Yaşasaydı, gələn il yanvarın 2-də bütün türk dünyası onun 80 illiyini qeyd edəcəkdi. Bu, şübhəsizdir.
Uzun saçlı, qalın bığlı, dərviş çuxalı.
Belə deyirdilər onun haqqında. Savaşın Barış qardaşıydı o. Oğlu danışırmış ki, İkinci Dünya müharibəsi zamanı əmisi dünyaya gəlir və onun adını Savaş qoyulurlar.
“İllər sonra insanlar sülh həsrəti ilə müharibənin bitməsini gözlədiyi bir vaxtda atam dünyaya gəlir. Atamın adı babasının adını Mehmet Abdi Mançonun adını yaşatmaq məqsədi ilə “Mehmet” qoyulur. Bibim İnci Mançonun dediyinə görə, onların Yusuf Ulucay adlı yaxınları 1942-ci ildə vəfat edib. Atam isə 1943-cü ildə anadan olduğundan Yusifin adını yaşatmaq məqsədi ilə adına Yusif adı da əlavə olunub”.
Amma necə deyərlər, adqoyma bununla da bitmir. Dünyaya gələndə çəkisi 6 kiloqrama yaxın olub. Ona görə də doğuş evindəki tibb bacıları “Tosun” adının qoyulmasını təklif ediblər. Və nəticədə sənəddə onun adı “Tosun Yusuf Mehmet Barış Manço” olaraq qeyd edilir. Amma 1954-cü ildə orta məktəbə gedərkən vətəndaşlıq qeydiyyatı şöbəsində adındakı “Tosun Yusuf” hissəsi çıxarır...
***
O, 2 yanvar 1943-cü ildə Üsküdarda doğulmuşdu. Konyalı Karamanco tayfasına məxsus ailədə. Barışın üç yaşı olanda valideynləri ayrılır. Qalatasaray Liseyində təhsil alır. Liseydə oxuduğu illərdə musiqiylə maraqlanır. Sonradan təhsilini Belçikada davam etdirir. Bu ölkədə Andre adlı şairlə tanış olur, ondan fransız dilini öyrənir. Bundan sonra Andre Barışın musiqisinə şeirlər yazır. Tezliklə, Barışı fransız radioları verilişlərə dəvət edirlər.
Amma Avropada çox qalmır, Türkiyəyə qayıdır. 1958-ci ildə ilk dəfə olaraq “Kafadarlar” qrupunu yaradır. O, bu dövrdə ilk bəstəsi olan “Dream Girl”ü ərsəyə gətirdiyi üçün Ankarada kiçik mükafatı layiq görülür.
1967-ci ildə Hollandiyada keçirdiyi bir qəza səbəbindən dodağında çapıq olduğu üçün bığ saxlamağa başlayır.
O, türk musiqisini rok və cazla qarışdıraraq, tamamilə yeni musiqi yaradırdı. Amma o zamankı Türkiyə cəmiyyəti Barışın qeyri-adi imicini, uzun saçlarını qəbul eləyə bilmirdi. Hətta buna görə, onun həyatı dəfələrlə təhlükə altında qalıb. Maraqlısı odur Ki, bu görkəmlə belə Türkiyə gözəllik yarışmasının kraliçası seçilmiş Əzra Balkanla evlənir. Təxminən bir ildən sonra bu münasibətə də son qoyulur. Sonuncu dəfə Lalə Çağlarla ilə qurur. Düz, ömrünün sonuna qədər onu tərk etmir.
Barışın həyatında ən ağır dönəm körpə qızını itirməsi oldu. Onun adını Gülpəmbə qoyubmuş. Onun “Gülpəmbə” mahnısındakı ağrı da bununla bağlıydı.
Barış Manconu dünyanın hər yerində, Avropadan Afrikaya, Yeni Zelandiyadan Cənubi Amerikaya qədər hər yerdə sevirdilər. TRT-1-də uşaqlar üçün əyləncəli proqram olaraq yayımlanan “7-dən 77-yə” 1988-ci ilin oktyabr ayından başlayaraq 1998-ci ilin iyun ayına qədər 378 dəfə ekrana çıxaraq rekord qırmışdı.
O, siyasətçi deyildi, heç bir partiyanın da üzvü olmayıb. Amma bir dəfə belə demişdi: "Xalq seçməli olsaydı, bilirəm ki, bütün Türkiyə məni seçərdi!”.
Əhməd bəy Ağaoğlunun nəticəsi, "Kurtalan Ekspres” qrupunun baş gitaraçısı Əhməd Gücənc deyirdi ki, ilk dəfə Bakıya Manço ilə gəlib.
“Barış mənim azərbaycanlı olduğumu bilirdi. Bizim gəlişimizlə bağlı verilən yemək ziyafətində Barış ayağa qalxaraq mənim azərbaycanlı olduğumu qeyd etdi. O zaman Heydər Əliyev mənə "Ata evinə xoş gəlmisən” dedi. Bu çox gözəl söz idi. Ruhu şad olsun. Məzarını ziyarət edib, ruhuna dualar oxudum”.
Tanınmış jurnalist Etibar Babayev onu nağıl qəhrəmanlarına bənzədirdi:
“Barış Mançodan söz düşəndə onun barəsində nağıl qəhrəmanı kimi danışmaq istəyirəm. Ona görə ki, Barış bizi günlük qayğılarımızdan ayıran, xəyallarımızı qanadlandıran, adilikdən aliliyə, adilliyə, aqilliyə səsləyən müdrik ozan simasında qəlbimdə yaşayır. Barış Manço təkcə doğulduğu məmləkətin deyil, bütün türk dünyasının fəxri vətəndaşı idi. Qitələr adlayıb, dağlar aşıb, səhralar dolaşıb, dərələrdən sel kimi, təpələrdən yel kimi keçib kimlərlə təmas qurmadı ki? Bir yandan qüdrətli dövlət başçıları, fövqəlgüc sahibləri, elm, sənət xadimləri, digər yandan sıravi insanlarla görüşüb müsahibə alardı. Barışın qazandığı ən ali mükafat insan selinin sonsuz məhəbbəti, tükənməz rəğbəti idi”.
O, 23 il əvvəl bu gün fevralın 1-də dünyasını dəyişdi. İnfarkt vurdu, ürəyi dözmədi, partladı. O ürək milyonlarla ürəyi isə yaraladı...