Sevgi haqqında 5 ən gözəl roman
22 iyul 2024 13:55 (UTC +04:00)

Sevgi haqqında 5 ən gözəl roman

" Sevgi haqqında 5 ən yaxşı roman hansıdır?" sualına çoxlu cavablar var. Təbii ki, hər kitabsevərin öz  sevimli əsərləri, üstünlük verdiyi romanları vardır. Biz öz bildiklərimizi qeyd etmək istədik.

 Lent.az dünya ədəbiyyatı tarixindən 5 ən gözəl roman barədə məlumat verir.

 Frederik Stendal: “Qırmızı və qara”

Bu roman bir vaxtlar qadağan edilmişdi. Vatikan onu 1864-cü ildə Stendalın bütün digər "sevgi romanları" ilə birlikdə "qara siyahı"ya salmışdı. 

Julien Sorel gənc, yaraşıqlı, ağıllı və şöhrət arzusundadır. Onun kumiri Napoleondur. Ancaq problem ondadır ki, Julien sadə bir ailədəndir və yüksək cəmiyyətə gedən yol onun üçün bağlıdır. Qəhrəmanın  əlaqələrə və pula ehtiyacı var. Julienin seçdiyi kilsə iyerarxiyasının pilləkənləri  onu ucaldır, bir aristokratın evində müqəddəs kitab və latın dilini öyrədir və təkəbbürlü zəngin adamı incitmək üçün arvadı ilə münasibət qurmağa başlayır. Lakin Julien kilsə yolunu sevmir və əvvəlcə qisasla başlayan münasibətlər böyük qarşılıqlı hisslərə çevrilir. Bu məsələ, təbii ki, yaxşı bitə bilməz. İnsanlar xoşbəxtlik yolunda nəyə qadirdirlər? Özlərini itirmədən buna nail ola bilərlərmi?

Mixail Bulqakov: “Usta və Marqarita”

Yeri gəlmişkən, Bulqakov romanın ilk versiyasını yandırıb, sonra yenidən yazıb. Lakin heç vaxt başa çatdıra bilməyib. Yazıçının ölümündən sonra bütün qaralamaları onun dul arvadı Yelena Sergeyevna bir araya gətirib. Roman 25 ildən çox rəfdə qalıb. Mixail Bulqakovun həyat yoldaşı olmasaydı, naməlum qala bilərdi. O, romandakı Marqarita kimi əlyazmalara yenidən həyat verib.

“Sənə kim dedi ki, dünyada həqiqi, sadiq, əbədi sevgi yoxdur? Yalançının rəzil dili kəsilsin!” Bu ilk baxışdan son nəfəsə qədər sevgi haqqında bir kitabdır. Bütün təzahürləri ilə çox yönlü sevgi haqqında əsərdir.  Bu, Yeshuanın cəlladlarına qarşı olan, hər şeyi bağışlayan, müqəddəs sevgisidir, bu, yer üzündəki yazıçının və onun ilham mənbəyinin ehtirası və incəliyidir, bu, insanların öz doymuş və rahat həyatlarına olan kiçik və alçaq sevgisidir. Neçə dəfə oxusan da, roman həmişə özünü başqa cür ortaya qoyur.

 Lermontov – “İblis”

Bu poemanın əsas personajı yer üzündə baş verənləri yuxarıdan izləyən və toya hazırlaşan Şahzadə Tamaraya aşiq olan “kədərli İblis”dir. Lakin toydan öncə bəy ölür və Tamara ona əzab verən “pis ruhdan” xilas olmaq üçün monastıra gedir. Monastıra gedən qadının ruhunu şirnikləndirərək ələ almağa çalışan İblis də , Tamara da çətin vəziyyətə düşür.  

“İblis” Lermontovun Xeyirlə Şərin əbədi qarşıdurmasından bəhs edən ən sirli, mistik, fəlsəfi əsərlərindən biridir. Yeri gəlmişkən, o da senzuraya məruz qalıb və uzun müddət nəşrinə icazə verilməyib, qara siyahılara salınıb. 

Qustav Flober: “ Madam Bovari”

Qadağan olunmuş sevgi romanlarını oxuyan Emma Bovari bu əsərlərin qəhrəmanı olmaq arzusunda olur və ona aşiq olan həkim Çarlzla evlənir. Yalnız ər heç də maço deyil, ev dəbdəbəli saray deyil, Emma tezliklə Çarlzı sevmədiyini, ailə həyatının heç də onun təsəvvür etdiyi kimi olmadığını anlayır.  O xəyanət edir, çoxlu aşiqlər qazanır, sevgililəri ilə görüşür. Bu roman ikili həyatın məşəqqətlərindən bəhs edir, xəyanət etməyə hazır və həvəsli insanların psixologiyasını açır. Müəllif bizə iki evdə həyat pərdəsinin arxasında nələrin gizləndiyini, finalın necə ola biləcəyini göstərir.

Roman jurnalda dərc edildikdən sonra Flober əxlaqı təhqir etməkdə ittiham olunur və redaktorla birlikdə məhkəmə qarşısına çıxarılır. Düzdür, əsərin qalmaqallı şöhrəti çox keçmədən bəraət aldı. 2007-ci ildə müasir məşhur müəlliflər arasında aparılan sorğuya görə, “Madam Bovari” bütün zamanların ən böyük iki romanından biridir. Birinci yerdə, əlbəttə ki, Lev Tolstoyun “Anna Karenina” əsəri dayanır.

Lev Tolstoy-  “Anna Karenina”

Əsərin baş qəhrəmanı olan Anna Kareninanın prototipi A.S.Puşkinin qızı Mariya Qartunq hesab edilir.

Əsər 1870-ci illərdə Rusiyada cəmiyyətin üst sinfinə mənsub olan iki insanın eşqindən bəhs edir. Hadisələ Moskvada və Peterburqda   baş verir. Əsərdə Rusiyada patriarxal həyat tərzi qalıqlarının burjua tərəqqisinin təzyiqi altında necə dağıldığını da təsvir edir. Roman çox məqamlarda avtobioqrafik xarakter daşıyır. Əsərin üzərində işləyərkən Tolstoy müasirliyi və öz həyatını yenidən aydınlaşdırmışdır. Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında ro¬mandır. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma, o, heç nəyə baxmadan bunların hamısından imtina edir. O, özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3693
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar