O susqun, qaradinməz qadının zərif barmaqlarından tökülən melodiyalar minlərlə sevginin rəsmiydi, minlərlə insan öz sevgisini məhz onun bəstələrinə söykənib dilə gətirirdi, minlərlə gənc onun lirik mahnılarını dinləyə - dinləyə sevməyi öyrənirdi. Sevməyin, sədaqətin örnəyi idi o qadın. Çünki, sevgi acısını ən ağır şəkildə yaşamış, yanmışdı. Bir ömrü bir sevgiyə qurban eləmiş qadın idi bəstəkar Elza İbrahimova.
Yaşasaydı, bu gün 85 yaşı olacaqdı, kim bilir dinləyib kövrəldiyimiz, daha neçə gözəl mahnılar yazacaqdı.
Lent.az "Bir ulduz axdı" rubrikasında bəstəkar, Xalq artisti Elza İbrahimovanı yad edir.
Elza İbrahimova mahnı janrında mənzərə yaradırdı. Həsrətin, sevincin, ayrılığın, küsüb-barışmağın, utancaq bir sevginin qoru ilə gizli-gizli yanmağın şəklini çəkirdi bu bəstəkar. Bir psixoloq dəqiqliyi ilə iç dünyamızın rəsmini notlarla çəkirdi Elza xanım. 24 yaşı olarkən özündən yaşca xeyli böyük olan professor Adil Ələkbərovla ailə qurur. Onu çox sevir. Cəmi bir il davam edən ailə həyatından cütlüyün Zəhra adlı qızları dünyaya gəlib. Qızlarının 1 yaşı olmamış Adil Ələkbərov naməlum səbəblə Elza İbrahimovanı tərk edir. Hətta qızının üzünü belə görmək istəmir. Bu hadisədən sonra Elza bir daha evlənmir, uzun müddət depressiya yaşayır, susqun, qaraqabaq bir insana çevrilir. Onun əvəzinə mahnıları danışır, üsyan edir.
Sənsiz dünyam olub qara,
Könlüm olub para-para,
Boylanacam bu yollara
Yoxluğnu bilə-bilə.
Bundan artıq nə deyəydi ki, bir qadın, daha necə ifadə edəydi ömrünün həsrətini. Yazıçı Xalidə Hasilova özünün “İlğım” əsərini Elza İbrahimovanın yaralı sevgi hekayəsinə həsr etmişdi.
Elza İbrahimova 1938-ci il, yanvarın 10-da Hacıqabulda anadan olub. Asəf Zeynallı adına musiqi məktəbini, daha sonra Azərbaycan Dövlət Konservatoriyasını bitirən Elza İbrahimova Cövdət Hacıyevdən, Qara Qarayevdən dərs alıb. Simfonik əsərləri olsa da Elza xanım daha çox mahnı bəstəkarı kimi tanınıb və sevilib. O tanqo janrını Azərbaycan musiqisinə gətirən bəstəkardır və bu janrda 11 melodiya yazıb. Ən sevilən mahnılarından biri “Gələn günlərimi qurban verədim” də tanqo janrındaydı.
Bu mahnın maraqlı ekran həyatı olub. Mahnını efirlərə buraxmaq istəməyiblər və hətta konsertində ifa etdiyi üçün Akif İslamzadəyə həmin mahnıya görə töhmət də verilibmiş.
Şeirlərinə sözləri xüsusi həssaslıqla seçirdi. Bəxtiyar Vahabzadənin, Vahid Əzizin, Vaqif Səmədoğlunun, Rüzgar Əfəndiyevanın, Ramiz Heydərin şeirlərinə yazılmış yüzlərlə mahının müəllifidir. Elə təkcə Ramiz Heydərin şeirlərinə yazılmış 300 mahnısı var. Rəşid Behbudov, Oqtay Ağayev, Flora Kərimova, Akif İslamzadə, Elmira Rəhimova, Gülağa Məmmədov, İslam Rzayev, İlhamə kimi tanınmış müğənnilər oxuyurdu. O isə ən çox Flora Kərimovanın ifasını sevirdi. Bir çox mahnılarını məhz onun səsi üçün yazırdı.
Ən sevilən mahnıları “Bilməzdim”i və “Sən yadıma düşəndə”ni məhz Flora xanım üçün yazsa da, ilk ifaçılar İlhamə və Elmira Rəhimzadə olub. Flora xanım İlhamə ilə hər zaman eyni mahnıları oxusa da, Elmira xanımın oxuduğu mahnıya toxunmayıb. Bləcə “ Mən yenidən gələrdim, sevmək üçün həyata” kəlmələri Elmira xanımın səsində həyat qazanıb.
Bu susqun qadın yüzlərlə mahnıya qanad versə də, yalnız 70 yaşı olanda nazirliyin yadına düşüb və Xalq artisti adı alıb. Uzun illər şəxsi evi olmayan Elza İbrahimova qardaşı ilə yaşayırdı. Ömrünün son illərində verilən evdə yaşamaq ona qismət olmadı. Xəstəydi, yaxınlarının qayğısına ehtiyacı var idi. Lakin hər bir qayğıdan, köməkdən imtina edirdi. Ömrünün sonlarına yaxın gəncliyində keçirdiyi depressiya yenidən güclənib və böyük sənətkar heç kimi görmək, danışmaq istəməyib. Ömrünün son bir ayında isə hətta yemək-içməkdən də imtina edib. Eləcə pəncərədən uzaqlara baxıb susurmuş. Kim bilir nə düşünürmüş. Bəlkə də dili sussa da, qəlbi o sevilən mahnısının sətirlərini pıçıldayırmış
Qəlbimdən uzaqlara açılı bir pəncərə,
Ayrılıqdan o yana dünya olurmu görən?
Gözlərimin önündə eşqimiz pərən-pərən...
2012- ci ildə Elza xanım uzun sürən xəstəlikdən sonra vəfat edir.