Fevralın 1-də Dövlət Bayrağı Meydanındakı «Cristall-Hall»da Səbail rayon gənclərinin 2 fevral – Gənclər gününə həsr olunmuş möhtəşəm bayram balı keçirilib. Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, gənclər balına rayonun istehsalatda, elm, mədəniyyət sahəsi və təhsildə, ictimai, elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaq dəvət olunub. Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dəvət olunanları salamlayıb. Qeyd olunub ki, Səbail rayon əhalisinin təqribən 21,5 faizini gənclər təşkil edir. Tədbirdə çıxış edən digər çıxışçılar ölkədə və Səbail rayonunda gənclərlə bağlı görülən işlərdən danışıb, gənclərimizi bayram münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb. Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə Səbail rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunub.
Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə başa çatıb.