“Evsiz qonşu”ların evindəyik...
Uzaqdan yeni bir ayaq səsi eşidəndə, bir kölgəni qaranlığını gördükdə sevinir bu evin sakinləri. Hər qapı açıldıqda "bu dəfə deyəsən bizimkidir gələn" deyib bir ümid çırağı yanır ürəklərində. Bir kiçik nəvazişə, doğma nəfəsə möhtac qalanlarla doludur bu məkan...
Bir də həyatın çətin üzündən bura sığınanlar arasında əsl sevgini tapanlar da var. Həbib dayı və Məleykə xanım kimi...
Ahıl şəxslər üçün sosial xidmət müəssisəsindən ümumi reportajımızı buradan oxuya bilərsiniz. İndi isə sizə yaşadıqları keçməkeşli həyatdan sonra bir-birinə sığınan cütlükdən danışacağıq.
Digər qocalarımızla sağollaşıb, Məleykə xanımın qapısına tərəf yaxınlaşırıq. Qapını döydüyümüz an gülərüzü ilə Məleykə Quluzadə bizi qarşılayır.
- Salam, gəlmək olar?
- Gəlin, gəlin.
- Eşitdik, həyatın çətin üzündən qorunmaq üçün Həbib dayı ilə bir-birinizə sığınmısınız.
- Biz bir-birimizə kömək edirik. Mən bacarmadığımı o, o bacarmadığını mən edirəm.
- Bəs niyə ayrı otaqlarda qalırsınız?
- Biz qulaq yoldaşıyıq. Mehriban qonşu kimi. Mən xəstələnəndə gecələr o, yanıma gəlir. Elə divara iki yumruq vuranda bir də görürəm yanımdadır.
- Siz gecələr divarı döyəndə yuxudan ayıla bilir?
- Hə e, bu dəqiqə göstərim sizə. Sistem vurdurmaqdan gəlib. Divarı iki dəfə döyəcəm, gələcək.
Məleykə xanım divarı döydükdən sonra Həbib dayının gəlməsini gözləyirik.
Həbib dayı gələnə qədər Məleykə xanımla necə tanış olduqlarını soruşuruq. Onun gözləri dolur və danışmağa başlayır...
- Həbiblə ailə həyatı qurmağımızın bir səbəbi var idi. Mən bura gələndə 60 yaşım vardı. O yaşda olmağıma baxmayaraq çox cavan görünürdüm. Elə bilirdilər ki, 30 yaşım var. Samirə xanımdan əvvəl bizim rəhbər Bəhruz müəllim idi. Burada yaşayan ahılların bəziləri düşmüşdü Bəhruz müəllimin üstünə.
“Bunu niyə bura qəbul etmisiniz. Yaşı düşmür. Çıxartdın bunu müəssisədən” deyirdilər. Hər gün mənim üstümdə qırğın olurdu. Bu getdikcə böyüdü və böyük problemə çevrildi. Elə bu zaman Həbib mənə dəstək çıxdı. Hamıdan qorudu. Elə sözlər danışdı ki, hamı ondan çəkindi.
Məleykə xanım söhbətimizi yarıda kəsib həyəcanlı bir səslə:
- A, Həbib gəlmədi. Bəlkə evdə yoxdur. Gözləyin, baxım gəlirəm.
Səs tonundan hiss olunur ki, “qulaq yoldaşı”nın gəlməməsi onu narahat etdi. Həyəcanlı, bir az da sevincək Məleykə xanım içəri girir.
- Yatırmış e, oyatdım gəlir. İndi sərf eləmir deyə ona görə gəlmirdi. Amma eşidirdi.
Həbib dayı içəri girir...
- O divarın döymə parolları var. Siz bilmirsiniz. Bayaq fərqli döydü, ona görə gəlmədim (gülür).
Müəssisənin rəhbəri Samirə Mehdiyevanın sözlərinə görə, Həbib Qəmbərov “Xalq artistidir”:
“Həbib dayı ən məşhur sakinlərimizdəndir. Xalq artistimizdir. Tamaşalarımızın baş rollarında oynayan, Şaxta baba obrazını canlandıran Həbib dayıdır. O, məktəb oxumasa da, elə bil incəsənəti bitirib”.
Elə bu zaman Həbib dayı deyir ki, Nurəddin Mehdixanlı məndən öyrənib Xalq artisti olub.
Həbib Qəmbərov:
- Danışığım ona görə yaxşıdır ki, 7 il birinci sinifdə oxumuşam. Naxçıvanda oxumuşam. Orada yaşayanların çoxu mənim vəziyyətdədir. Ona görə də naxçıvanlıların əksəriyyəti vəzifədədir. (gülür).
- Həbib dayı, deyəsən, Məleykə xanımın gözəlliyinə vurulmusunuz?
- A, yox e. O mənim yaraşığıma, boylu-buxunlu olmağıma vurulub. Görürsünüz, heç 75 yaşını göstərmir. Deməli mən ona yaxşı baxmışam.
Məleykə xanım gülməkdən uğunub gedir. Hiss olunur ki, Həbib dayının sözləri onun ürəyinə yağ kimi yayılır.
Məleykə xanım:
- Mən sənə yaxşı baxmışam e. Gözəlliyimə bax. Başıma bəladı.
- Yaxşı baxdığın üçün divarı yumruqlayıb çağırırsan məni? (gülür). Zarafat edirəm, onunla bir ömür həyat sürmək mənə xoşdu. Hər zaman onu bütün pisliklərdən qoruyaram. İnsanlığına görə ona hörmət edirəm.
Həbib dayı ikinci baharından danışır:
“Məndən 1 il sonra Məleykə bura gəldi. Onu tanıdım, insanlığını gördüm. Buna görə də ona evlilik təklifi etdim. Burda da tək yaşamaq çox çətindir.
Mən 3 ay xəstə yatdım. O, olmasaydı ölərdim. Ona da bir şey olanda mən baxıram. Qızım, sevgi boş şeydi. Yalandır. İki insan arasında məhəbbət olmalıdır. Məhəbbətdən hörmət yaranır. Ailədə bu olmasa, yaşamaq çətindir”.
Söhbət əsnasında Məleykə xanımın bundan öncə ailəsi olduğunu və ona görə bu yeni həyatından çox danışmadığı məlum olur.
Bu da belə... Bir kölgənin qaranlığına sığınıb Məleykə xanım və Həbib dayı. Onlar mehriban qonşu, qulaq yoldaşıdırlar. Bir-birilərinin harayına çatmaları üçün isə bir divar yumruğu yetərlidir…