Akademik Opera və Balet Teatrının səhnəsində dahi Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operasının yeni quruluşda premyera tamaşası olub. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 25 illik fasilədən sonra teatrın repertuarına qayıdan bu tamaşa ölkə ictimaiyyətinin böyük marağına səbəb olaraq geniş tamaşaçı auditoriyası toplayıb. Teatr rəhbərliyi və tamaşanın yaradıcı heyəti yeni quruluşu həyata keçirərkən operanın stenoqrafiyasını imkan daxilində ilkin varianta yaxınlaşdırmağı qarşılarına məqsəd qoyub.
Tamaşada əsas partiyaları gənc və istedadlı xanəndələr – respublika muğam müsabiqəsinin laureatları Arzu Əliyeva (Əsli) və Elnur Zeynalov (Kərəm) ifa ediblər. Tamaşada həmçinin xalq artisti Şahlar Quliyev (Keşiş), əməkdar artistlər Sabir Əliyev (Şah), Nizami Bağırov (Paşa), solistlər Nəzər Bəylərov (Sofi), Mütəllim Dəmirov (Şeyx) iştirak ediblər.
Yeni quruluşun musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, rəssamı – əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.