“Həmişə teatrımızın müasir texnologiya ilə təchiz olunmasını arzulamışıq. İndi Avropa texnologiyalarını təchiz eləmişik, amma onlarla işləmək bir az çətindir, mütəxəssislər azdır. Bütün sahələrdə olduğu kimi teatrda da təcrid olunub yaşamaq olmur”.
Bunu APA TV-nin “İlqar Rəsul və...” verilişin qonağı olarkən Akademik Milli Teatrın direktoru, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov deyib.
İ. İsrafilov teatra olan diqqətsizlikdən gileylənib: “Teatr binasının dörd tərəfində binalarda işıqlandırma sistemi var, teatrın binasında yoxdur. Bakı Şəhər İcra Hakimiyyətinə müraciət eləmişəm, amma heç bir reaksiya olmadı. Bakı şəhərinin icra başçısı son üç ildə bir dəfə də olsun teatrda olmayıb. Seul nəhəng bir şəhərdir, ora Asiyanın Nyu-Yorku deyirlər, şəhərin rəhbəri bir həftə ərzində dörd dəfə tamaşalarımıza gəlib baxdı”.
Teatrın direktoru paytaxtdakı mədəniyyət ocaqlarının şəhər həyatının bir parçasına çevrilə bilmədiyini də qeyd edib: “Hər bir mədəni düşüncə sahibi, diploma görə yox, həqiqətən ziyalı olan adam yalnız bizim teatrdan söhbət getmir, Opera Teatrı, Rus Dram Teatrı, Yuğ Teatrı var, Pantomima teatrı-bunları görmək yaxşı olardı. Mədəni fərd öz qida təminatını düşünməlidir”.
İ. İsrafilov teatrın kommunal problemlərindən də gileylənib: “İşıq pulunu verə bilməyəndə, işığı, suyu ödəyə çatdırmayanda suyu kəsirlər. Bu yaxınlarda əsəbiləşib o məmura dedim ki, bizim bəyənmədiyimiz düşmənimiz Ermənistanının Sundukyan teatrının altı min yox, altı yüz min borcu olsaydı və elə də var, heç kim onun işığını kəsməzdi. Yəhudilər ümumiyyətlə teatrın borcu olmasına əhəmiyyət vermir. Bizimsə işığımızı, suyumuzu kəsməklə təhdid edirlər. Elə ölkələr var, teatrlar, ümumiyyətlə, kommunal xərclərdən azaddır. Bəs, Azərbaycan-özünün mədəniyyəti, qədim ənənəsi olan ölkə nə edir? Elə ölkələr var ki, Akademik Teatrı yoxdur heç. Biz Beynəlxalq Tənqidçilər Assosiasiyasının üzvüyük. Ermənistan heç ora üzv deyil”.
Onun fikrincə, teatr şəhərin mədəni həyatında olmalıdır: “Şəhər rəhbərliyi mədəniyyət ocağının başını sığallamalıdır, eləmir. Teatrın özünə qayğı olmasa, möcüzə yaratmaq çox çətindir. İstənilən teatrın, dünyanın ən möhtəşəm teatrlarının da problemləri var. Polşanın Milli Teatrının da problemləri var, amma bizim teatrın problemlərini onların yanında dilə gətirsəm, lətifə bilib gülərlər. Bu yeni fakt deyil, illərlə davam edir”.
İ. İsrafilov geri qayıtmağın əleyhinədir: “Teatra müxtəlif rəhbər şəxslərin gəlməsi işin xeyrinə olardı, işimizi bilərdi, mən ona nəyisə saatlarla izah etməli olmaram. Elə olmasın ki, Mirzə Cəlil dövrünə düşək. Haqverdiyev inandırmağa çalışırdı ki, teatr vacibdir. Bu maarifləndirmə işinə qayıtmalı olmayaq, buna bir insan ömrü yetməz”.
İ. İsrafilov teatrın yaradıcılıq problemlərinə də toxunub: “Şekspirin çox əsəri var, filan əsəri bizim truppaya uyğundur, filan əsəri yox. Məsələn, Üçüncü Riçardı oynayacaq aktyor yoxdur bizdə hələ. Əgər o əsər müasirimizə nə isə deyəcəksə, əsər truppaya uyğundursa yaxşı, yox, demək onu götürmək mümkün deyil”.
“Əməkdaşlıq elədiyim xarici teatrların rəhbərləri ilə söhbətdə görürəm ki, aktyorlar sarıdan eyni problemləri yaşayırıq, yəni aktyorun milliyyəti yoxdur. Aktyor cilddən cildə düşür. Öz aləmində obraz yaradır, amma əslində simasını dəyişir”.
“Sənətin mahiyyətində toqquşma var, ona görə umu-küsülər, konfliktlər gözləniləndir. Aktyorlar uşaq kimidirlər, uşaq valideynin bacı-qardaşa, birinə az, birinə çox münasibətini qısqanır, inciyir. Onlar qayğı, nəvaziş istəyir. Bəzən biri daha çox layiqdir, biri az. Biri bundan sui-istifadə edir, biri yox”.
Özünün dediyinə görə, ondan siyasətçi olmazdı: “Çünki sentimentalam. Hər şeydən bir az var, bir az romantikəm, bir az sərt, hər işdə birinci intizamdır mənim üçün. İşimdə də birinci şərtim budur. Təəssüf ki, yaradıcı adamlar bu sahədə axsayır”.
Muğamı, ibadəti də sevir: “Qafqaz Müsəlmanları İdarəsinin Elmi Dini Şurasının üzvüyəm. Dinləri öyrənirəm, peyğəmbərlərin həyatını. Tarixi şəxsiyyətlərin həyatını oxuyuram”.
Və bütün bu işlər olmasa, həyatı necə davam edər: “Bu işlər olmasa necə olacaq? Mən Məmməd Əminin nəslindənəm, novxanılıyam, bir az hirsləndirəndə, deyirəm, çox o yan-bu yan eləməyin, uzağı gedib Novxanıda göyərti əkərəm”.