Fevralın 22-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində “Xocalıda qırmızı mələk” adlı tamaşanın ilk premyerası keçirilib.
Lent.az-ın məlumatına görə, tamaşadan əvvəl giriş sözü ilə çıxış edən Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov Xocalı qətliamına tarixi ekskursiya edib.
O yüzlərlə Xocalı sakinlərinin vəhişcəsinə öldürüldüyü və yaralandığı faciəni bəşəriyyətin ən böyük faciələrindən biri adlandırıb. Bundan sonra zalda Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Xocalıda qırmızı mələk” adlı tamaşa oynanılıb.
Bildirək ki, tədbirdə millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, KİV nümayəndələri iştirak ediblər. Tamaşa bitən kimi zalda sürətli alqışlar qopub. Səhnəyə dəvət edilən Millət vəkili Azay Quliyev və “APA Holding”in prezidenti Vüsalə Mahırqızı yaxşı ifaya görə aktyorları diplomlarla təltif ediblər.
Qeyd edək ki, tamaşa QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə İtaliyanın “Associazione Arci Bellezza” təşkilatı tərəfindən hazırlanıb.
“Xocalıda qırmızı mələk” tamaşası “APA Holding”ə daxil olan Lent.az saytında Vüsalə Məmmədovanın müəllifi olduğu "Əsir düşərgəsi" layihəsinin və bu layihənin materiallarından ibarət “Cəhənnəmdə böyük çığırtı” kitabının motivləri əsasında hazırlanıb. Tamaşanın ssenari müəllifi Səbuhi Məmmədli, quruluşçu rejissoru Nihad İsadır.