CİNAYƏT İŞİ
Qısa arayış...
_1773912416.jpg)
2025-ci il mayın 10-da Badamdar qəsəbəsi, Dostluq küçəsi, 10 ünvanında yerləşən tikinti sahəsində üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilir.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilir. Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1970-ci il təvəllüdlü Bahadur Tağıyev olması müəyyənləşir.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanır.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Bahadur Tağıyevin ölümünə - qapalı kəllə-beyin travması səbəb olub.
Həyata keçirilən əməliyyat tədbirləri ilə Bahadur Tağıyevin qətlində şübhəli bilinən 55 yaşlı Möhsün Abdullayev saxlanılır.

Müəyyən edilir ki, şübhəli şəxs illər əvvəl Cinayət Məcəlləsinin 112-ci (16 yaşına çatmamış şəxs barəsində əxlaqsız hərəkətlər etmə) və 113.2-ci (uşaqbazlıq) maddələri ilə 8 il müddətinə azadlıqdan məhrum olunub. Nərimanov rayon məhkəməsinin 2003-cü il tarixli qərarı ilə vaxtından 1 il 7 ay əvvəl şərti olaraq azad olunub.
Lent.az həmin cinayət işinin istintaq materiallarını təqdim edir:
İstintaqla müəyyən edilib ki, inşaat şirkətində qəlibçi işləyən Möhsün Abdullayev, tikinti sahəsində istinad divarlarının beton işlərini həyata keçirib bitirdikdən sonra üzərindəki iş paltarlarını dəyişdirmək üçün paltar dəyişmə konteynerinə keçib. İş yoldaşı Bahadur Tağıyev ünvanına nalayiq ifadələr işlədərək, təpiklə ayağından zərbə vurub, cavab olaraq onun yaxasından tutub. Mübahisə zamanı o, Bahadur Tağıyevə yumruqla, sonra isə stəkanla 4 dəfə zərbə endirib. Bu hərəkəti ilə, Möhsün Abdullayev zərərçəkmişi qəsdən öldürüb.

Məhkəmə iclasında Möhsün Abdullayev bildirib ki, mayın 10-u saat 15 radələrində çalışdığı şirkətdə iş yoldaşı Bahadur Tağıyev ondan kislorod balonunu qarışdırmağını xahiş edib. Amma həmin işin onun öhdəliyində olmadığını söyləyərək, bunu etməyəcəyini deyib. Çölə çıxıb, sonra paltarlarını dəyişən konteynərə gedib. Bu zaman Bahadur yanına gələrək, söyüş söyüb və təpik ataraq, onu boğmağa başlayıb. Özünü müdafiə məqsədilə ona əvvəl yumruqla, sonra isə stəkanla zərbə endirib. Sonra digər iş yoldaşları onları ayırıblar. Ara sakitləşdikdən təxminən 1 saat sonra Bahadur yaxınlaşıb, ondan siqaret istəyərkən, özünü pis hiss etdiyini söyləyib. Təcili yardım çağırmaq istəsə də, Bahadur buna ehtiyac olmadığını bildirib.
İş yoldaşı Elman Həbibov mobil telefonu ilə Təcili yardım stansiyasına zəng edib, məlumat verib, amma tibbi briqada gələnə qədər Bahadur artıq keçinib. Möhsün Abdullayevin sözlərinə görə, hadisə saat 16 radələrində baş verib, amma həkimlər saat 18 radələrində gəlib. Bahadur Tağıyevə stəkanın kənar hissəsi ilə zərbələr vurub.

Zərərçəkmiş şəxsin hüquqi varisi Vüsalə Tağıyeva ifadəsində göstərib ki, Bahadur Tağıyevlə 1995-ci ildə ailə həyatı qurub, nikahdan 4 övladları dünyaya gəlib. Yoldaşı 2003-cü ildən tikinti şirkətində fəhlə işləyib. Mayın 10-da axşam həmin şirkətdə işləyən bir nəfər onun qardaşına zəng edərək, Bahadurun öldürüldüyünü xəbər verib. O, Möhsün Abdullayevə ağır cəza verilməsini xahiş edib.
Şahid Tofiq Əsədov bidirib ki, paltar dəyişmə konteynerinə çatan zaman oradan qışqırıq səsləri eşitib. İçəri girəndə Möhsünlə Bahadurun əlbəyaxa olduqlarını, sonuncunun baş nahiyəsindən qan gəldiyini görüb. Dərhal onları ayırıb. Əsəbi vəziyyətdə olan Möhsün çölə çıxıb. Həmin vaxt orada stəkan görməyib. Mübahisədən 40 dəqiqə sonra Bahadur iş yoldaşlarına halının pisləşdiyini deyib və yerdə uzanaraq, təxminən 10 dəqiqədən keçinib.

Prokuror təqsirləndirilən şəxsə 12 il 6 ay cəza təyin edilməsini istəyib.
Məhkəmə qənaətə gəlib ki, Möhsün Abdullayevin əməli CM-nin 120.1-ci maddəsindən 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunmalıdır. Odur ki ona, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Möhsün Abdullayev cəzasını ümumi rejimli CÇM-də çəkməklə 9 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.