təqdimat mərasimində Almaniyanın Azərbaycandakı səfirinin iştirak edəcəyi də gözlənilir.
Qeyd edək ki, film Azərbaycanda yaşamış almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək burada məskunlaşıblar. 1819-cu ildə Vürtemberq krallığı - indiki Almaniyanın Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı - Helenendorf kəndini (indiki Göygöl şəhəri) salırlar. Filmdə məktublar, etiraflar, xatirələr, insan hiss və yaşantıları yer alır.