Rustavidə Novruz şənliyi keçirilib
19 mart 2013 03:44 (UTC +04:00)

Rustavidə Novruz şənliyi keçirilib

 

Martın 18-də  Rustavidə yaşayan azərbaycanlılar Rustavi Bələdiyyə Teatrında Novruz şənliyi keçiriblər.APA-nın Gürcüstan bürosunun məlumatına görə, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə təşkil olunan Novruz şənliyini Rustavi Şəhər Bələdiyyəsinin aparıcı mütəxəssisi Bəhram İsayev açaraq Novruz bayramı münasibəti ilə soydaşlarımızı təbrik edib. Sonra tədbirdə Gürcüstanın himni səsləndirilib. Bayram şənliyində ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə çıxış edərək Rustavidə hər il ənənəvi şəkildə təşkil olunan bayram tədbirlərinin özünəməxsus gözəlliklə qeyd olunduğunu bildirib: “Rustavidə yaşayan azərbaycanlılar Novruzun gəlişini belə mənalı bayramlarla qarşılayırlar. Bu tədbirlərdə həm gürcülər, həm də azərbaycanlılar birlikdə rəqs edir, mahnılar oxuyur, şeirlər deyir,  kiçik səhnələr göstərirlər. Rustavidə yaşayan soydaşlarımız Novruz bayramını təbliğ etməkdə hamıya nümunədir. Biz də SOCAR olaraq, bu tədbirləri dəstəkləməyə görə fəxr edirik. Qoy Novruz bayramı gəlişi ilə sizlərə ruzi, bərəkət gətirsin!”, deyə Şövqi Mehdizadə bildirib.

 

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev çıxışında Novruz bayramını hər dəfə qeyd edərkən qürur və fərəh hissi keçirdiyini deyib: “Ən başlıcası odur ki, biz bu bayramı gürcü qardaşlarımıza da sevdiririk. Rustavi azərbaycanlıları hər il öz ənənələrinə sadiq qalaraq bu mənalı bayramı gürcülərlə birlikdə keçirirlər”.

 

Sonra tədbirdə “Rustavi İctimai Birlik” qeyri-hökumət təşkilatının rəhbəri Qoqita Melikidze, tələbə Ləman Məmmədova və başqaları çıxış edərək Novruz bayramının Azərbaycan və gürcü xalqının bayramı olduğunu və bu bayramda hamı bir-birini təbrik etdiyini və Rustavidə yaşayan azərbaycanlıların gürcü cəmiyyətinə daha çox inteqrasiya olunduğunu bildiriblər.

 

Tədbirdə Rustavidə fəaliyyət göstərən 18 nömrəli gürcü orta məktəbin Azərbaycan şöbəsinin və 5 saylı gürcü orta məktəbin şagirdləri tərəfindən gürcü, Azərbaycan, özbək, hind rəqsləri nümayiş olunub, kiçik yumoristik səhnələr göstərilib. Bayram tədbirində aşıq Ramin Qarayevin və 6-cı sinif şagirdi aşıq Məsimin ifa etdikləri mahnılar xüsusi sevinclə qarşılanıb.

 

Tədbirdə Tiflisdən gələn “Ceyran” və Rustavidə fəaliyyət göstərən “Cücələrim” folklor rəqs ansamblları rəngarəng rəqslər nümayiş etdiriblər.

 

Novruz bayramı şənliyində Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, AYB-nin üzvləri, jurnalistlər, Rustavi ictimaiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatların rəhbərləri, məktəb direktorları, müəllimlər və həkimlər iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 834
avatar

Oxşar yazılar