Ötən əsrin 70-ci illəri. Sovet quruluşunun hər sahəyə öz qanunlarını dikdə etdiyi dönəm.
Əlbəttə ki, istənilən yenilik maneələrlə qarşılanırdı. Və ilklərə imza atmaq üçün də bir çox bariyerləri dəf etməli olurdun. Bu yorucu və çətin idi.
Yaddaşımızda mahnıların hər biri fərqli xatirə ilə kodlanıb. Mahnını eşitmək isə həmin xatirələri oyadır. Bəlkə də çoxunuz bu mahnını əzbər bilirsiniz. Hətta sözlərinin kimə aid olduğunu da...
Ötən əsrin 70-ci illərində yaranmasına baxmayaraq sonrakı bütün nəsil Azərbaycan estrada ifaçıları bu nəğməni oxumaq istədilər, bəziləri oxudu da.
Həmin mahnının bir qədər ironik, təəssüflü və təəccüblü taleyi olub. Hətta bəzən Sovet ideologiyasına zidd hesab edilib efirlərdən də yığışdırmağa cəhd etdilər. Göründüyü kimi mahnının rəvan, hamar taleyi olmayıb.
Beləliklə, vətəni Argentina hesab olunan ən ehtiraslı tanqo ritmlərinin Azərbaycandakı parlaq təzahürü, mahnı irsimizdə isə bu janrın ən məşhur nümunəsi bəstəsi Elza İbrahimova və Rəfiq Zəka qələminə məxsus “Qurban verərdim” mahnısı Lent.az-ın bugünki tarixçəsinin ünvanıdır.
Mənə bircə kəlmə “can” söyləsəydin,
O bircə kəlmənə min can verərdim.
Ömrünü, gününü dərd eyləsəydin,
Ömrümü, günümü dərman verərdim.
Bəs, bu mahnının tarixindən xəbəriniz var?
Tanqo rəqsi bəşər övladının yaratdığı ən çılğın, ən ehtiraslı rəqslərdən biridir. Deyilənlərə görə, sovetlər dönəmində bu ekzotik musiqi janrı burjuaziya əyləncəsi sayılır və qəbul edilmirdi. Məhz bu səbəbdən adətən sovet bəstəkarları qərbin bu cazibəli ritmlərindən yan qaçırdı.
Lakin özünəməxsus xarakteri və iradəsi ilə seçilən Elza İbrahimova hələ o vaxt tanqonun maraqlı formalarını yaradıb.
Maraqlıdır ki, birinci mahnının mətni yaranır. Belə ki, Elza xanım televiziyada çalışdığı dövrdə istedadlı şair Rafiq Zəka ilə tanış idi. Günlərin bir günündə Elza xanım ona zəng edərək tanqo ritmlərində bir mahnı yazdığını və ona uyğun mətn axtardığını söyləyir.
Növbəti gün onlar şairin evində görüşürlər. Rafiq Zəka Elza xanımın çalğısına qulaq asıb, ona 1972-ci ildə çapdan çıxmış bir şeirini göstərir. Elza xanım şeirə baxan kimi bəyənir və beləcə onların mahnı üzərində işləri başlayır.
“Qurban verərdim” nəğməsinin ilk lent yazısı 1975-ci ildə reallaşır. Nəğmənin ilk ifaçısı da sevilən sənətkar Gülağa Məmmədov olur. Yeri gəlmişkən, müğənni mahnını ifa edərkən orijinal mətnə müəyyən dəyişiklik edir və “Ötən günlərimi qaytaraydılar” əvəzinə, “Ötən günlərimdən qaytaraydılar” deyib.
Elza İbrahimovanın qardaşı Çingiz İbrahimov müsahibələrindən birində deyir ki, Elza heç zaman pulla bəstələrini satmazdı:
“Hamı mənə deyirdi ki, Argentinanın, Meksikanın tanqosu var. Mən də deyirdim ki, Azərbaycan tanqosunu da Elza yazıb. O, ilk gündən sonuncu günə qədər bəstələrini təmənnasız verib. Deyirdi ki, mən onları necə sata bilərəm, ürəyimin bir parçasıdı, uşağımdı. Bu cür sərt reaksiya verirdi”.
Təsadüfi deyil ki, bu mahnı Elza xanımın ilk tanqosu deyildi. Maraqlısı isə məhz bu nəğmənin kəskin münasibət görməsi idi. Əvvəla, müəllif Qərb həyatının əyləncəli tərəflərinin təbliğində ittiham edildi. Amma mahnının efirlərdən yığışdırılıb, qadağan edilməsinin əsl səbəbi bu deyildi. O səbəbi mahnının mətnində axtarıb tapdılar. Mahnının misralarından sovet ideologiyasına zidd olan fikirlərin varlığından danışılır və şairi kommunizmə aparan parlaq gələcəyi qurban vermək istəyindən yazdığını deyib, mahnını qadağan etdilər.
Bir müddət sonra Akif İslamzadə “Qurban verərdim” nəğməsinə yeni can verir. Nəğmə yenidən televiziyalara ayaq açır. Bundan sonra, bir çox müğənnilər mahnını ifa etməyə başlayırlar.
Bu da belə... Elza xanımın mahnıda dediyi kimi:
Keçən günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim.