Lent.az “Ömrün bir anı” rubrikasında məşhur qarmon ustası Aslan İlyasovu xatırladır.
Bu məzəli hadisəni ustad sənətkar özü sağlığında danışmışdı:
“Ağdaşdan toydan çıxıb Bakıya qayıdırdım. Yeyib-içmişəm, kefim kök, altımda təzə xarici maşın…
Ləki qəsəbəsində gördüm yolun qırağında bir sarı “Zaparojets” dayanıb, sürücüsü əl eləyir. Maşını saxladım, dedi, “qardaş, məni yedəyinə qoş, maşınım sönüb, bir az gedim, motor işə düşəcək”. Razılaşdım. Kəndiri bərkitdi mənim “Mersedes”in arxasına.
Maşına oturdum. 2 dəqiqə keçmədi ki, yedəyimə bağladığım avtomobili unutdum. Ayağımı qoymuşam qaza, arxa şüşələr qara pərdəli olduğu üçün görmürəm. Ucara çatmışam. Yan güzgüdən görürəm, bir “Zaparojets” işıqlarını yandırıb-söndürür, elə bildim məndən yol istəyir. Öz-özümə dedim ki, bu nədir, “Zapı” “Mersedes”i ötmək istəyir? Lap da sürəti artırdım. Bu əl çəkmir, elə yandan işıqlarını yandırır.
Kürdəmirə çatanda bezdim, “Zaparojets” də tüstülənir, amma əl çəkmir. Maşını saxladım. Bu da saxladı. Sürücü qışqıra-qışqıra gəldi üstümə ki, sən məni hara gətirib çıxartmısan? Bayaqdan özümü öldürürəm, "dayan" işarəsi verirəm. Dedim, mən sənə nə eləmişəm, özün gəlmisən də. Dedi, ay qardaş, Ağdaşda sən məni yedəyinə almadın? Bayaqdan siqnal verirəm ki, saxla, çatmışam mən. Ucara çatmammış dönəcəkdim, gətirib məni çıxarmısan Kürdəmirə”.