Ay camaat, bu kinodur?  – Gülməli kinomuzun ağlamalı günü
05 aprel 2023 17:11 (UTC +04:00)

Ay camaat, bu kinodur? – Gülməli kinomuzun ağlamalı günü

Artıq  neçənci dəfədir media nümayəndələri, tanış prodüserlər məni bəh - bəhlə ölkənin ən nüfuzlu, ən bahalı kinoteatrlarına film təqdimatlarına dəvət edirlər. Gedirəm baxıram və mat qalıram. Bu filmdirsə, mən niyə anlamıram,  (hərçənd mən özümü incənətdən, kinodan, teatrdan xəbərdar adam hesab edirəm) film deyilsə, nə üçün belə videogörüntüləri (buna başqa ad vermək günah olardı) film adıyla tamaşaçıya sırışdırmağa çalışırlar?

 Axı kinoteatrlarda biletin biri ən azı 7 -15  manat olur. Bu qədər pul verib  kinoya  gedən, keyfiyyətli film əvəzi telefonla çəkilmiş sadə bir şəbehə baxan adamın verdiyin pula nəinki heyfi gələr, üstəlik ağlı olsa itirdiyi vaxta görə kompensasiya da tələb edər.

 İşinin peşəkarı olan rejissorlar, operatorlar qalıb kənarda, kimin pulu varsa, yüngülvari sponsor tapıb, çəkib salır onu tələyə. Filmə aktyor əvəzinə ekranlarda görünüb populyarlaşmaq istəyənlər şəkilir. Hətta  bunun üçün pul verməyə hazır olanlar  var ki, şöhrət qazansınlar. Bu azmış kimi kütləvi səhnələrə, epizodlara da qohum- qonşuları çəkir. Hətta qonşuların ekranda görünməsi üçün  “filmə”  gərəksiz və bayağı kadrlar əlavə olunur.

Dünən təqdimatında iştirak etdiyim bir filmin 10 günə çəkildiyini dedi . Filmin çəkilişlərində cəmi iki peşəkar  iştirak edirdi, epizodlarda çəkilmiş  iki aktyor. Qalanlar filmi çəkənin qohum əqrəbaları. Yox, sözgəlişi demirəm, hamısı yığışıb filmə baxmağa gəlmişdi. 6-7 nəfər evdar qadın, uşaqları. Hətta birini danışdırdım da. Sanki “Oskar” mükafatı almış kimi ədayla oturmuşdular. Aralarında ən yaşlısı olan 70 yaşlarında xanımdan soruşdum ki, bu filmə sizi kim dəvət edib?

Dedi “film bizim evdə çəkilib, şərt qoşdum ki, məni də çəkin, evə kirayə haqqı istəməyim. Evimi görüb  paxıllıqdan çatlayan çatlayana qarışacaq”.

Bəh- bəh, kinomuzun yaranma şəraitinə bax bir.

Nə ssenari ssenaridir, nə filmin çəkiliş texnikası var, nə aktyor oyunu. Baxdığımız şeyə ən yaxşı halda həvəskarların oynadığı klip demək olar. Bu şəkildə film çəkib özünü biabır etmək hansı məcburiyyətdən yaranır bilmirəm. Onu bilirəm ki, filmə baxmağa gələn balaca bir uşaq da baxdığı şeydən bezib oturduğu yerdən qalxdı, gəlib hündürdən qışqıra-qışqıra “ay camaat, bu kinodur?” soruşdu.  Anası da qapazı başına vurub otuzdurdu yerə. Cəmiyyətimizin şəklidir bu, düz danışana ya dəli deyərik, ya da qapaz vurarıq.

Yadıma lap o məşhur “kral lütdür” hekayəsi düşdü. Lüt idi, amma kral yox, komediya adıyla çəkilib adamı ağladan kino.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar