Novruz Cəfərov
28 dekabr 2020 17:29 (UTC +04:00)

Novruz Cəfərov

“Ruhlar şəhəri”ndə premyera: “Onu sözlə ifadə etmək çətindir...” - MÜSAHİBƏ

 

Ağdam teatrının baş rejissoru: Arzumuz Ağdamda teatrımıza yeni binanın tikilməsi və bizim ora köçürülməyimzdir

Novruz Cəfərov əslində aktyordur, amma çoxtərəfli aktyor. Gitarada, qarmonda, sazda çalır. Yaxşı rəsm çəkməyi var, üstəlik rəqqasdır. Həm pyeslər yazır, həm şeir. Ana tərəfdən Əhməd Cavadın qohumudur. Bu günlərdə Ağdam Dram Teatrının baş rejissoru Novruz Cəfərovun “Komediyalar” adlı kitabı çapdan çıxıb. Lent.az müəlliflə həm kitab, həm Ağdam teatrı, həm də özünün yaradıcılığı barədə söhbət edib.

- Əvvəlcə kitabınızla bağlı təbrik edirəm sizi.

- Təşəkkür edirəm, 7 komediya çap olunub bu kitabda, onlardan ikisi kiçik tamaşaçılar üçün nəzərdə tutulub. Gələn ay ikinci kitabım çapdan çıxacaq – “Sənət fədailəri” adında. Sənət adamlarının həyatından yumoristik, problemli hekayətlər yığılıb. Şəki teatrının həyatından bəhs edən üç pyesim də var o kitabda.

- Novruz müəllim, tərcümeyi-halınıza baxanda adamı təəccüb götürür - Şəmkirdə doğulmusunuz, müxtəlif illərdə Şəki, Gəncə teatrlarında işləmisiniz, indi də tamam başqa səmtdə - Ağdam teatrında baş rejissorsunuz. Bəlkə o dolanbac yollara qısa bir səyahət edək? 

- Edək. Şəmkirin Könüllü kəndində dünyaya gəlmişəm. Bakıda İncəsənət İnstitutunu bitirmişəm. İnstitutu bitirəndə bütün kursumuzu Şəki teatrına təyinatla göndəriblər. Cahangir Novruzov, Hüseynağa Atakişiyevlıə bir yerdə. 21 il Şəki teatrında işləmişəm. 1997-ci ildə Gəncəyə Köçmüşəm. 2017-ci ilə qədər Gəncə teatrında işləmişəm.

Nazirliyin təyinatı ilə Ağdam teatrına baş rejissor getməyim də 2017-ci ildə olub, hazırda orda çalışıram. Görünür, belə dolanbac yollar keçmək qismətdir, taledir. Sənin istəyib istəmədiyindən asılı olmayaraq, həyat özü yönləndirir. Sən də bu gedişin qarşısını almaq gücündə olmadığından düşürsən axara, hara axar-axar, amma narazı da deyiləm, əksinə.

- Sadaladığınız teatrlarda aktyor kimi çalışmısınız, pyeslər yazmısınız, tamaşaya qoyulub, düzdü tamaşalar da hazırlamısınız, amma daha çox aktyorsunuz. Ağdam teatrına isə baş rejissor təyin ediblər sizi...

- Şəki Dövlət Dram Teatrına gedənə qədər, hələ tələbə olanda kiçik pyeslər yazırdım. Xalq Yaradıcılıq Evinə də təqdim etmişdim, Fikrət Soltanov oxuyub demişdi ki, Novruz, səndən dramaturq çıxacaq. Zamanı gəldi həmin o ilk yazdıqlarımı cırıb atdım, xoşuma gəlmədi. Elə əsərlərim də oldu ki, xoşuma gəlirdi, amma erməni obrazı olduğuna görə cırıb atdım onu. Yəni cırıb atdıqlarım da çox olub, bu və ya başqa səbəblərə görə xoşuma gəlməyib. Tamaşaya qoyulanda süzülür, işlənir, tamaşaçı qəbul edir. Qoyulan əsərlər belə çıxıb meydana.

Gənclikdən rəqqaslığım da olub. Rəqs ansamblında solist olmuşam. Şəki teatrında işləyəndə məvacib az idi, dolanışıq çətin. Şəki şəhər pionerlər evində rəqs dərnəyi yaratmışdım. 19 və 20 nömrəli orta məktəblərdə dram dərnəkləri yaratmışdım. 28 yaşımda Musiqi məktəbinə gedib qarmon çalmağı, notu öyrənmişəm. Özüm gitara çalmağı öyrənmişəm, çünki bir tamaşada gitara çalmalı idim. Başqa bir tamaşada saz çalmalı idim, özüm saz alıb canlı saz ifası ilə çıxmışam səhnəyə. Həmişə öyrənmişəm, tamaşalarım, rollarım canlı alınsın deyə nə lazım gəlibsə, onu mənimsəmişəm. Şəki teatrında rejissor kimi tamaşalar da qoymuşam. O vaxt teatrın bədii rəhbəri Cahangir Novruzov dedi ki, kimin rejissorluğa meyli varsa, özünü yoxlasın. Onda hamı rejissorluğa meylli çıxdı. Boş aktyor qalmadı, hamı tamaşa hazırladı. İlk dəfə Aleksandr Gelmanın “Hamılıqla təklikdə” əsəri var onu Cahangir Novruzov da kömək etdi, bir yerdə rus dilindən tərcümə etdik. Tamaşanı hazırladım, mən onu başa çatdırınca tamaşa hazırlamağa başlayan aktyorların hamısı fikirlərindən daşındılar. Yəni heç biri axıra çatdıra bilmədi işi, öhdəsindən gəlmədilər. Premyeraya Moskvadan tənqidçi də gəlib çıxmışdı, təsadüfən. Tamaşa haqqında yazı da hazırlamışdı.

İkinci tamaşanı Cahangir Novruzovla hazırlayırdıq. Bir yerdə Hüseynağa Atakişiyevlə də tamaşalarımız olub. Repertuara daxil edilən rejissor kimi ilk müstəqil işim Əli Səmədovun “Əhmədin vəfalı xoruzu” əsərinin tamaşası oldu.

Əli Əmirlinin “Onun iki qabırğası” əsərini tamaşaya qoydum. Öz pyeslərimi də tamaşaya qoymuşam. Yəni rejissor fəaliyyətim hələ Şəki teatrından başlayıb.

Düzünü deyim, aktyorluq daha çox ürəyimcədir, çünki müstəqilsən. Rejissor hamıya cavabdehdir, aktyorsa özünə.

Gəncə teatrına gələndən sonra Nizami Poeziya teatrında da rejissor işləyirdim. Gəncə teatrında da rejissor fəaliyyətim olub. Gəncə teatrı ilk dəfə ölkədən xaricə festivala mənin rejissoru olduğum “Gözəlçələr” tamaşası ilə çıxdı. Gəncədə sonuncu tamaşam “20 ildən sonra” tamaşası oldu. O da Türkiyəyə teatr festivalına getdi. Yəni nazirlik məni rejissor kimi tanıyırdı. Rejissorluğa keçməyim çox təklif edilmişdi, razılaşmırdım. Gəncədə Kəpəz televiziyasının dublyajından yaxşı gəlirim olurdu, rejissorluğa keçsəm, ona vaxtım çatmazdı. Başımı rejissorluqla qatmaq istəmirdim. Mənim üçün ən uca sənət aktyorluqdur.

- Amma Ağdam teatrına baş rejissor getdiniz...

- Xeyli fikirləşdim, qəbul etdim. Üç ildən artıqdır Ağdam teatrının baş rejissoruyam, peşman deyiləm.

Teatr Quzanlıda yerləşir, Ağdamın rayon mərkəzini əvəz edir Quzanlı. Əvvəl Ağdam teatrı Bərdədə məskunlaşıb, sonra Quzanlı mədəniyyət evinin binasını bərpa edib teatrı köçürüblər ora. Biz tamaşalar hazırlayırıq. Üç ildə repertuara qəbul olunan tamaşaların hamısını hazırlamışıq. İldə dörd tamaşa hazırlanır. Mənimlə bir yerdə üç rejissoruq. Bayram tamaşaları, şənliklər də hazırlanır. Teatrın müdiri Məhəmməd Hüseynov o teatrı yaşatmaq üçün hər şey edir. Teatrın bəxti gətirib ki, elə bir müdiri var. Teatrın qayğısını çəkir, aktyorların qeydinə qalır. Aktyorların hamısı qaçqın-köçkün həyatı yaşayan adamlardır, müxtəlif qəsəbə və kəndlərdə yaşayırlar. Hamısı teatra uzaqdan gəlir. 30-35 km məsafədən məşqə gəlib-qayıdırlar. İşimizi elə qururuq ki, hamısı hər gün gəlməli olmasınlar, yalnız məşqə gələnlər gəlsin. Bununla belə, işimizin keyfiyyətinə çox önəm veririk.

Şükür, Ağdam da işğaldan azad edilib. O teatrdakı sevinci görmək lazım idi. Onu heç bir sözlə ifadə etmək olmaz. Ağdamın bərpasını gözləyirik ki, dərhal teatrı köçürək öz mərkəzinə. Bütün bərpa olunan şəhərlərimizə birinci mədəniyyət aparmaq lazımdır.

Arzumuz Ağdamda teatrımıza yeni binanın tikilməsi və bizim ora köçməyimizdir. Bütün aktyorlar o günü gözləyir.

Bir az pandemiya işimizi ləngitdi, son vaxtlar səngiyib işimiz. Bundan da çıxacağıq, qayıdacağıq Ağdama, həm aktyorlarımızın, həm də tamaşaçılarımızın yurduna. Beynimdə ruhlar şəhəri ilə bağlı bir süjet var, onu reallaşdıra bilsəm, teatrın premyerasını Ağdamda onunla edərik.

- Ağdamda premyerada görüşmək arzusuyla, uğurlar sizə...

 

# 4857
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar