“Ölü canlar”ı Lənkəranda dirildən Arkadi - MÜSAHİBƏ
14 noyabr 2013 11:25 (UTC +04:00)

“Ölü canlar”ı Lənkəranda dirildən Arkadi - MÜSAHİBƏ

Bu günlərdə internet mediadan bir xəbər oxudum: “N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Qoqolun “Ölü canlar” əsəri səhnəyə qoyulur və bu tamaşanı ukraynalı rejissor Arkadi Nepitalyuk hazırlayır”.

Xəbər məni çəkib teatra apardı.

Arkadi Nepitalyukun Lənkəranda son günü olduğunu öyrənib, ondan müsahibə götürmək qərarına gəldim.

 

Lent. az həmin müsahibəni təqdim edir.

 

 

- Niyə məhz Qoqol?

 

- Niyə Qoqol?  Çünki, Qoqol həm Azərbaycan üçün, həm Ukrayna üçün tanış müəllifdir, biz “Ölü canlar” əsərini seçənə qədər çox düşündük, götür-qoy etdik, ən sonda bu qənaətə gəldik ki, hər iki ölkənin insanlarına tanış olan bir ortam yarada bilməliyik səhnədə, o üzdən də “Ölü canlar”da dayandıq.

 

- Neçə vaxtdır buradasız?

 

- Oktyabrın 22-dən buradayam, indi noyabrın 8-idir, demək, yarım ay cəmi.

 

- Əsərin qəhrəmanı Çiçikov hansısa bir şəhərə gəlib çıxır və başlayır buradakı ölüləri  siyahıya almağa. Bizim şəhərimiz, bizim “ölülər”imiz sizdə necə hisslər oyatdı? Mən aktyorları nəzərdə tuturam, onlar vaxtilə öz “Ölülər” imizi də oynayıblar.

 

- Mən ilk dəfədir Azərbaycana gəlirəm və olduğum ilk şəhər də Lənkərandır.   Lənkəranı bu teatrdakı insanların simasında gördüm, sadə, fədakar, vicdanlı, çalışqan, olduqca maraqlı... Mən onlarla “stil de l'arte” sınamaq istərdim, heyf, indi imkan olmadı. Çox az bir müddət oldu bu, bizim üçün. Bu müddət ərzində onlar yoruldular, hər gün işləyirdilər, material çox idi, vaxt az, hər məqamı, bütün detalları tutmağa imkanları olmurdu, düşünürəm ki, zaman keçdikcə, bu tamaşanı hər dəfə oynadıqca daha çox inkişaf etdirəcəklər. Məsələn, bu günkü çıxış  əvvəlki çıxışdan  zəif idi, çünki, aktyorlar yorulublar. Bəlkə də bir paytaxt teatrının aktyorları ilə işləmək daha yüksək templə alına bilərdi, axı əyalətdə insanlar nisbətən məişətə, evə meylli olurlar, iş tempi fərqli olur. Qəfildən hardansa bir rejissor gəlir və az vaxtda sürətli iş tələb edir.

 

- Çiçikov kimi gəlib...

 

- Bəli, Çiçikov kimi (gülür). Sizə deyim ki, bu insanların və bu teatrın qonaqpərvərliyinə valeh oldum. Əlbəttə, burada çox şey rəhbərlikdən asılıdır. Mən İslamın aktyorlarla işləməsinə baxırdım, o, həm insanlıq, yoldaşlıq münasibətini qoruyur, həm də aktyorları nizam-intizamlı olmağa, işlərinə məsuliyyətli yanaşmağa vadar edir. Eynilə də Turalın (teatrın baş rejissoru Tural Vaqifoğlu-C.) aktyorlarla işi haqda bunu deyərdim. Aktyorlara qarşı həm doğmalıq, insanilik, həm də peşəkar yanaşma bir arada çox yaxşı alınıb. Mən təəccübləndim, teatrın həyətində ayrıca mini çayxana belə açıblar, aktyorlar kənara gedib yayınmasınlar.  Ömrümdə ilk dəfə olaraq, uzaq bir yerdə, bircə dəfə də hiss etmədim ki, hardasa başqa bir ölkədə qonağam. Axı mən çox uzaqda yaşayıram, ümumiyyətlə əslən Ukraynanın qərbindənəm, həyat tərzində kəskin fərqlər var, birdən-birə də Azərbaycan, hətta onun Lənkəran adlı bir əyaləti...

 

- Siz paytaxt teatrında çalışırsız?

 

- Bəli, Kiyevdə çalışıram, televiziya verilişləri çəkirəm, filmlər, tamaşalar, seriallar...

 

- Bakıda olmusuz?

 

- Yolüstü...

 

- Kiyev aktyorları ilə bizim əyalət aktyorlarının fərqi?

 

- Ümumiyyətlə, istənilən paytaxt teatrında dinamika güclü olur, adamlar, daha professional olurlar, çünki iş çoxdur, o üzdən, Ukraynada əyalət aktyorları da, imkan tapan kimi Kiyevə gəlməyə can atırlar.

 

- Bizdə olduğu kimi.

 

- Bəli, eynilə. Və bizdə də əyalət aktyorları müxtəlifdirlər, ən adi təhsilsiz həvəskardan tutmuş peşəkara qədər. Bu müxtəliflik tamaşa hazırlıqları vaxtı mütləq üzə çıxır və elə bütün əyalət teatrlarının ümumi cəhəti də məhz bundadır - bütün aktyorlar üçün konkret bir ümumi peşəkarlıq səviyyəsinin olmamasında.

 

- Demək, milli, mental fərqlərə baxmayaraq, teatr aktyorlarını birləşdirən ümumi cəhət var.

 

- Əlbəttə!

 

- Bəs sizcə onlar Qoqolu necə hiss edirlər? Kiyev aktyorunun və Lənkəran aktyorunun bu məqamda eyni və fərqli cəhətlərini necə görürsüz?

 

- Əlbəttə ki, ukraynalı Qoqol ilə daha yaxından tanışdır, hərçənd, Qoqol “Ölü canlar”da rus mahiyyətini təsvir edir, rus həyatını. Bu həyat ukraynalı həyatından olduqca fərqlənir. Amma buradakı aktyorlar, Azərbaycanın bir əyalət teatrının insanları, azərbaycanlıdırlar və biz də sırf rus mahiyyətli səhnə qurmadıq, tərtibatda, dekorasiyalarda universal bir struktur yaratmağa çalışdıq. Axı əsərdəki adamlar və hadisələr Azərbaycanda da ola bilər, Ukraynada da, Rusiyada da, hər yerdə!

 

- Qoqolu sevirsiz?

 

- Əlbəttə!

 

- Bəs Bulqakovu?

 

- Təbii, elə buna görə də Bulqakovun səhnələşdirdiyi əsəri seçdim.

 

- Onları birləşdirən qəribə bir mistik, magik məqam da var, bu məqammı çəkdi sizi?

 

- Əslində mən həyatda da, işimdə də bir qədər fərqliyəm, mistikanı görürəm, amma onunla başqa cür davranıram, mistika ilə oynayıram, deyərdim. Buna görə də, Qoqol mistikasına da, Bulqakov mistikasına da hardansa kənardan baxıram, baxıram və onunla oynamağı seçirəm.

 

- Xoşbəxt adam demək olar sizə, indi yadıma Freydin bir fikri düşdü: “Xoşbəxtlər fantaziya qurmurlar, fantaziyaları məmnun olmayan adamlar uydururlar” o, deyir.

 

- Ola bilər. Mistikanı fantaziya kimi qurmaq və mistikadan həzz almaq da fərqlidir məncə.

 

- Bəs tamaşaçı? Doğrudanmı indiki tamaşaçı teatrdan, fantaziyalardan uzaqlaşacaq qədər xoşbəxt, məmnundur? Bu, sizdədəmi belədir?

 

- Tamamilə eyni haldır, bizdə də insanlar indi daha praqmatik, daha soyuq olublar, bizim əyalətimizdə də adamlar teatra çox az gedirlər, onları hansısa siyahılarla, dəstə halında demək olar ki, zorla gətirib yığırlar tamaşa zalına. Amma Kiyevin özündə tamaşaçı teatra gedir, paytaxt həyatı başqadır, adam çox olduğu üçün hamı da demək olar ki, işləyir və özünün stabil qazancını bilir, teatr isə istirahət üçün çox lazımdır. Bizdə də, sizdə də insanlar indi daha çox özlərinin maddi tələbatlarına, məişətlərinə qapandıqları üçün teatr ikinci dərəcəli olmağa məcburdur. Elə adamlar var ki, bilet almağa maddi imkanı çatmır.

 

- Aktyorlar haqda danışın. Sizin aktyorlar necə dolanırlar? Teatrdan aldıqları maaş bəs edirmi?                                                                                             

 

- Miskin bir mövcudolma sadəcə. Kiyevdə bəzi milli teatrlarda maaş normaldır, bəzilərində hətta yaxşıdır, amma ümumən aktyorlar həmişə qaçaqaçdadırlar, teatrdan kənarda da hansısa qonaqlıqlarda, bayramlarda çıxışlar edir, maddi çətinliklərini kompensasiya etməyə çalışırlar, yemək, geyinmək lazımdır axı. Eynilə sizdəki kimi. Məsələn, mən burada aktyorlara baxırdım və düşünürdüm, İlahi, bu adamlardan mən iş tələb edirəm, nəyisə dəfələrlə təkrar etməyi, amma onlar bəlkə də həmin anlarda özlərinin hansısa maddi-məişət problemlərini düşünməkdədirlər.

 

- Bəs nə saxlayır axı aktyoru teatrda? Yalnız incəsənətə olan sevgimi?

 

- Təbii! Bir misal gətirim. Demək, bizim teatrların birində bir baş rejissor var, o, aktyorlar barədə belə deyir: “Onların maaşını bir dəfə azaltdılar, yenə də işlədilər,  iki dəfə azaltdılar, onlar yenə də işlədilər, maaş vermədilər aylarla, onlar yenə gəldilər və işlədilər, mən düşünürdüm ki, əgər onlara deyilsə ki, siz özünüz pul ödəyin öz gəlməyiniz üçün, onlar bunu da etməyə hazır olardılar.”

 

- Səhnə tərtibatını həyat yoldaşınız verib, o da buradadırmı?

 

- Xeyr, o, Kiyevdə qaldı, bizim iki yaş yarımlıq qızımız var, onunladır, gələ bilmədi.

 

- Sabah gedirsiz və hətta premyeraya da qalmadınız, bir daha gəlmək fikriniz varmı?

 

- Düzdür, premyeraya qala bilmirəm, kim bilir, bəlkə də gəldim yenə, kim bilir... Bilirsiz, mən burada özümü bircə dəfə də olsun yad hiss etmədim. Bu, həyatımda özünəməxsus bir yer tutacaq, əminəm və mən bunu hələ burdan getdikdən sonra daha çox hiss edəcəyəm. Mənə elə gəlir ki, bunda burada tanıdığım bu insanların rolu böyükdür, axı elə şeylər var ki, onlar paytaxtda yaşamaqla, böyük və dinamik teatrlarda çalışmaqla olmur. Lənkəran teatrı bir evdir sanki, ailədir.

 

- Ümumiyyətlə, Lənkəran teatrı ilə işləmək ideyası necə yaranmışdı?

 

- Bu, uzun tarixçədir, məni İslamla ( Lənkəran teatrının direktoru-C.) Eltən Qədimbəyli tanış eləyib. Eltən Kiyevdə tələbəm olub, mən həm də teatr, kino və televiziya universitetində dərs deyirəm. Elə oldu ki, Eltən məni İslamla tanış etdi və biz uzaqdan uzağa da olsa, yazışmağa, danışmağa başladıq, hardasa üç-dörd il ərzində aradıq ki, həm mənə, həm buradakı adamlara maraqlı ola biləcək materialları tapaq, müzakirə edək, işləyək.

 

- Ukraynada bir azərbaycanlı müəllifin əsərini səhnələşdirməyi istərdinizmi?

 

- Olar, niyə də yox?

 

- Modern yoxsa klassika?

 

- Müasir əsər istəyərdim. Mən Ukraynada əsasən müasir mətnlərlə işləyirəm. Bizdə indi çoxlu müasir yazar var, onların yazdıqları pyesləri oxuyuruq, seçirik, işləyirik. Klassikanı isə mən tələbələrlə işləyirəm. Bilirsizmi, müasir pyesin dili çox qurudur, qabadır, mövzular da, leksika da olduqca sərtdir, amma mən onları səhnələşdirirəm, bəzən kimsə deyə bilər ki, bu nədir, bizdə belə şey səhnələşdirmək olmaz!

 

- Niyə? Açıq-saçıq mətnlər olur?

 

- Bəli. Həm mətnlər, həm hərəkətlər. Mənim həyat yoldaşım bir dəfə belə bir əsərin mətnini hətta kağızdan oxuya bilmədi, qoydu bir kənara, amma mən onu səhnələşdirdim.

 

( Bu vaxt aktyorlardan biri üzr istəyərək, otağa daxil olur və Arkadi ilə qucaqlaşıb, vidalaşır, hər ikisinin üzündə-gözündə səmimi sevinc və ayrılmaq hüznünü sezirəm. )

 

- Onlar sizi seviblər.

 

- Hə, mən özüm də axı əvvəl aktyorluq oxumuşam, ona görə də aktyor ruhunun nə demək olduğunu anlayıram, bu münasibət, bağlılıq... (gözünü ovuşdurub, nəyisə ani düşünür və söhbətə qaldığımız yerdən davam edir). Klassikadan danışırdıq, bilirsizmi, klassikanı səhnələşdirmək üçün gərək həmin ölkənin tarixini yaxşı biləsən, məncə bunu azərbaycanlı rejissor daha yaxşı işləyə bilər. Həm də bizdə Ukraynada müasir mətn, müasir teatr daha inkişaf etmiş mərhələdədir, burada isə hələ elə deyil.  Müasir mətni seçmək həm də ona görə əlverişlidir ki, sən müəllifi tanıyırsan, onunla danışa bilirsən, nələrisə müzakirə etmək, razılaşmaq olur. Klassik əsərlə bu mümkün deyil, sənin əlində sadəcə mətn var, müəllif yoxdur, ondan heç nəyi nə soruşmaq nə razılaşdırmaq mümkün deyil. Müəllifin özü ilə birgə işləmək əlbəttə ki, daha maraqlı və yaxşıdır.

 

- “Ölü canlar”ın sonunda belə bir mesaj var: Azadlığı pul ilə almaq mümkündür...

 

- Əlbəttə! Bu, bizim həyatımıza satirik, komik bir baxışdır, bu bir karikaturadır. Bu, onu göstərir ki, balaca adam yaşamaq üçün başqalarını və qanunu aldatmalı olur, bu, bizim həyatımızdır, sizdə də, bizdə də, postsovet məkanının hər bir yerində də. Əslində bu bir dramdır, yəni insan qanunla yaşamaq istəyir, amma yaşaya bilməkdən ötrü o qanunları pozmağa məcbur olur, onu buna məcbur edirlər, vicdan məsələsidir bu. Baxın, Çiçikov əvvəl sadəlöhv idi, amma katib ona nəyi necə etmək lazım olduğunu öyrədir və o artıq hər kəsi aldatmağa başlayır. Bu, hər yerdə, hər addımda rast gəldiyimiz şeylərdir. İndi bu az vaxtda hazırlaya bildiyimiz tamaşanı mən hardasa bir eskiz, bir qaralama kimi görürəm hələ, amma oynandıqca formalaşacaq.

 

- Sonda, Lənkəran aktyorlarına, teatra və Lənkəran tamaşaçılarına arzularınızı bilmək maraqlı olardı.

 

- Aktyorlara mən daha rahat, daha əlverişli peşəkar situasiyalar arzu edərdim. Və əlbəttə ki, mən onlara maaş çoxluğu arzulayıram, bu, birmənalıdır, çünki aktyor teatrda kifayət qədər qazanmalıdır ki, işləyə bilsin, səhnədə olduğu müddətdə də fikirləri özünün məişət problemlərində qalmasın. Bu, ən başlıca problemdir. Bu teatra mən hökumət tərəfindən, Mədəniyyət Nazirliyindən daha çox dəstək, anlayış arzu edərdim, Lənkəran teatrı olduqca maraqlı teatrdır, həm aktyor kollektivi, həm direktor, həm yaradıcı heyət buna layiqdirlər. Mən hamıdan eşidirəm ki, Lənkəran teatrı vaxtilə olduqca yüksək səviyyədə çıxışları ilə tanınıb, indi isə ona qayğı lazımdır, bu cür teatr güclü dövlət himayəsi olmadan yaşaya bilməz. Qaldı tamaşaçılar...

 

- Siz onlarla tanışsınızmı, ümumiyyətlə?

 

- Mən onları bir dəfə gördüm (gülür) hansısa məktəbin şagirdləri idi və onlar məni çox qorxutdular ( Mən “Əcnəbi kürəkən” tamaşasına şagirdlərindən söz getdiyini anlayıram-C.), şok yaşadım, onlar hay-küy salırdılar, mənə elə gəlirdi, onlar səhnədə nə baş verdiyini başa düşmürdülər, hətta qulaqcıqlarda oturub, yəqin ki musiqi dinləyərək, səhnəyə boş-boş baxanlar vardı, telefonla oynayırdılar, inana bilmirdim gördüyümə. Onlar məni təəccübləndirdilər, məncə, “Kiyevdə məktəblilər daha təmkinlidirlər ”- deyə, düşündüm hətta.

 

- Həmin vaxt zalda idim, peşə məktəbinin şagirdləri idi, hamısı da oğlan, bəlkə də ədəbiyyat, ümumiyyətlə kitab oxumamaqlarına görə belə yanaşırdılar, hər halda, mən də ilk dəfə burada belə tamaşaçı görürdüm.

 

- Ümumiyyətlə, bizim uşaqlarla sizin uşaqlar arasında elə bir güclü fərq yoxdur. Məsələ kitab ədəbiyyat oxuyub-oxumamaqda da deyil, düşünürəm ki, onları teatra cəlb etmək lazımdır, onları məcbur etmək lazımdır teatra tez-tez gəlməyə,  gənclər üçün müasir tamaşalar hazırlamaq çox vacibdir, gənclik teatrda özünü görə bilməlidir, görə bilməsə, gəlməyəcək...

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1571

Oxşar yazılar