Xalq artisti, pianoçu Murad Hüseynov XXI “Pekində görüş” Beynəlxalq Sənət Festivalında ölkəmizi təmsil edib. Lent.az-ın məlumatına görə, mötəbər festivalda ölkəmizin klassik musiqi ifaçılıq sənəti ilk dəfə təmsil olunub.
Yanvarın 7-dən fevralın 4-dək davam edən, həm real, həm də onlayn formatda gerçəkləşən festivalda pianoçu Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndirib.
Murad Hüseynovun çıxışı 3 gün – 29 yanvar, 2 və 4 fevral tarixlərində altı onlayn kanal vasitəsilə nümayiş olunub. Festivalın bağlanış mərasimində də Çin sənətkarları ilə yanaşı, azərbaycanlı pianoçunun da çıxışı yer alıb.
Qeyd edək ki, Murad Hüseynovun “Pekində görüş” festivalında iştirakı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ölkəmizin Çindəki səfirliyinin dəstəyi ilə reallaşıb. Pianoçunun çıxışının videoçəkilişi Bakı Media Mərkəzi tərəfindən həyata keçirilib.
XXI “Pekində görüş” Beynəlxalq Sənət Festivalına 24 ölkənin mədəniyyət və sənət adamları qatılıb. Festivaldan əvvəl azərbaycanlı pianoçu haqqında Çin mətbuatında materiallar yayımlanıb, videoçarx təqdim olunub. Festivalın kataloqunda Murad Hüseynov haqqında məqalə dərc edilib.