Xalq artisti : “Söz verirəm, gedib baxacam...”
27 iyul 2012 10:58 (UTC +04:00)

Xalq artisti : “Söz verirəm, gedib baxacam...”

Lent.az-ın məlumatına görə, “Bizə ideya lazımdır” devizi ilə keçirilən festivala tanınmış rejissor, xalq artisti Ağakişi Kazımov münasibət bildirərək deyib ki, bu, gənclərin teatra cəlb olunması üçün ən gözəl təşəbbüsdür: “Mən deyərdim ki, bu, çox aktualdır. Bilirsinizmi niyə? Üzdə olan sənətkarlarımız getdikcə qocalır, yaşlılar artıq səhnədən gedib. Azərbaycan teatrının inkişafı üçün təkanverici, ümidverici gəncləri axtarıb tapmaq lazımdır. Keçmiş zamanlarda xalq teatrları, dram dərnəkləri vardı, onların hazırladığı tamaşalar festivallarda nümayiş olunurdu. Ən əsası budur ki, bu dərnəklərdən gələcəyin gözəl aktyorları çıxırdı. Elə xalq artistlərimiz olan Rasim Balayev, Səməndər Rzayev, Mikayıl Mirzə - üç böyük sənətkar bir bölgənin dram dərnəyindən böyük sənət aləminə atılıblar. Sonradan isə o sənətkarlar Azərbaycan kinosu və teatrının dayağına çevrildilər. Bax elə gördünüz ki, festivalların əhəmiyyəti necə böyükdür”. Yeni nəsil yetişir, amma, hələ onların ortaya qoyduqları hamını heyrətləndirmir. Bunun üçün də zaman lazımdır, təcrübə qazanmalıdırlar. Deyim ki, torpaqlarımızın işğalı, bazar iqtisadiyyatına keçid və bir çox səbəblər adamların teatra olan məhəbbətini söndürdü. Mənim bir məqaləm var, orda yazmışdım ki, “Zaman Azərbaycan xalqının teatra olan məhəbbətini tərk etdi”. Amma biz belə festivallardan yeni, gənc istedadların üzə çıxacağına inanırıq. Buna ümid edirik”.

Xalq artisti bildirib ki, festivalın ekologiya mövzusunda olmağı alqışlanandır: “Təbii ki, aktyor gedib səhnədə ağac əkməyəcək, amma öz tamaşaları ilə ekologiya ilə bağlı fikirlərini tamaşaçıya aşılayacaq. Dramaturgiyamızda ekologiya mövzusunda çox az əsərlər yazılıb. Yazılanlarda da mövzunu dərindən işıqlandıra bilməyiblər. Əgər hansısa bir yazıçımıza desən ki, ekologiya mövzusunda bir əsər yaz, səhnələşdirək, ortaya mükəmməl bir əsər çıxarmayacaq. Çünki bu əsəri o adam yaza bilər ki, ekologiyadan başı çıxsın, bu mövzunu mənimsəsin”.

Ağakişi Kazımov festivalın gözəl nəticə ilə bitməsinə əminliklə ifadə edib: “Buna 100 faiz əminəm. Onlardan çox şey gözləyirəm. Bildiyimə görə, festival “Bizə ideya lazımdır” devizi ilə keçirilir. Çox gözəl, alqışa layiq, həm də cəlbedici bir devizdir. Gənclər üçün inanmıram ki, ideya kasadlığı olsun, onlar enerji ilə doludurlar. Məhz bu festivalın gözəl bir nəticəsinin olacağına inanıram. Teatrın əvvəlki hörmətini, şöhrətini özünə qaytarmaq, gənc, istedadlı nəsil yetişdirmək, insanları teatra cəlb etmək üçün belə festivallara böyük ehtiyac var. Mən söz verirəm ki, mütləq dəvət etsələr, gənclərin məhsulu olan o tamaşalara gedib baxacağam”.

Qeyd edək ki, festivala ssenarilər avqust ayının 12-dək [email protected] ünvanında qəbul olunur.

Əlavə məlumat üçün isə (012)562 3639 və (070) 399 3639 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz. Layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948

Oxşar yazılar