İsveç “Eurovision 2024” mahnı müsabiqəsinin keçiriləcəyi məkanla bağlı qərar verib.
Lent.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.
Bildirilib ki, "Eurovision 2024" İsveçin Malmö şəhərində keçiriləcək.
Birinci yarımfinal mayın 7-də, ikincisi mayın 9-da, final isə iki gün sonra mayın 11-də baş tutacaq.
Bu, 1992 və 2013-cü illərdən sonra üçüncü dəfə Eurovision Mahnı Müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək.
Malmö İsveçin digər şəhərlərini, o cümlədən paytaxt Stokholmu geridə qoyub.
Xatırladaq ki, bu il "Eurovision" Mahnı Müsabiqəsi Böyük Britaniyada keçirilib, çünki keçən il qalib gələn Ukrayna Rusiyanın işğalından sonra müsabiqəyə ev sahibliyi etmək üçün çox riskli hesab edilib.
Gələn il "Eurovision" həm də ABBA-nın həmin müsabiqədə debütünün 50 illiyinə təsadüf edəcək və pərəstişkarlar təşkilatçıların İsveçin ən populyar pop qrupuna hörmətlə yanaşacağını gözləyirlər.
"Eurovision" Mahnı Müsabiqəsinin icraçı direktoru Martin Österdal deyib: “EBU Malmö şəhərinin 2024-cü ildə "Eurovision" Mahnı Müsabiqəsinin ev sahibi şəhəri seçilməsindən çox məmnundur".
Müsabiqə ilə əlaqədar Malmöyə 40-a yaxın ölkədən nümayəndə heyətləri ilə yanaşı, 1000-ə yaxın akkreditasiyadan keçmiş jurnalist və bloqqerin də səfər edəcəyi gözlənilir. Ötən ilin yazında Liverpulda "Eurovision" Mahnı Müsabiqəsi keçiriləndə bu hadisə ilə əlaqədar yarım milyon insan şəhəri ziyarət etmişdi.
"Eurovision" Mahnı Müsabiqəsi ölkələri və insanları musiqi və mədəniyyət vasitəsilə bir araya gətirən Avropanın ən böyük birgə televiziya tədbiridir.